2021-ci ilin ilk 6 ayında Ermənistan vətəndaşlığından imtina etməməklə  22 min erməni Rusiya vətəndaşı olub

2021-ci ilin ilk 6 ayında Ermənistan vətəndaşlığından imtina etməməklə 22 min erməni Rusiya vətəndaşı olub

28 Oktyabr 06:18
99
Bəyəndim (0) Bəyənmədim (0)

2021-ci ilin ilk 6 ayında 22 min Ermənistan vətəndaşı Rusiya vətəndaşlığı alıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Azadlıq Radiosunun erməni xidməti yazır ki, bu, son dörd ilin müvafiq dövrləri ilə müqayisədə rekord rəqəmdir. Məsələn, 2017-ci ilin ilk yarısında Rusiya pasportu alanların sayı 11 min 500 nəfər idi.

Məqalədə deyilir ki, Ermənistan vətəndaşları Rusiya pasportu alan ölkələrin arasında saya görə Ukrayna, Qazaxıstan və Tacikistandan sonra 4-cü yeri tutur. Lakin ölkə əhalisinin sayına nisbətdə Rusiya vətəndaşlığı alan vətəndaşlarının faizinə görə Ermənistan liderdir. Bundan əvvəl mühacirətə əsas səbəb iqtisadi problemlər idisə, indi buna müharibədən sonrakı qorxular da əlavə olunub.

Moskvada mənzillənmiş ARMROST Rusiya-Ermənistan hüquqşünaslar assosiasiyasının miqrasiya məsələləri üzrə eksperti Ruben Kirakosyan deyib: “Problem bundadır ki, bu gün Ermənistanda müharibə sonrası depressiv mühit hakimdir. Bu da, əlbəttə adamların gündəlik həyatına təsir edir. Və təəssüf ki, bəziləri müvəqqəti də olsa, Rusiyaya köçmək qərarı qəbul edir. Çünki bu regionda yaxın vaxtlarda hansı üfüqlərin açılacağı naməlumdur. Bütün hallarda belə qərarlar çətin qəbul edilir. Amma belə bir meyl var ki, köçənlər burada, Rusiyada həmişəlik qalırlar”.

Məqalədə deyilir ki, pandemiya məhdudiyyətlərinə baxmayaraq Rusiya Miqrasiya Xidmətində qeydiyyata düşən və Rusiya vətəndaşlığı almaq üçün hüquqi prosesə başlayan Ermənistan vətəndaşlarının sayı bu il də artıb. Bu da xəbər verilir ki, Rusiya Miqrasiya Xidmətində qeydiyyatdan keçən Ermənistan vətəndaşlarının sayı bu ilin ilk altı ayında 300 min nəfər olub. Ötən ilin analoji dövründə bu rəqəm 200 min nəfər idi. Başqa sözlərlə 2021-ci ilin birinci yarısı üçün Ermənistan əhalisinin 10 faizi Rusiyada qeydiyyata düşüb. Həm də söhbət müstəsna olaraq leqal miqrantlardan gedir. Halbuki Rusiyada qeyri-leqal statusda yaşayan və işləyənlər də çoxdur.

Bu rekord miqrasiya göstəricilərinə Rusiya hakimiyyətinin miqrasiya sahəsində həyata keçirdiyi siyasətin də təsiri olub. Hazırda Rusiyada əcnəbilər daha tez hüquqi status ala bilirlər. “Rusiya qanunvericiliyi bu gün ölkədə leqallaşma qaydasını liberallaşdırıb və sadələşdirib. Çünki Rusiyanın ciddi demoqrafik problemləri var. Rusiya başqa ölkələrin, xüsusilə də Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrin vətəndaşlarına vətəndaşlıq verməkdə maraqlıdır. Bu ölkələr şərti desək, eyni mədəniyyət və dil məkanında yaşayırlar, bir çoxlarında hələ sovet dövrünün genetik yaddaşı qalıb. Bu mexanizm bugün yaxşı işləyir. Rusiyada miqrasiya xidməti öz işini son dərəcə asanlaşdırıb”-Ruben Kirakosyan bildirib.

Hüquqşünas bildirib ki, 2018-ci ilin “Məxməri inqilab”ından sonra çoxları Ermənistana qayıtmaq barədə danışırdılar, lakin indi, xüsusilə də müharibədən sonra belə meyllər müşahidə olunmur:

“İndi statistika belədir ki, miqrasiya yüksəlib, biz bu faktı öz işimizdə qeyd edirik. Ermənistanda bir çoxlarının sosial, əmək və başqa problemləri var. Odur ki, bura gələnlərin böyük qismi daha Ermənistana qayıtmır”.

Azatuyun yazır ki, ermənilər bir qayda olaraq Rusiya pasportu alandan sonra da Ermənistan pasportundan imtina etmirlər. Rusiya qanunverciliyi də buna yol verir.