“Mossad”ın izlədiyi killer Orxan Əsədovun işi üzrə məhkəmə başlayır

“Mossad”ın izlədiyi killer Orxan Əsədovun işi üzrə məhkəmə başlayır

7 Dekabr 2021 13:38
76
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin sentyabrında Kiprdə həbs edilən, milyarder Tedi Saqi də daxil olmaqla bəzi israilli biznesmenləri öldürmək üçün İran xüsusi xidmət orqanlarının sifarişi ilə göndərildiyi bildirilən azərbaycanlı killerin işi üzrə məhkəmə başlayır.

Oxuməni.az Kipr mənbələrinə istinadən xəbər verir ki, 38 yaşlı Orxan Əsədovun və onunla əlbir olan 5 digər şübhəlinin məhkəməsi dekabrın 16-da Nikosiya andılar məhkəməsində başlayacaq. Məhkəmənin qapalı olacağı bildirilir. Kipr hakimiyyəti bu vaxta qədər həmin şəxsin kimliyini açıqlamayıb, amma KİV-lər söhbətin Rusiya vətəndaşı Orxan Əsədovdan getdiyini müəyyən ediblər.

Azərbaycanlı killerin planında iştirak üçün cəlb edilən şübhəlilərdən 4-ü pakistanlıdır, “fast-fud” daşıyan kuryerlərdir, biri isə livanlıdır. 6 şübhəliyə qarşı cəmi 8 ittiham irəli sürülüb, bura qətl törətmək üçün əvvəlcədən əlbir olmaq, cinayətkar qruplaşmaya mənsub olmaq, qanunsuz odlu silah əldə edib saxlamaq və terrorçuluq da daxildir.

Xatırladaq ki, həmin azərbaycanlı Rusiya pasportu daşıyır, Moskvada yaşayıb və orada xırda ticarətlə, taksi xidməti ilə məşğul olub. Onun Rusiyada “Əhli beyt” cəmiyyətinin üzvü olduğu bildirilir, telefonundan “Hizbullah”ın təbliğat videorolikləri tapılıb. Bildirilir ki, azərbaycanlını neçə vaxtdır İsrailin “Mossad” kəşfiyyat xidməti izləyib və o, israilli biznesmenləri öldürmək üçün Kiprə gedəndə bu haqda həmin ölkənin xüsusi xidmət orqanlarına informasiya verilib. Həmin informasiya əsasənda Kipr polisi azərbaycanlını izləməyə başlayıb və onu “son anda, qətlin bir addımlığında olarkən” saxlayıb. Onun üzərində səsboğuculu tapança və 3 mobil telefon aşkarlanıb. Daha sonra azərbaycanlı killerlə əlbir olan digərləri müəyyən edilərək həbs olunub.