Rus diplomat İrəvanı hədələdi: “Üçtərəfli anlaşmanı imzalamısansa...”

Rus diplomat İrəvanı hədələdi: “Üçtərəfli anlaşmanı imzalamısansa...”

23 Noyabr 2021 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

"İkitərəfli və ya çoxtərəfli görüşlər təkcə Moskvada keçirilməməlidir. Bu münaqişə təkcə üçtərəfli münasibətlər məsələsi deyil. Ermənistan-Azərbaycan sərhədlərindəki son proseslər də bunu göstərdi”.

Oxuməni.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfirinin keçmiş müşaviri Viktor Krivopuskov Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçiriləcək görüşü ilə bağlı “Hraparak”ın sualına cavab verərkən deyib.

Sabiq diplomat Ermənistan-Azərbaycan sərhədindəki son proseslərə də toxunub:

“Ermənistan tərəfi sərhəddə baş verənlərə Rusiyadan istədiyi reaksiyanı ala bilmədi. Bəli, müdafiə nazirimizin müdaxiləsi oldu, amma bu, eskalasiyanın şiddətini azaltmadı. Azərbaycanla bağlı hər şey aydındır. Amma erməni tərəfi ilə bağlı çoxlu suallar var. Şimali Atlantika Alyansı və Ermənistan-Avropa İttifaqı münasibətləri çərçivəsində bir çox ziddiyyətli addımların atılması, görünür, bu da Ermənistan-Azərbaycan hadisələrini izləyənləri bir qədər düşündürür”.

Krivopuskov KTMT-nin 44 günlük müharibə və bundan sonrakı prosesdə Ermənistanın müraciətinə adekvat cavab verməməsinə də münasibət bildirib.

O, İrəvanın baş verənlərlə bağlı KTMT və Rusiyaya rəsmən müraciət etmədiyini söyləyib:

“Mətbuatda dəfələrlə yazılıb və Vladimir Putin də bildirib ki, KTMT və Rusiyanın cavabı üçün nizamnamələr və lazımi prosedurlar var. Erməni tərəfi hər şeyi sözdə edir, amma sözünü hüquqi baxımdan gücləndirmir ki, bu da açıq-aşkar təxribatçı amildir”.

Jurnalistin “Bəlkə İrəvanın şübhəsi var ki, hətta qanuni müraciət olunsa belə dəstək olmayacaq?” sualını rusiyalı siyasətçi belə cavablandırıb:

“Bəs niyə qoşulmusunuz? Təbii ki, bu suala Ermənistanın indiki rəhbərliyi cavab verməlidir. Yenə soruşuram, KTMT-yə kim müraciət edib? Biz yalnız söz eşidirik. Necə deyim, sözü əmələ çevirmirlər”.

Sabiq diplomatın Brüsseldə keçiriləcək görüşdə liderlərin hansısa sənədi imzalaması məsələsinə münasibəti belə olub:

“Bəli, xalq bilməlidir ki, hökumət üçtərəfli formatdan kənara çıxaraq hansı addımları atır. Yaxud Ermənistan hökuməti ora necə gedir və orada hansı məsələlər müzakirə olunacaq?

Bunu mən bilmirəm, çünki Ermənistanın baş naziri deyiləm. Əgər o, öz xalqına məlumat verməsə, o zaman Moskva və Brüssel arasında tamamilə sıfır olan münasibətləri nəzərə almalıdır. Əgər bu məsələ üçtərəfli səviyyədə razılaşdırılıbsa, bunlar Moskva, Bakı və İrəvan arasında həll olunmalıdır”.