Moskva-Ankara gərginliyi: Rusiya bu şəhərə girəcək?

Moskva-Ankara gərginliyi: Rusiya bu şəhərə girəcək?

18 Sentyabr 2020 15:05
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyanın İdlibə hücum təşkil edəcəyi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir. Çünki Suriyada Türkiyə və Rusiya arasında müəyyən bir razılaşma var. Yəni tərəflər üz-üzə gəlmək istəmirlər və koordinasiyalı hərəkətə üstünlük verirlər.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri politoloq İlqar Vəlizadə ötən gün Türkiyə və Rusiya hərbi heyətləri arasında keçirilən görüş haqda danışarkən axar.az-a açıqlamasında deyib.

O bildirib ki, Türkiyə və Rusiya hərbi heyətləri arasında keçirilən görüşün əsas səbəbi son günlər Suriyada vəziyyətin yenidən gərginləşməsidir:

“Xüsusilə Əsədə bağlı qüvvələrin Türkiyənin nəzarətindəki İdlibə tez-tez hücumlar etməsi tərəfləri növbəti dəfə bir araya gətirdi. Məsələ ondadır ki, koronavirus pandemiyası digər münaqişələrdə olduğu kimi, Suriyada da müəyyən bir fasilə yaranmasına səbəb oldu. Digər tərəfdən, Əsəd də qüvvələrini toplamağı bacarıb. Faktiki olaraq Rusiya Suriyada Türkiyə ilə koordinasiyalı şəkildə hərəkət etsə də, Ankaranın regionda bu qədər güclənməsi ilə barışa bilmir. Bu mənada görüş zamanı Rusiya Türkiyədən İdlibdəki əsgərlərinin sayını azaltmasını tələb edib. Lakin Rusiyanın tələbi Türkiyə tərəfindən rədd edilib. Bu səbəbdən hazırda tərəflər arasında gərginlik artıb.

Ankara martın 5-də imzalanan atəşkəs razılaşmasına riayət edilməsi ilə bağlı yenidən çağırış edib. Əgər Rusiya bu razılaşmaya əməl etməsə, Suriya münaqişəsi yenidən alovlana bilər. Bu isə regionda sabitliyin pozulması deməkdir”.

Qeyd edək ki, son vaxtlarda Rusiyanın İdlibə hücum təşkil edəcəyi haqda da məlumatlar yayılır.

Oxuməni.az