Moskva və Kiyev Ərdoğanın sözünü dinləyəcəkmi? - Minskdən sonra Ankara

Moskva və Kiyev Ərdoğanın sözünü dinləyəcəkmi? - Minskdən sonra Ankara

19 Yanvar 2022 16:51
Bəyəndim (0) Bəyənmədim (0)

Müharibə Ukrayna və Rusiyanın qapılarını döyür. Hər iki ölkə hərbi toqquşma ehtimalını rəsmən dansa da, sərhədlərədə qoşunların cəmləşdirilməsi davam edir.

Oxuməni.az xəbər verir ki, informasiya mənbələrinin lentlərində Böyük Britaniyanın Ukraynaya silahla dolu 5 təyyarənin göndərdiyini, hətta kanadalı xüsusi təyinatlıların da bu ölkəyə gəlməsi görünüb. Rusiya da Krımda cəbhəxananı doldurur.

Gərginliyin hazırkı anında ABŞ-ın Dövlət Departamentinin katibi Entoni Blinken Kiyevə səfər edib.

NATO-nun Şərqə doğru genişlənmə planına qarşı çıxan Kreml, bəzilərinin iddia etdiyi kimi, sadəcə güc nümayiş etdirir, yaxud bu blefdir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna toqqşuşmasını real saymır. Bununla bərabər, o ötən günkü açıqlamasında qeyd edib ki, mövcud vəziyyəti Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edəcək.

Həmin açıqlamanın maraqlı tərəfi NATO ölkəsi olan Türkiyənin Rusiyanı mövcud ola biləcək Ukrayna işğalından çəkindirməsidir. Ərdoğan hər iki prezidenti Zelenski və Putini Ankaraya dəvət etməkdən də çəkinməyib.

Təklifə tərəflər hələ heç bir cavab verməyib.

2014-cü ildə Minsk protokulunu imzalayan Normandiya formatının səmərəsiz qalması da gözlərdən qaçmır. Doğrudur, Fransa prezidenti Emmanuel Makron bu formatın yenidən dirilməsi üçün canfəşanlıq edir. Lakin ümumən Ukraynanı müharibədən çəkindirmək yerinə, qərbli rəsmilər bu sabiq postsovet dövlətini Rusiyanın üstünə getməsi üçün qızışdırırlar.

Söhbət Minsk razılaşmasından və Normandiya dördlüyündən (Fransa, Almaniya, Rusiya, Ukrayna) getdikdə, istər-istəməz 30 il Azərbaycana Qarabağ münaqişəsini nizamlayacağı vədi verən ATƏT-in Minsk qrupu düşür. Bu iki Minsk arasında bərabərlik işarəsi qoyulmalıdır.

Bəs, Ərdoğanın münaqişəni qansız-qadasız həll etmək təklifi?

Türkiyə, şübhəsiz, NATO ölkəsi kimi Moskvada etibar doğurmaya bilər. Digər bir səbəb rəsmi Ankaranın Krımın ilhaqını qəbul etməməsidir. Sadalanacaq üçüncü səbəb Türkiyənin Ukraynaya modern silahlar tədarüküdür. Lakin həm Ankara, həm də Moskva münaqişələrin çözülməsi üzrə nümunələrə malikdir. Suriya, Liviya və Qarabağın timsalında iki dövlətin iti bucaqları necə hamarladığını əyani görmək mümkündür. Odur ki, Kremlin sərt Qərb tərəfdaşlarla müqayisədə Ərdoğanın təklifinə qulaq kəsiləcəyi inandırıcı görünür.

Ukrayna Ankara platformasına necə yanaşacaq?

Təklifə və dəvətə isti yanaşılacağı ehtimalı yüksəkdir. Amma tərəflər Ankara platformasından lazımınca faydalana biləcəkmi?

Bunu sadəcə zaman göstərəcək.yenisabah.az