Zaxarovanın  Laçın dəhlizi ilə bağlı iddiaları... - Rusiya XİN-in sözçüsü nəyi unudur?

Zaxarovanın Laçın dəhlizi ilə bağlı iddiaları... - Rusiya XİN-in sözçüsü nəyi unudur?

23 Yanvar 2022 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Laçın dəhlizinin statusu ilə bağlı məsələ yenidən gündəmə gəlib. Bu dəfə dəhlizlə bağlı problem Azərbaycanla Ermənistan arasında deyil, Bakı ilə Moskva arasında polemikaya səbəb olub. 44 günlük müharibədən sonra yaranmış status-kvo İrəvanı proseslərdən xeyli kənara atıb, amma paralel olaraq Rusiyanın təsir imkanları artıb.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın yanvarın 20-də keçirdiyi brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekressin Xankəndiyə səfərinə sərt reaksiyası ilə bağlı verdiyi açıqlama Laçın dəhlizinin statsunu yenidən gündəmə gətirib.

Azərbaycan Prezidenti yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirmişdi ki, Xankədninə qanunsuz səfərlər Azərbaycanı qıcıqlandırır: "Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokommisar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz. Ona görə belə hallar baş verir, buna yol vermək olmaz qətiyyən və buna son qoyulmalıdır. Məndə olan məlumata görə, Qarabağa gələn Ermənistan nümayəndələri sülhməramlı missiyaya xarici vətəndaşların səfərləri ilə bağlı müraciətlər edirlər. Orada ya icazə verilir, ya da ki, verilmir. Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, “görməmişik, bilməmişik” demək, qeyri-ciddidir".

Mariya Zaxarova isə deyib: “Xatırladıram ki, 9 noyabr 2020-ci il bəyanatına əsasən Rusiya sülhməramlı kontingenti təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilib. Bu bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir. Azərbaycan Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyini təmin edir. Sülhməramlı əməliyyatın keçirildiyi rayona səfərlərin, o cümlədən xarici vətəndaşlar və beynəlxalq təşkilat və missiya əməkdaşlarının səfərlərinin qaydası Rusiya sülhməramlı kontingenti komandanlağının səfərlər üçün qaydası ilə müəyyənləşir. Bu qayda Azərbaycan və Ermənistan tərəflərinə yaxşı məlumdur. Ayrıca olaraq belə səfərlər barədə Rusiya sülhməramlılarına əvvəlcədən və lazımi qaydada müraciət olunması nəzərdə tutulub”.

Zaxarova vurğulayıb ki, bu qayda Azərbaycan və Ermənistan tərəflərinə yaxşı məlumdur. Onun istinadə etdiyi 6-cı bənddə isə bu qaydalar haqqında heç nə yazılmayıb. Həmin bənddə bildirilir:“Ermənistan Respublikası 2020-ci il noyabrın 15-dək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 2020-ci il dekabrın 1-dək Laçın rayonunu qaytarır, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarərinə keçir (eni 5 km). Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək. Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir”.

O zaman Rusiya XİN-nin bu bəyanatı necə qiymətləndirilməlidir?

Təhlükəsizlik məsələsləri üzrə ekspert İlham İsmayıl "AzPolitika.info"-ya şərhində bildirib ki, Mariya Zaxarovanın bəzən diplomatik etiketdən kənar saymazyana bəyanatlarına artıq yalnız biz deyil, dünya alışıqdır.

"Amma Zaxarova bu cür mövqe nümayiş etdirməklə həm də Rusiyanın iddiasını ortaya qoyur. Konkret olaraq Laçın dəhlizi ilə bağlı Zaxarovanın tonu da bu iddianı bir daha təsdiqləyir",-ekspert qeyd edib.

İ.İsmayıl əlavə edir ki, Azərbaycan Prezidentinin dəhlizə nəzarət imkanları barədə fikirlərindən sonra Zaxarova belə bir açıqlama verməklə erməniləri rahatlatmış oldu: "Buna hüquqi don geyindirmək üçün 10 noyabr razılaşmasını xatırladıb, Laçın dəhlizinə nəzarətin Rusiyanın müstəsna hüququ olduğunu vurğulayıb. Amma, Zaxarova unudur ki, elə həmin razılaşmaya əsasən Laçın dəhlizinin təhlükəsizliyi üçün Azərbaycanın öhdəliyi mövcuddur.

Əgər təhlükəsizliyə cavabdehlik varsa, deməli təhlükə yaratmaq imkanları da var. O mənada Valeri Pekress haqqında dövlət başçısının dediklərinin reallaşması tamamilə mümkün variant idi. Amma bu variant həm də Rusiya sülhməramlıları ilə qarşıdurmaya səbəb ola bilər. Ona görə də bizim dəhlizə müdaxiləmiz çox məhduddur”.

İ.İsmayılın fikrincə, belə bir durum “Zəngəzur dəhlizi”nin son statusu ( yol, yoxsa dəhliz) bəlli olana qədər davam edəcək.

"Azpolitika.info"