ABŞ-dan köməyə hərbi təlimatçılar və raketlər, Böyük Britaniyadan SAS komandosları gəlir

ABŞ-dan köməyə hərbi təlimatçılar və raketlər, Böyük Britaniyadan SAS komandosları gəlir

23 Noyabr 2021 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Rusiyanın sərhədboyu qoşun cəmləşdirməsini nəzərə alaraq Ukraynaya hərbi müşavirlər və yeni avadanlıqlar, o cümlədən silahlar göndərməyə hazırlaşır.

Oxuməni.az xəbər verir ki, bu haqda ABŞ mənbələrinə istinadən Ukrayna KİV-ləri yazır.

Amerika KİV-ləri mötəbər qaynaqlara istinadən yazırlar ki, Birləşmiş Ştatlar Ukraynaya tank əleyhinə “Javelin” raket komplekslərinin yeni partiyasını, habelə “Stinger” daşınan zenit-raket komplekslərini göndərməyi nəzərdən keçirir. Habelə Pentaqon israr edir ki, Əfqanıstan üçün nəzərdə tutulmuş bəzi avadanlıqlar, o cümlədən “Mi-17” vertolyotları Ukraynaya göndərilsin. Bundan əlavə, ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Komitəsinin sədri, general Mark Milli ötən gün noyabrın 22-də Ukrayna Silahlı Qüvvələrinin komandanı, general Valeri Zalujnıy ilə telefon danışığı aparıb. Bu, Mark Milli ilə Valeri Zalujnıy arasında son 4 gündə ikinci telefon danışığıdır.

“The Mirror” qəzeti isə yazır ki, Böyük Britaniya da Ukraynaya Rusiyanın gözlənilən müdaxiləsinin qarşısını almaq üçün hərbi dəstək göndərməyə hazırlaşır. Nəşrin yazdığına görə, Böyük Britaniya 600-a qədər xüsusi təyinatlı döyüşçünü Ukraynanın köməyinə göndərməyə hazırdır. Situasiya ilə tanış olan mənbələr nəşrə deyiblər ki, Böyük Britaniya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Nik Karter Rusiya ilə Qərb arasında Ukraynadan başlayacaq müharibə riskinin çox yüksək olduğu qənaətindədir.

Mənbələr deyiblər ki, Britaniya komandanlığı Ukraynanın köməyinə Xüsusi Hava Xidmətinin (Special Air Servive, SAS) döyüşçülərini, tibb personalını, mühəndisləri, rabitəçiləri, habelə 16-cı hava-hücum briqadasından 400-ə yaxın hərbi qulluqçunu göndərməyə hazırlaşır. Onları ilk zərurət halında Ukrayna ərazisinə çatdıracaqlar. Britaniya xüsusi təyinatlıları bu missiya haqda xəbərdar ediliblər, onların avadanlıqları isə təcili nəql olunmaq üçün qablaşdırılıb.

Mənbə deyib ki, xüsusi təyinatlıların hazırlanması barədə qərar Böyük Britaniyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndələrinin və MI6 xarici kəşfiyyat xidmətinin direktoru Riçard Murun hökumətə Kremlin Ukraynaya müdaxilə planlarının tamamilə ciddi olduğu barədə məruzələr təqdim etməsindən sonra qəbul edilib. MI6 direktoru bildirib ki, Rusiya və onun rəhbərliyi təkcə Ukrayna üçün deyil, bütün Qərb üçün real və aşkar təhdid təşkil edir.

“400-lə 600 arasında döyüşçü hazır vəziyyətdə gözləyir. Onların ləvazimatları qablaşdırılıb və onlar 36 saat ərzində Ukraynaya quru yolu ilə göndərilməyə, yaxud paraşütlə endirilməyə hazırdır”, - Böyük Britaniyanın Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbə bildirib.

Qəzetin yazdığına görə, Böyük Britaniyanın Silahlı Qüvvələrinin Baş qərargah rəisi. General Nik Karter Rusiya ilə Qərb arasında soyuq müharibədən bəri ən ciddi gərginliyin yaşandığını deyib.

Ukraynanın müdafiə və təhlükəsizlik Şurasının katibi Aleksey Danilov isə “Ukrinform” rəsmi xəbər agentliyinə müsahibəsində deyib ki, Qərb dövlətləri Rusiyanın hərbi təcavüzü qarşısında Ukraynanı tək qoymayacaqlar.

“Hamı başa düşür ki, nə baş verir. Tərəfdaş ölkələr Ukraynadakı situasiya ilə bağlı məlumatlandırılıblar və əgər Putin müdaxilə qərarı verərsə Rusiyanın hücumu zamanı Ukraynanı tək qoymayacaqlar”, - o deyib.

Danilovun sözlərinə görə, Kremldə hələlik belə addıma gedib-getməmək barədə tərəddüd edirlər, amma Kiyev hadisələrin istənilən inkişafına hazırdır və Qərbin dəstəyini qazanıb. “Sirr deyil ki, biz kəşfiyyat məlumatları ilə mübadilə edirik. Naməlum olan yeganə məsələ budur - Putin hücum edəcəkmi, edəcəksə nə vaxt? Əgər “X” məqamı yetişsə tərəfdaşlar Ukraynaya maksimal hərbi yardım edəcəklər”, - Danilov əlavə edib.

Bu arada “İzvestiya” Rusiya ordusunun Krıma TOS-1A “Solntsepyok” və daha müasir TOS-2 “Tosoçka” ağır odsaçan komplekslərinin göndəriləcəyini yazır. Qəzetin yazdığına görə, Rusiya Cənub Hərbi Dairəsində bu komplekslərlə silahlanmış üç yeni batalyon yaradılır, onlar Ukrayna ilə sərhəddə və Krımda yerləşdiriləcək.virtualaz.org