ABŞ-da prezident seçkiləri: Qalib  Bayden, yoxsa Trampdır?

ABŞ-da prezident seçkiləri: Qalib Bayden, yoxsa Trampdır?

4 Noyabr 2020 12:08
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ-da prezident seçkiləri üzrə səsvermənin nəticələri hələ elan edilməsə də, namizədlərin hər ikisi özünü artıq qalib hesab edir.

Oxuməni.az xəbər verir ki, demokratların prezidentliyə namizədi Co Bayden və Ağ evin indiki rəhbəri Donald Tramp səsvermənin yekunlarına dair qısa bəyanatlarla çıxış ediblər. Onların hər ikisi özünü seçkilərin qalibi kimi görür, amma rəqəmlər sürətlə dəyişir.

“Biz inanırıq ki, qələbəyə gedən doğru yoldayıq”,-Bayden Delaver ştatında tərəfdarları qarşısında bildirib. O, qeyd edib ki, bülletenlərin sayılması ötən seçkilərdə olduğundan çox vaxt apara bilər, amma nəticələrin “yaxşı olacağını” hiss edir. Bayden Arizona və Pensilvaniya ştatlarında seçici kollegiyası üzvlərinin səslərini qazandığını açıqlayıb. O deyib ki, Minnesota ştatında da nəticələr onun xeyrinədir. Habelə Corciya ştatında seçkini udmaq şansı pis deyil. “Hazırda Viskinson və Miçiqanda da səslərin sayılması gedir, nəticələrin bizim xeyrimizə olacağına dair yaxşı hisslərimiz var”,-Bayden bildirib.

Co Bayden əlavə edib ki, nəticələr ola bilsin sabaha qədər tam məlum olacaq, amma ləngiyə də bilər. “Mən artıq bəyan etmişəm ki, bu seçkilərdə kimin qalib gəldiyini elan etmək nə mənim, nə Donald Trampın işi deyil. Bu, amerika xalqının qərarıdır. Lakin mən optimist əhvaldayam”,-o bildirib.

Respublikaçıların namizədi və indiki prezident Donald Tramp isə özünün Tvitter səhifəsindən Co Baydenin başçılığı ilə opponentlərini “onun qələbəsini oğurlamaq cəhdində” günahlandırıb. “Biz yüksəyə qalxmışıq, amma onlar seçkinin nəticələrini oğurlamaq istəyir. Biz heç vaxt buna yol verə bilmərik. Seçki məntəqələrinin bağlanmasından sonra səs verilə bilməz”,-o yazıb. Tramp əlavə edib ki, daha sonra geniş müraciətlə çıxış edəcək. “Böyük qələbə!”,-ABŞ prezidenti tvit-ini yekunlaşdırıb.

İlkin nəticələrə əsasən isə Bayden hələlik Trampı qabaqlayır və seçicilər kollegiyasının üzvlərinin 220-sinin səsini qazanıb. (Qələbə üçün 270 səs lazımdır). Tramp isə hələlik 210 kollegiya üzvünün səsini əldə edib. “Fox” telekanalı isə Baydenin 238 kollegiya üzvünün səsini qazandığını, Trampın səslərinin 212 olduğunu xəbər verib. Lakin CNN telekanalı Trampın Ohayo, Texas və Florida kimi mühüm ştatlarda irəlidə getdiyini bildirir. Bu ştatlarda səsvermənin nəticəsi həlledicidir.

Oxuməni.az