Antonio Quterreş: "COVID-19 bizi on illərlə geriyə ata bilər"

Antonio Quterreş: "COVID-19 bizi on illərlə geriyə ata bilər"

15 İyul 16:41
1 217
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya böhran içindədir; beynəlxalq birlik əvvəllər "normal” hesab edilən vəziyyətə hələ ki qayıda bilmir; dayanıqlı inkişaf prinsiplərinə əsaslanmış konkret və cəsarətli qərarlar qəbul etməyin vaxtı çatıb.

Bu, təşkilatın Baş katibi Antonio Quterreşin Dayanıqlı inkişaf problemləri üzrə Siyasi forumun iclasında səslənən çıxışının əsas tezisləridir.

BMT-nin Baş katibi deyib: "Gündəlik işimizdə biz daim çox sayda problemləri həll edirdik: yolverilməz yüksək yoxsulluq dərəcəsi, planetdə sürətlə pisləşən iqlim vəziyyəti, gender bərabərsizliyi və sosial proqramların maliyyələşdirilməsində nəhəng boşluqlar. Bu gün biz daha bir qlobal problemlə qarşılaşdıq. COVID-19 pandemiyasının yaratdığı böhranın ciddiliyi hamı üçün aydın olmalıdır”.

Antonio Quterreş bildirib ki, pandemiya dövründə koronavirusa yoluxanların sayı 12 milyon nəfəri ötüb. Yoluxanlardan 550 min nəfəri həlak olub. Cari ilin ikinci rübündə təxminən 400 milyon iş yerinə bərabər olan iqtisadi potensial itirilib. Dünyada 1870-ci ildən bəri əhalinin adambaşına düşən gəlirlərinin ən kəskin azalması müşahidə olunur. Tezliklə 70-100 milyon insan son dərəcə yoxsul vəziyyətinə düşə bilər. İlin sonuna təxminən 265 milyon insan, çox güman ki, kəskin qida çatışmazlığı ilə üzləşəcək – bu, böhrandan öncəki rəqəmdən iki dəfə artıqdır.

Çətin bir şəraitdə irəliyə doğru qətiyyətli sıçrayış etməyə ehtiyac duyduğumuz bir anda, COVID-19 bizi illər və hətta on illərə geriyə ata bilər, çoxlu sayda ölkələr isə nəhəng maliyyə problemləri və iqtisadi tənəzzül ilə üzləşmək məcburiyyətində qalacaqlar.

Antonio Quterreş tədbir iştirakçılarını beynəlxalq birlik üçün böhranın nəticələrini tam şəkildə təhlil etmək üçün Siyasi forumdan səmərəli istifadə etməyə və hazırda məhdud iqtisadi resurslara malik ölkələrə xüsusi diqqət yetirməyə çağırıb.

BMT-nin İqtisadi və Sosial Şurasının sədri Mona Cul forumdakı çıxışında etiraf etməyə məcbur olub ki, mövcud şəraitdə Dayanıqlı İnkişaf Məqsədləri proqramı, planlaşdırıldığı kimi, 2030-cu ilədək həyata keçirilə bilməz: "COVID-19 pandemiyası bizi kəskin şəkildə geriyə atdı. Ekspertlərin çoxu bəyan edirlər ki, cari böhran on milyonlarla insanı son dərəcə yoxsulluğa və aclığa sövq edə bilər. Dünyadakı ən kasıb, sosial və iqtisadi cəhətdən həssas insanlar indi ən böyük risk altındadır. Bütöv regionların yoxsulluq səviyyəsinə düşməməsi üçün var gücümüzlə qlobal əməkdaşlığı gücləndirməliyik”.

Baş Assambleyanın sədri Ticani Məhəmməd-Bande beynəlxalq ictimaiyyəti yaranan çətinliklərin öhdəsindən gəlmək üçün birləşməyə çağırıb. O vurğulayıb: "Əgər biz birlikdə hərəkət edib, bütün xalqlara və planetdə olan bütün canlılara hörmət göstərməsək, bəşəriyyət çoxsaylı böhranlar şəraitində sadəcə tab gətirə bilməz”. Baş Assambleyanın sədri bu kontekstdə insan hüquqlarına riayət etmək, bütün insanların sosial müdafiəsini təmin etmək, eləcə də təhsil, səhiyyə və infrastruktur layihələrinin inkişafına sərmayə qoymaq zərurəti üzərində ətraflı dayanıb.

Oxuməni.az