Putin hakimiyyətə nəzarəti itirir: Rusiya elitası yeni dövrə hazırlaşır

Putin hakimiyyətə nəzarəti itirir: Rusiya elitası yeni dövrə hazırlaşır

23 May 00:22
130
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın mövcud durumundan tam məlumatlı olan yüksək rütbəli məmurları arasında Ukrayna savaşının artıq uduzulduğu barədə qəti qənaət formalaşıb… Prezident Vladimir Putinin yaxın ətrafında, onu son çıxış yolu kimi, nüvə və ya kimyəvi silahdan istifadəyə məcbur etmək istəyənlərlə, buna müqavimət göstərən qruplar arasında mübarizənin olduğu iddia edilir…

Rusiyanın savaş resursları sürətlə tükənir. Bu barədə Qərb kəşfiyyat qurumları müxtəlif hesabatlar yayırlar. Hətta bu hesabatlar şişirdilmiş iddialar kimi qəbul edilsə belə, sərt senzuranın hökm sürdüyü Rusiyanın daxilindən sızan məlumatlar da vəziyyətin böhranlı həddə yaxınlaşdığını təsdiqləyir. Və böyük ehtimalla Kreml yaxın vaxtlarda vəziyyətdən çıxış yolu tapmasa, Ukrayna savaşını davam etdirilməsi Rusiya üçün “geopolitik intihar”la nəticələnə bilər.

Qərb xüsusi xidmət servisləri Rusiyanın Ukrayna poliqonuna öz hərbi potensialının təxminən 80 faizini cəmləşdirdiyini iddia edirlər. Bu potensialın önəmli bir hissəsi isə artıq sıradan çıxarılıb. İtirilmiş canlı qüvvənin və hərbi texnikanın yerini doldurmaq isə Rusiyanın sanksiyalar ilə dünyadan təcrid edildiyi bir şəraitdə o qədər də asan deyil.

Məsələ ondadır ki, Rusiyanın hərbi zavodları hərbi texnika və silah-sursat istehsalında ciddi problemlərlə üzləşirlər. Ən müasir hərbi texnikanın istehsalı üçün xarici ölkələrdən idxal olunan detallar və cihazlar çatışmır. Halbuki, Rusiyanın müasir hərbi texnikası Ukrayna ordusuna verilmiş NATO standartlarına uyğun silahlardan onsuz da geri qalır.

Rusiya canlı qüvvə itkilərinin yerinin doldurulmasında da ciddi proseslər ilə üzləşib. Çünki, Kreml bu problemi yalnız ümumi səfərbərlik elan etməklə, yoluna qoya bilər. Ancaq ümumi səfərbərlik Kremlə Rusiya daxilində siyasi-ictimai problemlər vəd etdiyindən buna cəsarət göstərmir. Və Kreml hələlik qeyri-rəsmi olaraq, məhdud sayda vətəndaşı orduya çağırmaqla, problemi həll etməyə çalışır.

Ancaq yaxın bir neçə ay ərzində Rusiyanın daha faciəvi vəziyyətə düşəcəyi proqnozlaşdırılır. Qərb ekspertlərinin hesablamalarına görə, Rusiyanın hərbi-texnoloji və iqtisadi resursları payız aylarında tamamilə tükənmiş olacaq. Kremlə qarşı sanksiyalar ucbatından Rusiyanın 2000-ci illərdən sonra yaradılan iqtisadi infrastrukturu demək olar ki, artıq tamamilə çökmə həddinə yaxınlaşıb. Qərb şirkətləri ilə əməkdaşlığı bərpa etmədən həmin infrastrukturu yenidən dirçəltmək demək olar ki, mümkün deyil. Üstəlik, Avropa Birliyi Rusiyanın xarici ölkələrdə olan bütün dövlət aktivlərinin Ukraynanın bərpasına yönəltmək üçün müsadirə olunmasını da təklif edir.

Təbii ki, bütün bunlar Rusiyanın necə bir dərin uçuruma yuvarlanmaqda olduğunu göstərir. Rusiyanın beynəlxalq blokada şəraitində nə qədər tab gətirə biləcəyi isə hazırda artıq Kremldən deyil, məhz rus xalqından asılıdır. Rusiyanın nəqliyyat naziri Vitali Savelyev də ölkənin çıxılmaz vəziyyətə düşdüyünə dolayısı ilə eyham vurub. O, öz sahəsindən misal gətirməklə, bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkədə bütün logistikanı praktiki olaraq, pozub: “Biz indi yeni logistik dəhlizlər axtarmağa məcburuq”.

