Sabah Mübariz Mənsimov ev dustaqlığına buraxıla bilər

Sabah Mübariz Mənsimov ev dustaqlığına buraxıla bilər

4 Mart 2021 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah, martın 5-də Türkiyədə həbsdə olan azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov ev dustaqlığına buraxıla bilər. İstanbul prokurorluğu onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyir.

Oxuməni.az xəbər verir ki, dünən prokurorluq bu barədə təqdimat verib. Mübariz Mənsimovun işi üzrə martın 5-nə təyin edilmiş növbəti məhkəmə iclasında prokurorluğun təqdimatına baxılacaq.
İstanbul prokurorluğu təqdimatda qeyd edib ki, məhkəmə prosesinin gəldiyi mərhələni, verilən ittiham üzrə nəzərdə tutulan cəzanı, Mübariz Mənsimovun həbsdə olduğu müddəti, bundan əvvəl cinayətə görə şübhəli və ya təqsirləndirilən şəxs olmamasını nəzərə alaraq, onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi məqsədəuyğun hesab edilir. Amma həbsdən buraxılsa belə, məhkəmənin yekun hökmünə qədər Mənsimovun ölkədən çıxışı qadağan edilməlidir. Həmçinin qanuni zərurət olmasa, o, yaşayış yerini də tərk edə bilməz.
Azərbaycanlı iş adamı nir ilə yaxındır ki, həbs həyatı yaşayır. “Palmali” şirkətlər qrupunun rəhbərini 2020-ci il martın 15-də Türkiyədə Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində saxlamışdılar. Ona qarşı FETÖ-ya (Fətullah Gülən Terror Örgütü) üzvlük ittihamı irəli sürülüb.
Mənsimov yanvarın 13-də məhkəmədə ifadəsində ittihamları rədd edib: “Mən heç vaxt FETÖ-çü olmadım, deyiləm, ola da bilmərəm. Həbsdən buraxılmağımı istəyirəm. Mən heç zaman dövlətin iradəsinə zidd addım atmamışam. Tam əksinə, bütün şirkətlərimi Türkiyəyə gətirmişəm. Mənim 10 aydır həbsdə saxlanmağım şirkətimi müflis olmaq həddinə çatdırıb. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmir, ailələri pis vəziyyətdədir. Orada işləyən azərbaycanlılar və türklərdir. “Palmali”nin iflasa uğraması türk markasının yox olması deməkdir. Mənə heç kim FETÖ damğası vura bilməz. Mənim onlara necə nifrət ediyimi hamı bilirdi...”

Oxuməni.az