ABŞ-dan Yunanıstanı şoka salan addım:  “EastMed” layihəsi rədd edilib

ABŞ-dan Yunanıstanı şoka salan addım: “EastMed” layihəsi rədd edilib

12 Yanvar 13:37
87
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Yunanıstanın İsrail və Cənubi Kiprlə birgə hazırladığı “EastMed” təbii qaz boru kəməri layihəsini yüksək qiymətə və ətraf mühitə uyğun olmadığına görə faydalı olmadığını açıqlayıb.

Oxuməni.az xəbər verir ki, yunan mediası Vaşinqtonun bu addımını Ankaraya yaxınlaşmaq üçün edilən cəhd kimi qiymətləndirib.

Məlumat üçün deyək ki, Afinanın böyük ümid bəslədiyi “EastMed” təbii qaz kəməri layihəsinə ABŞ qırmızı vərəqə göstərdikdə Şərqi Aralıq dənizində balanslar Türkiyənin xeyrinə dəyişir. Yunanıstan, İsrail və Cənubi Kipr administrasiyasına göndərilən “məcburi olmayan sənəd”də mövqeyini açıqlayan ABŞ Dövlət Departamenti layihəni yüksək maliyyə tutumu ilə yanaşı, siyasi baxımdan da faydalı görmədiyini açıqlayıb. Sənədə layihənin ekoloji baxımdan təmiz olmadığı da əlavə olunur.

Yeri gəlmişkən, Türkiyənin qitə şelfindən keçsə də, Ankaradan yan keçən layihəyə ABŞ-ın bu münasibəti Afinanın və Cənubi Kipr administrasiyasının məyusluğuna səbəb olub. Yunan mediası ABŞ-ın bu addımını “Vaşinqton Ankaraya göz yumdu, ABŞ Türkiyənin maraqlarına xidmət edir” kimi şərh edir.

“EastMed”in uğursuzluğunun Afinaya və Cənubi Kiprə zərər verəcəyini yazan “Kathimerin” qəzeti ABŞ-dan dəstəyini geri çəkməsi qarşısında səssiz qalan İsrailin “itirəcək bir şeyinin olmadığını” bildirib. Qəzet qeyd edib ki, İsrail təbii qazının bir hissəsini Misirə, bir hissəsini də əlaqələri yaxşılaşdırmağa başladığı Türkiyəyə ixrac edə bilər.

“Ta Nea” qəzetində “ABŞ-ın qərarı Yunanıstanın Şərqi Aralıq dənizi siyasətinin əsas elementlərindən birinin ölüm şəhadətnaməsidir” kimi şərh edilir.

Yunan hökuməti də 2020-ci ilin yanvarında imzalanan layihənin ABŞ-ın dəstəyi olmadan həyata keçirilə bilməyəcəyini qəbul etməyə başlayıb. Hökumət sözçüsü Yanis İkonomudan “EastMed” üçün planların dəyişib-dəyişmədiyi haqda danışarkən deyib ki, Afina bu layihəni əvvəldən dəstəkləyib: “Eyni zamanda, iqtisadi və texnoloji cəhətdən reallaşma ehtimalı daha yüksək olan layihələri də dəstəklədik”.

2020-ci ilin yanvarında Afinada imzalanmış saziş İsrail, Cənubi Kipr və Yunanıstan üçbucağında uzunluğu təxminən 2000 km olan təbii qaz kəmərinin tikintisini nəzərdə tutur. 7 milyard avroya başa gəlməsi və ildə 10 milyard kubmetr təbii qazın Avropaya daşınması gözlənilən layihə Türkiyə qitə şelfindən keçməklə Türkiyəni sıradan çıxarırdı.