İrəvanda aləm qarışdı: sərhəddə atışma, ölü və yaralılar var

İrəvanda aləm qarışdı: sərhəddə atışma, ölü və yaralılar var

23 Noyabr 2021 08:51
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan mediası, sosial şəbəkələr və Müdafiə Nazirliyi bu gün axşam saatlarından başlayaraq özlərini rüsvay etməklə məşğuldurlar.

Oxuməni.az xəbər verir ki, saat 17:00-dan sonra erməni Teleqram kanallarında Kut kəndi (Göyçə) istiqamətində atışma baş verdiyi, Azərbaycan Ordusunun açdığı atəş nəticəsində bir erməni əsgərin yaralandığı haqda məlumat yayıldı.

Aradan bir müddət sonra, saat 18:24-də Ermənistan Müdafiə Nazirliyi rəsmi açıqlama verərək, heç bir atışma olmadığı, sərhəddə hər hansı əsgərin yaralanmadığını bəyan etdi.

Bu açıqlamadan bir neçə dəqiqə sonra, saat 18:49-da Ermənistan Müdafiə Nazirliyi “doğrudan da” sözügedən istiqamətdə, ancaq Böyük Qaraqoyunlu (ermənilər Norabak adına dəyişdiriblər – red.) atışma baş verdiyi haqda məlumat yaydı.

Saat 20:53-də isə Ermənistan MN atışma nəticəsində 2002-ci il təvəllüdlü Surən Səfəryan adlı əsgərinin öldüyünü bildirdi.

Məlumatda təəccüblü məqam nədir?

Ermənistan MN 18:24 təkzib edir, ancaq 18:49-da elan edir ki, atışma var, 20:53 xəbərində isə atışmanın 18:10-da başladığını, 19:30-da kəsildiyini bildirir.

Anlaşılmaz, ziddiyyətli, qarışıq bir vəziyyətdir. Ermənistan MN-in rəsmi açıqlamasına görə, əgər atışma 18:10-da başlamışdısa, 18:24-də niyə atışmanın olmadığı haqda məlumat yayılırdı?

Digər tərəfdən, əgər atışma doğrudan da 18:10-da olubsa, bəs, erməni Teleqram kanalları 17:00-dan sonra atışma baş verdiyini və bir erməni əsgərin yaralandığını necə müəyyənləşdiriblər? Axı, Ermənistan MN elan edir ki, 17-18 radələrində atışma filan olmayıb, atışma 18:10-dan 19:30-a qədər davam edib.

İşin daha biabırçı tərəfi də var. Bu dəqiqələrdə Ermənistan ərazisindəki Şişqaya (Geqamasar) icmasının rəhbəri Akop Vetyan erməni mediasına bildirir ki, insident nəticəsində nəinki bir erməni əsgər ölüb, həm də yaralılar var. Ancaq o, yaralıların nə qədər olduğunu bilmədiyini deyir.

Sərhəddə nə baş verdiyi bəlli deyil, bəlli olan odur ki, Ermənistanda əməlli-başlı başıpozuqluqdur. Hətta Ermənistan MN yaydığı məlumatların bir-birini təkzib etməsinin fərqində deyil.

Azərbaycan MN atışma məlumatını təkzib edib və heç bir atışma olmadığını, Ordumuzun da hər hansı erməni əsgərini yaralamadığını bildirib.

Belə çıxır ki, Ermənistan əsgərləri arasında atışma baş verib. Ermənistan MN bunu gizlətməyə çalışsa da, ölüm səbəbindən insidenti ört-basdır etmək mümkün olmayıb. Çıxış yolunu isə Azərbaycan əsgərinin atəş açması barədə Teleqram kanallarında yayılan və təkzib etdiyi xəbəri təsdiqləməkdə görüb, əvəzində aləm bir-birinə qarışıb, daban-dabana zidd "rəsmi məlumatlar" bir-birinin ardınca sıralanıb.axar.az