Rusiyadan gülünc: İrəvana “hərbi yük” adına saxlanan nədir?

Rusiyadan gülünc: İrəvana “hərbi yük” adına saxlanan nədir?

6 Aprel 2021 21:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya gömrük əməkdaşlarının Ermənistana hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator hissələrinin göndərilməsi cəhdinin qarşısını alması bizim üçün heç bir məna kəsb etmir. Bu və bu kimi xəbərlərlə guya hansısa işlər görüldüyü barədə mesaj ötürüb, ciddi məsələlərdən yayınmağa ehtiyac yoxdur. Rəsmi Moskva indiki halda İsgəndər-M raketlərinin Ermənistana necə verilməsi, Şuşaya kim tərəfindən atılması, Şuşada tapılan qalıqları haqda Azərbaycan cəmiyyətini silkələyən suallara aydınlıq gətirməlidir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiyanın Ural regional operativ gömrüyünün əməkdaşlarının Ermənistana hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator hissələrinin göndərilməsi cəhdinin qarşısını alması haqda danışakən açıq deyib.

O bildirib ki, Kreml ənənəvi olaraq gözdən pərdə asmaq üçün əhəmiyyətsiz xəbərlər tirajlayır:

“Bu gün dünyanın ən güclü kəşfiyyat orqanlarından biri Rusiyaya məxsusdur. Rusiya kəşfiyyatının xəbəri olmadan heç kəs İsgəndər-M kimi Rusiya silahlı qüvvələrinin asenalında olan məxfi bir silahı ələ keçirib müharibədə istifadə edə bilməz.

Rusiya açıqlama verməlidir ki, necə olur Ermənistana İsgəndər-M verilməyə-verilməyə qalıqları onun raketinin Şuşada tapılır. Bunun bu gün izahı verilməlidir. Bunun əvəzində 37 stabilizatorun Ermənistana göndərilməsinin qarşısının alınması kimi gülməli “əməliyyat” yayır. Azərbaycan ictimaiyyəti yəqin yaxşı xatırlayır ki, Rusiyadan 44 günlük müharibə zamanı Ermənistana hərbi yüklər daşınırdı, təyyarə ilə. Hətta bu yükləri Gürcüstan öz hava məkanından buraxmamışdı, ona görə də həmin yüklər İran ərazisindən çatdırılmışdı. Necə olur, o yüklərdən “xəbərsiz olan” gömrük indi stabilzator ələ keçirir?”

E.Şahinoğlunun sözlərinə görə, Rusiya gömrük əməkdaşlarının bugünkü “əməliyyatlaerı” 90-cı illərin Lev Roxlin hadisəsinə bənzəyir:

“1990-ci illərdə də bənzər hadisələr baş vermişdi. Rusiya Dumasının deputatı Lev Roxlin bir dəfə açıqlama verdi ki, Rusiya qeyri-qanuni Ermənistana bir milyard dollar silah ötürüb. Mərhum Prezident Heydər Əliyev həmin vaxt Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin qarşısında bu faktı qaldırdı. Rəsmi Moskva həmin vaxt məsələdən xəbərsiz olduğunu deyərək müvafiq komissiya yaratdı. Hətta komissiyada Azərbaycan təmsilçisi də baş nazirin keçmiş müavini Abbas Abbasov idi. Aydın məsələdir ki, hadisəni araşdırmaq üçün yaradılan komissiya Bakının gözündən pərdə asmaq üçün idi. Nəticə etibarilə elə də oldu. Lev Roxlin evində müəmmalı şəkildə qətlə yetirildi. Hadisə isə tədricən ört-basdır edildi.

Lakin bu gün Azərbaycan əvvəlki Azərbaycan deyil. ANAMA-nın aşkarladığı faktlar, video, foto, görüntülər var. Kreml mütləq şəkildə bu suallarına cavab verməlidir”.