Liviya Milli Razılıq Hökuməti Həftərə qətiyyən güvənmir

Liviya Milli Razılıq Hökuməti Həftərə qətiyyən güvənmir

22 May 2020 09:23
Bəyəndim (0) Bəyənmədim (0)

Həftər bu gün faktiki olaraq küncə sıxışıb. Bunu həm özü, həm onu dəstəkləyən qüvvələr, həm də Liviyanın Milli Razılıq Hökuməti yaxşı bilir. Buna görə də Həftərin yenidən güclənməsinə yol verilməyəcək. Haftarın atəşkəs təklifinin qəbul edilməməsi Liviyanın Milli Razılıq Hökumətinin qəti şəkildə Həftəri məğlub etmək niyyətini ortaya qoyur.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri siyasi ekspert Vüqar Zifəroğlu Liviya Milli Ordusunun marşalı Xəlifə Haftarın ölkədə atəşin dayandırılması təklifini Liviya Milli Razılıq Hökuməti tərəfindən qəbul edilməməsini Axar.az-a açıqlamasında deyib. O bildirib ki, Liviya Milli Razılıq Hökuməti Həftərə qətiyyən güvənmir:

“Liviyada son beş ayda gedən siyasi proseslər onu göstərir ki, Liviyanın Milli Razılıq Hökuməti üstünlüyü ələ ala bilib. Həftər isə mövcud vəziyyətdən çıxış yolu axtarır. O, müdafiə mövqeyindədir və müttəfiqlərindən dəstək gözləyir. Bunun üçün isə vaxt azdır”.

Ekspert bildirib ki, Həftərin Ramazan bayramı ilə əlaqədar təklif etdiyi atəşkəs öz mövqelərini gücləndirmək və müttəfiqlərindən dəstək almaq məqsədi daşıyır:

“Münaqişənin müxtəlif zamanlarında bənzər atəşkəs təklifləri olub. Yəni burda yeni bir şey yoxdur. Hətta onu da deyim ki, bu atəşkəs razılaşmalarını hər dəfə Həftər pozurdu. Bu mənada Sərrac hökumətinin atəşkəsə razı olmaması təbiidir. Digər tərəfdən ilk dəfədir ki, Həftər atəşkəs təklifi edir. Bu fakt belə Həftərin Liviyada üstünlüyü itirdiyini sübut edir.

Düşünürəm ki, Həftərin Ramazan bayramı adı altında atəşkəs təklifi sadə hiylədən, vaxt qazanmaqdan başqa bir şey deyil”.

Ekspert bildirib ki, Həftər artıq onu dəstəkləyən güclər üçün bir yük halına gəlib:

“Həftərin Liviyada zəifləyən mövqeyi onu dəstəkləyən qüvvələrin də diqqətindədir. Heç təsadüfi deyil ki, ötən gün Avropa birliyi etiraf etdi ki, Həftəri dəstəkləməkdə böyük səhv ediblər və Liviyada sülhün tez bir zamanda bərpa edilməsi üçün Liviyanın Milli Razılıq Hökuməti ilə danışıqlara başlamağa hazırdırlar. Digər bir nüansı da qeyd edim ki, ABŞ Liviyada sülhün bərpa edilməsi üçün tərəfləri yenidən danışıqlar masasına oturtmağın vacibliyinə dair bəyanatlar verir. Bu və digər nüanslar onu göstərir ki, böyük güclər də Liviyada Həftərin məğlub olduğunu anlayır”.

Oxuməni.az