Rusiya-İran-Çin birgə hərbi təlimlərində əsas hədəf Amerikadır

Rusiya-İran-Çin birgə hərbi təlimlərində əsas hədəf Amerikadır

22 Yanvar 2022 12:55
Bəyəndim (1) Bəyənmədim (0)

“Rusiya-İran-Çin birgə hərbi təlimlərində əsas hədəf Amerika hərbi gəmilərinin okeanlarda hegemonluğunu əngəlləməyə çalışmaqdır”.

Oxuməni.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Hind-Sakit okean bölgəsindəki son gəlişmələrə diqqət çəkib:

“Rusiya, Çin və İranın dəniz qüvvələri bu gündən başlayaraq Hind okeanının şimal hissəsində hərbi təlimlərə başlayıblar. “Təhlükəsizlik kəməri-2022” adlandırılan hərbi dəniz təlimləri okeanın 17 min kvadratkilometr ərazisini əhatə edəcək. Təlimlərə hərbi hava qüvvələrinin də cəlb edildiyi xəbəri yayılıb. Üç dövlət bununla kifayətlənməyərək hərbi dəniz sahəsində gələcəkdə birgə təlimlər keçirəcəklər. Bu təlimlər terrorçulara, dəniz quldurlarına və qaçaqmalçılara qarşı aparılan mübarizəni təkmilləşdirmək məqsədi kimi göstərilsə də, əsas hədəf Amerika hərbi gəmilərinin okeanlarda hegemonluğunu əngəlləməyə çalışmaqdır. Bu təlimlər yalnız Amerikanı deyil, İran və Çinlə gərgin münasibətləri olan dövlətləri də narahat edir.

Əlbəttə, hərbi təlimlər istənilən dövlətin daxili işidir. Ancaq əgər hərbi təlimlərə qoşulan ölkələrin sayı birdən çoxdursa, demək təlimlərdə hədəf yalnız silahlı qüvvələri gücləndirmək deyil, rəqiblərə mesaj göndərməkdir. Böyük ehtimalla Rusiya-Çin-İran hərbi təlimlərinə qarşı elə həmin əraziyə yaxın hissədə ABŞ-ın müttəfiqləri və tərəfdaşlarıyla hərbi təlimlər keçiriləcək. Amerikanın isə həmin bölgədəki müttəfiqləri – Yaponiya, Avstraliya və Hindistandır. Buna baxmayaraq, Tokio, Kanberra və Dehli bölgədə qarşıdurmanın daha da gərginləşməsini istəmirlər”.