Paşinyanın taleyi Soçidə həll olunacaq

Paşinyanın taleyi Soçidə həll olunacaq

25 Noyabr 2021 06:21
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 26-da keçiriləcək yüksək səviyyəli görüşdən sonra üçtərəfli anlaşmaların icrası sürətlənə bilər; Xüsusilə də, Xankəndi və ətraf bölgədən erməni silahlı terror dəstələrinin çıxarılmasına, eləcə də sərhədlərin delimitasiya-demarkasiya prosesinə start veriləcəyi qətiyyən istisna deyil…

Ermənistanın baş naziri Nikol Paşinyan yenə də açıqlamaları ilə diqqəti çəkdi. Bu dəfə sosial şəbəkələr üzərindən canlı yayımla Ermənistan cəmiyyətini narahat edən bir sıra suallara cavab verdi. Və erməni baş nazirin öz ölkəsinin vətəndaşlarını aldatmaq üçün müxtəlif “söz oyunları”ndan istifadə etdiyi də açıq-aşkar nəzərə çarpdı.

Əslində, bu, o qədər də təəccüblü deyil. Çünki Ermənistan baş nazirinin başqa çıxış yolu da yoxdur. Onu Ermənistanda kapiyulyant baş nazir kimi qəbul edirlər. Erməni baş nazirin siyasi kursuna qarşı ölkədaxili etiraz dalğası isə hər ötən gün daha da güclənir. Və N.Paşinyanın bu etiraz dalğası qarşısında tab gətirməsi də çətinləşir.

Məsələn, etirazçılar N.Paşinyandan aksiyaçıların qarşısına çıxaraq, sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı sənədin məzmununu açıqlamağı tələb edirdilər. Ancaq erməni baş nazirin buna qətiyyən cəsarəti çatmadı. Ona görə də, Ermənistan cəmiyyətinə sosial şəbəkələrin arxasında gizlənərək, növbəti dəfə yalan danışmağı üstün tutdu. Və onun bütün dedikləri birmənalı şəkildə ölkədaxili auditoriyaya hesablandığı açıq-aşkar nəzərə çarpdı.

Erməni baş nazir Zəngəzur dəhlizinin yaradılmasına qarşı olduğunu göstərməyə çalışdı. Öz fikrini belə əsaslandırmağa çalışdı ki, üçtərəfli anlaşmalarda dəhliz ifadəsi yoxdur. Yəni, erməni toplumunu yanılmaq üçün “ifadə kələkbazlığı”ndan istifadə etdi. Çünki üçtərəfli anlaşmanın 9-cu bəndində dəhliz ifadəsi işlədilməsə sə, “maneəsiz hərəkət” ifadəsi yer alıb. Və bu da nəzarət-buraxılış məntəqəsi olmadan, yəni rəsmi İrəvanın müdaxiləsindən kənar hərəkəti nəzərdə tutur.

Digər tərəfdən, üçtərəfli anlaşmada o da qeyd olunur ki, Azərbaycanın qərb rayonlarını Naxçıvan ilə birləşdirəcək dəmiryolu və avtomobil yolu yaradıldıqdan sonra həmin nəqliyyat-kommunikasiya xəttinə Rusiya sərhədçiləri nəzarət edəcəklər. Ancaq qəribə də olsa, erməni baş nazir bütün bunların üzərindən sükutla keçməyə üstünlük verib. Halbuki, haqqında danışılan məqamlar necə adlandırılmasından asılı olmayaraq, elə dəhliz termininin təsviridir.

Onu da qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanla yanaşı, elə Ermənistanın da maraqlarına cavab verir. Çünki rəsmi Bakı İran üzərindən və hava yolları vasitəsilə Naxçıvanın blokadadan çıxarılmasına artıq çoxdan nail olub. Naxçıvanın isə Türkiyə və İranla birbaşa sərhədləri var. Bu, Ermənistanın hər iki ölkə ilə nəqliyyat-kommunikasiya əlaqəsini daha effektiv edə bilər.

Maraqlıdır ki, erməni baş nazir Rusiyaya müqavimət göstərə bildiyi barədə də daxili auditoriyaya hesablanmış açıqlamalardan özünün saxlaya bilməyib. O, vurğulayıb ki, Kreml sahibinin təşəbbüsü ilə 9 noyabrda keçirilməsi planlaşdırılan üçtərəfli görüşdə iştirakdan imtina edib. Əslində, Rusiya mənbələri də həmin görüşün baş tutmamasının əsas səbəbkarının məhz N.Paşinyan olduğunu təsdiq edirlər. Diplomatik mənbələrdən sızan məlumatlara görə, ortaq yekun bəyanatının mətni də əvvəlcədən hazırlanmış həmin görüşdən son anda imtina edilib. Və təbii ki, bu, Kremldə Paşinyan hakimiyyətinə qarşı qıcıq yaratdı.

