İranın “iyirmi illik şirin yuxu”su sona çatır – Türk ekspertdən şok iddia

İranın “iyirmi illik şirin yuxu”su sona çatır – Türk ekspertdən şok iddia

1 Dekabr 2021 16:04
189
Bəyəndim (0) Bəyənmədim (0)

“Türkiyə” qəzetinin yazarı, siyasi ekspert Məhmət Şahin İran mətbuatında hər gün Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan əleyhinə yazıların dərc olunmasına diqqət çəkib.

Oxuməni.az xəbər verir ki, müəllif İranda uzun müddətdir Türkiyə və Ərdoğana qarşı qəribə kampaniyanın aparıldığını yazıb.

Onun sözlərinə görə, İran mətbuatında az qala hər gün Türkiyə və Ərdoğanla bağlı neqativ xəbərlər yer alır:

“Türkiyə və Ərdoğan əleyhinə münasibət sərgiləmək gündəlik “qaralama seansı”na çevrilib. Bu yanaşmanın təsadüfi olduğunu söyləmək çətindir. Dünya, xüsusən də İran və iranlılar bilir ki, İran kimi bir ölkədə media rejimin nəzarəti altındadır.

Rejimin xəbəri və təlimatı olmadan “seans”a çevrilmiş qaralama kampaniyası mühüm bir ölkəyə və onun prezidentinə qarşı aparıla bilməz. Əslində Türkiyəyə qarşı qarayaxma seansındakı açıqlamaların çoxu birbaşa rejimin nəzarətində olan mediada yer alır və bunu açıqlamaları ilə dəstəkləyənlər ya İnqilab Keşikçiləri Korpusunda, ya da mühüm bir dövlət qurumunda təmsil olunurlar.

Ərdoğanın pis çəkilmiş şəkillərindən məqsədyönlü qaydada istifadə edildiyinə, başlıqların çox vaxt xüsusi olaraq seçildiyinə şahid oluruq. Demək olar ki, iş-güclərini buraxıb vaxtlarını Türkiyə və Ərdoğanın gördüyü işlərə sərf edirlər.

Qəzetlərin manşetlərində tez-tez Türkiyə əleyhinə yazılar verilir. Bəzi xəbərlərə və müsahibələrə baxdıqda onların “Türkiyə və Ərdoğan İranın ən böyük düşmənləridir” tezisi üzərində işlədiklərinin şahidi oluruq.

Aydın şəkildə danışmaqda fayda var; İran son illərdə regionda uduzanlardan biridir. Bir tərəfdən öz xalqını daxildə razı sala bilmir, digər tərəfdən bölgədə mühüm mövqelərini itirir.

2000-ci illərin əvvəllərində, yəni 2001-ci il sentyabrın 11-dən sonra ABŞ-ın Əfqanıstana müdaxiləsi və Taliban hərəkatını ortadan qaldırması, daha sonra İraqı işğal etməsi və Səddamın devrilməsi ən çox İran rejimini sevindirdi. Yumşaq desək, İran ABŞ-ın bölgəyə müdaxiləsində yardımçı rol oynadı. Təbii ki, bu münasibət müəyyən sahələrlə əməkdaşlıq formasında davam etdi. İran ABŞ sayəsində həm Talibandan, həm də Səddamdan xilas oldu.

ABŞ-ın regional müdaxilələrindən sonra İranın bölgədə nüfuzunun artmasından, yenidən canlanan “şiə geosiyasəti”ndən, İranın qolunun uzanmasından, Qasım Süleymani, İnqilab Keşikçiləri və “Qüds” briqadasından danışılmağa başladı.

İran yazılan, cızılan və xüsusilə irəli sürülən fikirlərin təsiri ilə yanlış yol seçdi. 1979-cu ildən mühasirədən çıxmaq üçün qonşuları ilə əməkdaşlığı inkişaf etdirmək əvəzinə, geosiyasi ambisiyalarla hərəkət etməyə üstünlük verdi. Gəldiyimiz nöqtəyə baxanda İranın əlində sıfır var. O, geosiyasi ambisiyalarla hərəkət etdiyi bütün sahələrdə uduzdu. İran xalqının embarqo altında zorla əldə etdiyi sərvətləri rejim boş xəyallar naminə israf etdi”.

Məhmət Şahinin sözlərinə görə, artıq 20 ilə yaxındır ki, İrandakı rejim “burda bizim tarixi fürsətimiz var” deyib, geosiyasi ambisiyalarla hərəkət edir:

“Bu gün geriyə baxanda İran “qalib gəldim” dediyi yerdə uduzdu. Hələ onun xərclədiyi insan və maliyyə resurslarını demirəm.

İran Qarabağ/Qafqaz, İraq və Əfqanıstan kimi geosiyasi baxımdan ən iddialı olduğu yerlərdə də məğlub oldu. Suriya, Yəmən və Livan kimi yerlərdə xərcləri ödəməyə davam edir.

Ötən il Azərbaycanla Ermənistan arasında “44 günlük müharibə” kimi tarixə düşən Qarabağ savaşının Azərbaycanın qələbəsi ilə başa çatması İranı narahat edib. 1990-cı illərin əvvəllərində Qarabağ və ətrafı işğal olunanda Ermənistanın tərəfində olan İran son müharibədə istədiyi tam dəstəyi verə bilmədi. Türkiyə isə tərəddüd etmədən Azərbaycanın haqlı davasının yanında oldu.

İran Qafqazdakı işğalçı müttəfiqini qoruya bilmədi. Yəni şərait İrana 1990-cı illərdəki kimi davranmağa imkan vermədi. İndi İranın qarşısında iki yol var: ya əvvəlki kimi geosiyasi ambisiyalarla hərəkət edərək işğalçı Ermənistanın yanında olmağa davam edəcək, ya da “Qafqaz Altılığı”nda yer almaqla sabitliyin bir hissəsi olacaq.

İkincisi, İraqda keçirilən son seçkilərdə iranpərəst partiyaların məğlub olması da İranı narahat edib. İran 2003-cü ildən başladığı İraqın daxili siyasətinə müdaxilədən əl çəkmək istəmir. İraqlılar şiə olsalar da, İranın müdaxilələrindən xilas olmaq istəyirlər. Seçki prosesi və nəticə bunu göstərir.

Üçüncüsü, Talibanın ABŞ-la razılaşaraq yenidən Əfqanıstanda hakimiyyəti ələ keçirməsi İranın arzuladığı şey deyil. Bu, onun üçün arzuolunmaz nəticə üzə çıxarıb.

İran iyirmi il əvvəl gördüyü “geosiyasi yuxu”nun sürətlə sona çatmasının şahidi olur. Sözügedən yuxunun pis nəticələnməsində ən böyük pay rejimin özünə aiddir. İdarəedilməz “geosiyasi ambisiya” və əməkdaşlıqdan uzaq münasibət İranı “məğlubolanlar klubu”nun başına keçirib.

Son günlər Türkiyə və Ərdoğana qarşı artan müxalifətin əsas səbəbi də budur. İran “qarayaxma seansı” ilə Türkiyənin regional təsirini qırmağa çalışmaqla yanaşı, həm də öz uğursuzluğunu ictimai rəyindən gizlətməyə çalışır. Belə anlaşılır ki, İran hələ dərs almayıb”.