Ermənistanı yeni köç dalğası gözləyir

Ermənistanı yeni köç dalğası gözləyir

4 Dekabr 2020 08:49
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda müharibədən sonrakı sindrom və qeyri-stabil situasiya miqrasiyanın yeni dağlasını yarada bilər .

Oxuməni.az xəbər verir ki, bu barədə erməni ekspertlər danışıblar.

Qeyd edilib ki, hazırda Ermənistanın qarşısında ciddi çağırışlar seriyası dayanır, hökumətin onları həll edəcəyi isə sual altındadır. Ekspertlərin sözlərinə görə, hazırda miqrasiya dalğasının başlamamasına səbəb koronavirusa görə sərhədlərin bağlı olmasıdır.

Sosioloq Samvel Manukyan bildirib ki, müharibə qurtarsa da, ictimaiyyətdə yeni savaşın başlayacağı qorxusu davam edir. İşğaldan azad olunan ərazilərə azərbaycanlıların köçü ilə ermənilər “azərbaycanlıların nəfəsini” daha yaxından və daha böyük sərhəd çərçivəsində hiss edəcəklər ki, bu da indidən qorxunu artırır. O, Türkiyənin bu qorxunu və miqrasiyanı artıran əlavə güclü faktor olduğunu da qeyd edib. Sosial problemlərin artması, iqtisadi tənəzzül isə köçü bir növ körükləyir. Manukyan bildirib ki, miqrasiya dalğası başlayan kimi böyük əksəriyyət Rusiyaya gedəcək. Statistikaya görə, Rusiyada əməkçi miqrantların 20%-i Ermənistandandır:

“90-cı illərdə Rusiyaya gedənlər artıq orda yerləşiblər və onlar öz doğmalarının bu ölkəyə gəlməsinə dəstək verəcəklər”.

Ekspert ən yaxşı halda 1992-ci ilin təkrarlanacağını qeyd edib. Bildirib ki, rəsmi statistikaya görə, həmin vaxt ölkəni 230 min erməni tərk edib.

“Əgər sərhəd açılınca vəziyyət dəyişməsə, ilkin mərhələdə 150 min şəxs Ermənistanı tərk edəcək. Ancaq bu rəqəm iqtisadi və regional vəziyyətdən asılı olaraq, ciddi şəkildə dəyişə bilər”, - Manukyan deyib.

Manukyan deyib ki, hökumətin hələ şansı var:

“Pandemiya hələ bir neçə ay da davam edəcək və sərhədlər bağlı olacaq. Bu aylar ərzində insanların təhlükəsizliyi ilə bərabər, mütləq iqtisadi tənəzzüldən çıxmaq lazımdır. Rusiya və KTMT ilə əlaqələri gücləndirməklə müharibə qorxusunu aradan qaldırmaq olar. Ermənistanda bir və yaxud iki əlavə rus bazasının açılması da yaxı olardı. Rusiya ilə hökumətlərarası etibar yaradılmalıdır”.

O ki qaldı Ermənistanda iqtisadi inkişafa, sosioloq bildirib ki, bunun yeganə yolu Rusiya erməniləri ola bilər. Çünki hazırkı şəraitdə heç bir ölkə Ermənistana yatırım etməyəcək, investorlar da yaxın illərdə bu ölkənin iqtisadiyyatına sərmayə qoymaq istəməyəcəklər:

“Rusiyada yaşayan erməni zənginlər və Rusiyanın yüksək texnologiyalı şirkətlərinin cəlbi Ermənistanı xilas edə bilər. Böyük pullar olmadan iqtisadi infişafa nail olmaq mümkün deyil. Böyük pullar isə qeyri-stabil ölkəyə yatırılmır”.

Ermənilərin hər zaman destabilizasiya yaratdığını, Qafqazda hər zaman münaqişə törətdiyini “unudan” ekspert bildirib ki, Zaqafqaziya hər zaman qeyri-stabil olub, yalnız Rusiya bura müdaxilə edəndə “balans” yaranıb. Ona görə də ekspert Rusiya müdaxiləsi olmadan ölkəsinin iqtisadi inkişafını və stabilliyini mümkünsüz sayıb.

Ermənistan İqtisad Universitetinin şöbə müdiri Atom Markaryan isə ölkədə insanların “saxlanılması” üçün siyasi konsensusun rol oynaya biləcəyini qeyd edib. O deyib ki, hazırda bəzi müxaliflərin addımları ölkəni tam böhrana soxa bilər.

“Hakimiyyət də bilməlidir ki, hazırda ölkədə hökumətə inamsızlıq var. Əgər istefa vermək istəmirsə, onda referendum keçirsin”, - Markaryan deyib.

Markaryan iqtisadi gərginlikdən çıxmaq üçün 2021 büdcəsini dəyişmək lazım gəldiyini təklif edib.

“Birinci vəzifə qaçqınların təminatı, yaralıların müalicəsi və əlil hərbçilərin reabilitasiyası, ölən hərbçi ailələrinə yardımlardır. Bunlar həyata keçirilmədikcə heç nə düzəlməyəcək”.

Statistikanı təqdim edən ekspertlər bildiriblər ki, 2011-ci ildən Ermənistanı stabil olaraq hər il 41 min nəfər tərk edib. 2017-ci ildə - baş nazir Karapetyanın sayəsində iqtisadi irəliləyiş olduğu üçün bu rəqəm ikiqat azalıb və 21 minə düşüb.

2018-ci ildə - “məxməri inqilab”dan sonra ölkəyə inam artıb və gedənlərlə qayıdanların nisbəti dəyişib – 2018 və 2019-da 5-10 min adam geri qayıdıb.

İndi isə total miqrasiya üçün sərhədlərin açılmasını gözləyirlər.

Murad Şahməmmədov