Ötən bazar  Avropada  koronavirusa yoluxmanın sayında yeni  rekord müəyyən edilib

Ötən bazar Avropada koronavirusa yoluxmanın sayında yeni rekord müəyyən edilib

21 Sentyabr 2020 14:09
Bəyəndim (3) Bəyənmədim (0)

Ötən bazar günü Avropa İttifaqına üzv ölkələrin bəzisində koronavirusa yoluxmanın sayında yeni sutkalıq rekord müəyyən edilib.

Oxuməni.az xəbər verir ki, təkcə Almaniyada sutka ərzində yeni pasiyentlərin sayı 2297 nəfərə çatıb. Portuqaliyanın hakimiyyət orqanları da həyəcan təbili vururlar: ölkədə sutka ərzində mindən çox yoluxma faktı qeydə alınıb. Bu ölkənin Baş Naziri Antoniu Kosta bəyan edib ki, əgər bu meyil saxlanılarsa, o halda təkrar karantindən yaxa qurtarmaq mümkün olmayacaq. O, vətəndaşları müəyyən edilən qaydalara etinasızlıq göstərməməyə çağırıb. Danimarka, öz növbəsində, sutka ərzində 454 yoluxma faktının aşkarlanmasından xəbər verib. Ötən həftənin əvvəlində Britaniyanın Baş Naziri Boris Conson ölkədə koronavirusun ikinci dalğasının başlanması barədə xəbərdarlıq edib və o, yanılmayıb: dünən digər Avropa ölkələrində olduğu kimi, bu ölkədə də yoluxanların sayında yeni sutkalıq rekord müşahidə edilib – 4422. İspaniya 14 min göstərici ilə sutka ərzində koronavirusa yoluxanların sayının antireytinqinin zirvəsindədir. Bu rəqəmlər yaz ayındakı pik göstəricilərdən 1,5 dəfə çoxdur. İspaniyanın ardınca ötən sutka ərzində 13,5 min yoluxma faktının müəyyən edildiyi Fransa gəlir.

Aİ-yə üzv ölkələrin çoxunun Səhiyyə Nazirliyi karantinin gücləndirilməsinə səsləyir. Virusoloqlar birinci mərhələdə kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulmasını və ictimai nəqliyyatdan istifadəyə məhdudiyyətlərin tətbiq olunmasını israr edirlər.

Ekspertlərin fikrincə, pasiyentlərin sayının artması aparılan koronavirus testlərinin sayının artması ilə bağlıdır. Avropa İttifaqı ölkələrinin hakimiyyət orqanları məcburi maska taxmaq rejimi, 50-dən yuxarı şəxsin bir yerə toplanmasına qadağa tətbiq ediblər, həmçinin restoranların iş vaxtı 22.00-dək məhdudlaşdırılıb. Koronavirus məhdudiyyətlərinə riayət olunmasına da ciddi nəzarət tətbiq edilib.

Oxuməni.az