Rusiyanın Ukraynaya hücumu NATO ilə toqquşmaya səbəb olacaqmı?

Rusiyanın Ukraynaya hücumu NATO ilə toqquşmaya səbəb olacaqmı?

2 Dekabr 2021 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Ukrayna sərhədləri boyu bir aydan çoxdur durmadan qoşun cəmləşdirdiyi, ABŞ və digər NATO ölkələrinin Kremlin Ukraynaya hücuma hazırlaşdığı haqda bəyanatlar verdiyi bir vaxtda bu dəfə Moskva hərəkətə keçib.

Oxuməni.az xəbər verir ki, bu gün bir-birinin ardınca həm Rusiya XİN, həm Dövlət Dumasının üzvləri və Kreml Ukraynanın Donbassdakı münaqişə zonasına qoşun cəmləşdirdiyini bəyan edərək narahatlıq ifadə ediblər. Analitiklərə görə Moskvadan səslənən bu bəyanatlar Ukrayna üzərinə mümkün hücum üçün informasiya-təbliğat kampaniyasının yeni mərhələsinin başlamasına dəlalət edə bilər.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, Ukrayna öz ordusunun yarısını Donbass münaqişəsi zonasına cəmləşdirib. “Ukrayna Silahlı Qüvvələri hərbi güc cəmləşdirir, ağır texnikanı, şəxsi heyəti çəkib gətirir. Bəzi məlumatlara görə, münaqişə zonasında Ukrayna qoşun qruplaşmasının sayı 125 min nəfərə çatır, bu isə bilməyənlər üçün deyim ki, Ukrayna ordusunun yarısı deməkdir”,-Zaxarova deyib.

Onun ardınca Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Aleksey Çepa Ukraynanın Donbass münaqişəsi zonasına hərbi texnika və canlı qüvvə cəmləşdirməsindən narahatlıq ifadə edib. Deputat onu da bildirib ki, Ukrayna Qərbdən “böyük həcmdə” silahlar alır. Aleksey Çepa Ukraynanın hərəkətlərinin “ciddi nəticələrə səbəb ola biləcəyini” deyib. Onun sözlərinə görə, Kiyev Minsk razılaşmalarını yerinə yetirməyib və indi də bunu etməkdən imtina edir. Rusiya isə “təxribatlara yol verilməməsi üçün” bütün mümkün olanı edir.

“Biz Ukrayna xalqı üçün heç vaxt pis nəsə etməyə cəhd etməmişik. Bütün baş verənlər Kiyevdəki Amerika səfirliyindən verilən göstərişlərin yerinə yetirilməsidir”, - Çepa deyib.

Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da Ukraynanın Donbassdakı təmas xəttinə qoşun cəmləşdirməsindən “dərin narahatlıq” ifadə edib və bunu “təhlükəli avantüra” adlandırıb. Peskov qeyd edib ki, Moskva deeskalasiya üçün heç bir tədbir görməməyi özünə rəva bilməz. “Biz münaqişə zonasına 120 mindən çox hərbçinin cəmləşdirildiyi haqda xəbərləri görmüşük. Məhz bu fakt Kiyevdə Donbassdakı vəziyyəti güc yolu ilə öz xeyrinə həll etmək əhval-ruhiyyəsinin üstün gələ biləcəyinə dair bizim narahatlıqlarımızı artırır”, - Peskov bildirib.

Xatırladaq ki, ABŞ kəşfiyyatı Rusiyanın Ukraynaya irimiqyaslı hücum üçün şaxtaların düşməsini gözlədiyi barədə xəbərdarlıq edib. Bu isə dekabrın sonlarına, yanvarın əvvəllərinə təsadüf edə bilər. Hücum üçün bəhanə qismində Ukraynanın Donbassda “təxribatlar törətməsi və hücuma keçməsi” barədə iddialar əsas götürülə bilər. Hansı ki, Rusiya Donetsk və Luqansk sakinlərinə kütləvi şəkildə pasport paylayıb, onları öz vətəndaşları adlandırır.virtualaz.org