"Kadırovçular talançı, rusiyalı "spesnaz" daha qəddar və qaniçəndir, Omsk desantçıları isə..."

"Kadırovçular talançı, rusiyalı "spesnaz" daha qəddar və qaniçəndir, Omsk desantçıları isə..."

19 May 16:52
249
Bəyəndim (0) Bəyənmədim (0)

Qostomel hava limanının əməkdaşı müharibənin ilk günlərini xatırlayıb

"Çeçenlərin ukraynalılara xüsusi münasibəti var, axı, birinci çeçen savaşında ukraynalı könüllülər Çeçenistan tərəfində vuruşub"

Ukraynada müharibənin lap əvvəlində uğrunda şiddətli döyüşlər gedən Qostomel hava limanı xidmətinin əməkdaşı Boqdan adlı ukraynalı "kadırovçular", rusiyalı xüsusi təyinatlılar və Omsk desantçılar arasında müqayisə aparıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiyanın "Meduza" nəşri yazıb.

Boqdan ailəsi və qonşuları ilə öz evinin zirzəmisində ələ keçirilən hava limanının düz qarşısında üç həftə keçirməli olub.

Evi atəşlərə məruz qalıb, burada gah "kadırovçular", gah rusiyalı xüsusi təyinatlılar, gah da Omsk desantı məskunlaşıb, martın ortalarında isə bütün yerli sakinlər zorla Belarusa köçürülüb.

Boqdan Rusiyanın hərbi müdaxiləsinin ilk günü haqqında danışıb və deyib ki, o, Rusiyanın hərbi helikopterlərini görüb:

"Haradasa nahar fasiləsində helikopterlərin uğultusu eşidilib. Mən "V" hərfli helikopterləri görəndə anladım ki, bizimkilər deyil. Mən həyat yoldaşım və qızımla zirzəmiyə sığındıq, qonşular da bizə qoşuldu və təxminən 40 nəfər olduq. Sonuncu adam zirzəmiyə düşəndə, içəridə zərbə dalğası hiss etdik. Mərmi düz binamızın girişi önünə düşüb, atəş birbaşa yaşayış məhəlləsinə yönəlib".

Ukraynalının sözlərinə görə, ertəsi gün şəhəri "kadırovçular" işğal edib.

"Mən zirzəminin qapısı ağzında idim və onların qışqırığını eşitdim: "Burada kimsə varmı?"

Mən cavab verdim, qapını açıb çıxdım. Üzərimdə axtarış apardılar, zirzəmidə daha kimlərin olduğunu soruşdular. Mən orada qadınların, uşaqların, bina sakinlərinin, hamısının mülki şəxslər olduğunu söylədim. O zaman onlar baxış keçirməyə başladılar. Zirzəmidə keçmiş döyüşçümüz vardı, o, tapançasını özü ilə gətirmişdi. Tapançanı görən kimi onlar həyəcanlandılar, qışqırmağa və tapança sahibini axtarmağa başladılar. Məndən kimin silahı olduğunu soruşdular, mən bunu bilmədiyimi dedim. Mən o evə yaxın zamanda köçmüşəm. Təxminən on dəqiqə sorğu- sualdan sonra tapança sahibi bunu etiraf etdi və onu küçəyə çıxardılar, sonra sərbəst buraxdılar. Sonradan o, danışıb ki, talançılardan qorunmaq üçün tapança gəzdirib".

Onun sözlərinə görə, çeçenlərin ukraynalılara xüsusi münasibəti var, çünki birinci çeçen müharibəsində Ukraynadan olan könüllülər Çeçenistanın tərəfində vuruşub.

"İndi, budur, "kadırovçular" deyir: "Biz sizdə olan millətçiləri axtarırıq, amma sizin millətçilər bizi müdafiə edib. Biz əvvəlcə Rusiya ilə vuruşurduq, lakin biz indi sülh şəraitində yaşayırıq, indi bizim Çeçenistan daha da yaxşılaşıb, biz onu yenidən dirçəltmişik, hər şey çox gözəl və al- əlvandır. Biz sizə yeni prezident təyin edəcəyik, böyük ehtimalla bu, Viktor Yanukoviç olacaq, Ukrayna çiçəklənəcək, Zelenski isə iki gündən sonra təslim olacaq, onu həbs edəcəklər", - Boqdan Kadırovun sözlərindən iqtibas gətirib.

Çeçenlər vurğulayıb ki, Qostomel sakinlərinin bəxti gətirib ki, şəhərə "kadırovçular" daxil olub, çünki rus hərbçiləri daha qəddar və qana susayandır:

"Deyirdilər ki, Qroznıda rus əsgəri mənzilə daxil olanda ilk öncə qumbara atıb. O zaman təmizləmə əməliyyatlarında Qroznı şəhərində çoxlu sayda dinc əhali həlak olub".

Boqdan danışıb ki, çeçeçlər mağazaları talan edib, yerli sakinlərin mənzillərinə soxulub yemək- içmək axtarıb:

"Çıxıb gedən ərəfədə onlar sevincək olub, zirzəmiyə düşüb, bizi bağrına basıb, qışqırıqla deyib ki, bizdən inciməyin, çünki onlar bizə "dəstək olub".

Bundan sonra biz öz mənzillərimizə qalxdıq, orada hər yerdə qəlyan, zir- zibil olub. Onlar əşyaları ələk- vələk edib qiymətli şeylər axtarıb, götürüblər. Çeçenlərdən biri mənə bir yığın pul gətirib, bunun nə olduğunu soruşub. Mən bunun köhnə sovet rublları olduğunu dedim və o, onları kənara atıb.

Çeçenlər Qostomeldən gedəndən sonra dərhal şəhərə rusiyalı xüsusi təyinatlılar daxil olub və həqiqətən daha aqressiv davranıblar:

"Əgər çeçenlər bizə evlərimizə gedib ərzaq və əşyalarımızı götürməyə icazə veribsə, xüsusi təyinatlıların zabiti dərhal qışqırmağa başlayıb: "Hara gedirsiniz? İkinci mərtəbədən yuxarı qalxsanız, sənə ayağından, sənə sinəndən, sənə isə başından güllə vuracağam".

Bir neçə gündən sonra rusiyalı xüsusi təyinatlılar çıxıb gedib, onları Omskdan olan desant əvəzləyib. Boqdan danışıb ki, bu, atəşlərdən demoralizə olan əsgərlər olub: onlar öz aralarında hərbi müqaviləni necə pozmağı müzakirə edir, Putini və onları Ukrayna ilə döyüşə göndərənləri lənətləyiblər.

Qostomel sakinləri onların "yaşıl dəhliz" vasitəsilə Ukraynanın işğal edilməyən ərazisinə təxliyə ediləcəyinə ümid edib, lakin rusiyalılar onlara Belarusa getməyi təklif edib.

"Biri gəlib deyib ki, yox, biz sizi Belarusa aparacağıq. İstəmirsinizsə, qala bilərsiniz, amma biz burada qonşu evlərdə olacağıq, bizim üzərimizə bombalar yağacaq. Bizə Kiyevə hücum etmək üçün platsdarm lazımdır, siz isə bizə mane olursunuz. Ona görə də hamınız burada ölmək istəyirsinizsə, öz seçiminizdir.

Bir çoxları qorxub ki, onları Belarusa yox, Rusiyaya, Rostova apara bilərlər. Martın 17- də səhər saat 6- da bizi təcili olaraq avtobuslara mindirib, Borodyanka, İvankiv və Çernobıldan Belarusa apardılar", - ukraynalı danışıb.