Maraqlıdır ki, Rusiyanın beynəlxalq sanksiyalardan yan keçmək üçün nəzərdə tutduğu “gizli dəhlizlər” sırasında Ermənistan xüsusi yer tutur. Kreml Ermənistanı Rusiya üçün “paralel idxal” dövlətinə çevirməyin yollarını nəzərdən keçirməkdədir. Üstəlik, bu, Ermənistana da sərfəlidir.

Kremlin vəziyyətdən çıxış yolu kimi ümid bəslədiyi “paralel idxal” planına görə, Rusiyanın ehtiyac duyduğu malları Ermənistan istehsalçı ölkələrdən alacaq. Sonra isə həmin malları əlavə dəyər qoyaraq, Rusiyaya satacaq. Nəticədə Rusiya bir az baha da olsa, böyük ehtiyac duyduğu mallara, eləcə də, texnoloji materiallara sahib olacaq. Və sanksiyaların əzici nəticələrini nisbətən yumşaltmaq şansı qazanacaq.

Ancaq əldə edəcəyi qazanc rəsmi İrəvanı nə qədər şirnikləndirsə də, Rusiya planlaşdırdığı “paralel idxal” fırıldağı Ermənistanın çəkə biləcəyi yük deyil. Çünki, belə bir prosesin tam məxfi şəkildə reallaşdırılması qətiyyən real görünmür. Xüsusilə də, Ermənistan iqtisadiyyatı o qədər kiçikdir ki, hətta mövcudluğuna şübhə ilə ilə yanaşmaq da olar. Ona görə də, iqtisadiyyatı mövcud olmayan Ermənistanın xarici ölkələrdən müxtəlif məhsulları böyük partiyalarla idxal etməsi dərhal beynəlxalq qurumların diqqətini çəkəcək. Və bu, Ermənistanı dərhal beynəlxalq sanksiyalara məruz qoya bilər.

Göründüyü kimi, rəsmi İrəvan ABŞ və Qərbin arxasından dolanmağa hazır olsa belə, Ermənistan Rusiyanın “paralel idxal” planına qətiyyən uyğun deyil. Eyni zamanda, Ermənistandan fərqli olaraq, belə bir təhlükəli planda iştiraka həvəsli ölkələrin sırası da qətiyyən geniş deyil. Qazaxıstan sanksiyalardan yan keçmək üçün Rusiyaya yardım etməyəcəyini rəsmən bəyan edib. Digər KTMT ölkələri, o cümlədən, Belarus belə, Kremlin ucbatından dünyadan təcrid olunmaq istəmirlər.

Belə anlaşılır ki, Rusiyanın mövcud durumdan xilas olmaq üçün şansları o qədər də geniş deyil. Ümumiyyətlə, Rusiyanın çıxılmaz bir yola girdiyi artıq Rusiyanın siyasi elitasında da qəbul edilməyə başlayıb. Və bu səbəbdən də son vaxtlar Rusiyanın siyasi elitasından bəzi şəxslər öz təhlükəsizliklərinə təminat verilməsi şərtilə mövcud durumla bağlı Qərb qurumlarına məlumat sızdırırlar.

Maraqlıdır ki, sonradan Qərb mətbuatına ötürülən həmin məlumatlara görə, Rusiya xüsusi xidmət servislərinin rəhbərliyində Ukrayna savaşının artıq uduzulduğu barədə qəti qənaət formalaşıb. Rusiyanın hər şeydən məlumatlı elitasında hesab edirlər ki, uduzulmuş savaşda vəziyyəti dəyişə biləcək yeganə variant tam səfərbərlik ola bilər. Halbuki, Kreml kütləvi səfərbərliyin Rusiyada “sosial partlayışa” səbəb ola biləcəyindən ehtiyatlanır.

Onu da qeyd etmək lazımdır ki, iddialara görə, prezident Vladimir Putinin yaxın ətrafında onu son çıkış yolu kimi nüvə silahı və ya kimyəvi silahdan istifadəyə məcbur edə biləcək şəxslər var. Ancaq bunun qarşısını ala biləcək qruplar da mövcuddur. Ümumiyyətlə, hesab olunur ki, son vaxtlar prezident Vladimir Putin hakimiyyət üzərində nəzarəti tədricən itirməyə başlayıb.

Hətta Rusiyanın mövcud vəziyyətindən xəbərdar olan bəzi kəşfiyyat qurumlarında hakimiyyəti gözləyən təhlükələri bildiklərindən öz gələcəkləri barədə düşünməyə başlayıblar. Və bəzi yüksəkrütbəli kəşfiyyat məmurlarının Putindən sonrakı dövrə hazırlaşdıqları, öz ailələrini Rusiyadan çıxartmaq üçün imkan axtardıqları bildirilir.Musavat.com