Ancaq nə qədər qəribə də olsa, erməni baş nazir görüşdən imtinasının səbəbləri və bunun üçün haradan cəsarət aldığı barədə də susmağa üstünlük verir. Çünki artıq məlumdur ki, görüşə qısa müddət qalmış erməni baş nazirə Brüsseldən zəng gəlib. Ona anladıblar ki, həmin görüşdə iştirakdan yayınması vacibdir. Əvəzində isə N.Paşinyana Avropa İttifaqından analoji görüşün keçirilməsini xahiş etməsi məsləhət görülüb. Və indi Rusiyaya müqavimət göstərməsi ilə bağlı həvəslə danışan erməni baş nazir hadisələrin sonrakı iştirakı barədə də susmağa üstünlük verir.

Çünki, əks halda, Ermənistan baş naziri Kremldən ona edilən zəngin məzmunu barədə də danışmaq məcburiyyətində qala bilərdi. Məsələn, imtina etdiyi görüşün məhz Kreml sahibinin vasitəçiliyi ilə noyabrın 26-da Soçidə keçirilməsinə hansı səbəbdən razılıq verdiyini də izah etməli olardı. Eyni zamanda, indi Soçidə Kreml sahibinə Brüsseldən gələn sifarişlə siyasi avantüralara qurşanmaq cəsarəti barədə hesabat vermək məcburiyyətini də etiraf etməliydi.

Yəni, erməni baş nazirin sosial şəbəkələr üzərindən öz ölkəsinin vətəndaşlarına təklif etdiyi “yalançı qəhrəmanlıq” əfsanələri olduqca məntiqsiz və gülünc görünür. Çünki onu Soçidə olduqca ağır anlar gözləyir. O, həmin görüşdə Azərbaycan və Rusiya prezidentlərinin ciddi iradlarına məntiqli izah tapmaq məcburiyyətində olduğunu bilir. Onu da bilir ki, Soçi görüşündən sonra açıqlanacaq yeni bəyanatın məzmunu, ümumiyyətlə, müzakirələrin nəticələri tamamilə fərqli olacaq. Və noyabrın 27-də onun Rusiyaya müqavimət cəsarətindən artıq əsər-əlamət qalmayacağını da anlamamış deyil.

Böyük ehtimalla Azərbaycan prezidenti İlham Əliyev Soçi görüşündə üçtərəfli anlaşmaların icrası məsələsində prinsipial mövqe tutacaq. Həmin anlaşmaların altında olan Rusiya prezidenti V.Putin də Azərbaycan liderini dəstəkləyəcək. Və erməni baş nazir iki daha güclü dövlətin prezidentlərinin sərt mövqeyi qarşısında nə qədər aciz qaldığını, Brüsseldən isə hər hansı dəstəyin olmadığını görəcək.

Hər halda, Ermənistan baş nazirinin son davranışları onun üçün qətiyyən nəticəsiz qalmayacaq. Kremldə N.Paşinyanın Avropa İttifaqı ilə sövdələşməyə gedərək, 15 dekabr Brüssel görüşünü təşkil etdiyini çox yaxşı başa düşürlər. Ona görə də, Rusiya prezidentinin də buna qarşılıq olaraq, Ermənistana heç vaxt unutmayacağı bir məzmunda “dərs” verməyə çalışacağı qətiyyən istisna deyil.

Ehtimal etmək olar ki, Soçi görüşü üçtərəfli anlaşmaların icrası prosesini sürətləndirə bilər. Həmin görüşdən sonra Paşinyan hakimiyyətinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə hələ də qalan erməni silahlı quldur dəstələrini çıxartmağa məcbur ola biləcəyi qətiyyən istisna deyil.

Eyni zamanda, Soçidə erməni baş nazirə kağız parçası adlandırdığı xəritələrin nə qədər ciddi hüquqi sənəd olduğunu da yəqin ki, anladacaqlar. Yəni, görüşdə sərhədlərin delimitasiya və demarkasiya prosesində önəm daşıyan xəritələrlə onu tanış edib, həmin “kağız parçaları”nın hansı məzmunda olduğunu da erməni baş nazirin diqqətinə çatdıra bilərlər. Və KTMT-nın dəstəyindən də tamamilə məhrum olunmuş Ermənistanın böyük ehtimalla Soçi görüşündən sonra sərhədlərin delimitasiya və demarkasiya prosesindən yayınmaq şansları qalmayacaq.Musavat.com