“Türkiyəni onlar idarə etmək istəyir“ - Səfirlərlə bağlı qalmaqalın pərdəarxası

“Türkiyəni onlar idarə etmək istəyir“ - Səfirlərlə bağlı qalmaqalın pərdəarxası

27 Oktyabr 2021 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən həftə siyasi mühitin ən səs-küylü məsələsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Xarici İşlər Nazirliyinə 10 ölkənin səfirini “persona non grata” elan etməyi tapşırması oldu.

Oxuməni.az xəbər verir ki, sözügedən ölkələr ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveçdir. Bu ölkələr bir müddət əvvəl 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilən biznesmen Osman Kavalanın həbsdən azad edilməsi ilə bağlı ortaq bəyanat yaymışdılar. Bəyanat 10 ölkənin səfirliyi tərəfindən sosial media hesablarında da yerləşdirilmişdi.

“2021-ci il oktyabrın 18-də 10 ölkənin Ankara səfirliyinin “Twitter” hesablarından verilən açıqlama ilə birlikdə Türkiyə dərin böhranla üzləşib. Böhranı yaradanlar diplomatik nəzakət deyilən qaydalar çərçivəsindən dönüblər.”

Bu sözləri “Yeni Sabah”a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, Türkiyənin Bozok Universitetinin müəllimi, dosent Mustafa Özalp deyib.

Mustafa Özalp mövcud vəziyyəti şərh edib:

“ABŞ, Kanada, Finlandiya, Fransa, Hollandiya, Danimarka, Almaniya, İsveç, Yeni Zelandiya və Norveçin Ankaradakı səfirləri birlikdə sosial media hesablarından Türkiyədə saxlanılan Osman Kavalanın həbsinə görə etiraz bildirmişdilər. Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Osman Kavalanın lehinə verdiyi qərara toxunaraq, bu 10 ölkənin səfirlərinin görməzlikdən gəldiyi ən mühüm məsələ səfirlərin olduqları ölkənin nizamnaməsinə və qaydalarına tabe olmasıdır.”

Ekspert həmçinin AİHM-in qərəzli qərarlarını da qınayıb:

“Burada qısaca qeyd etmək lazımdır ki, AİHM-in qəbul etdiyi qərarlara hansı ölkə tam sadiqdir?

2009-cu ildə AİHM Yunanıstanın Qərbi Trakya bölgəsində yaşayan türklərin hüquqlarının Yunanıstan tərəfindən məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul edib. Yunanıstan hələ də bu qərarlara əməl etmir. Burada soruşmaq lazımdır ki, yuxarıdakı 10 səfir AİHM-in qərarına istinad edərək niyə türklərin xeyrinə tvit yazmır?”

M. Özalpın sözlərinə görə, səfirlərin yekdilliklə söylədikləri bu bəyanat, 1961-ci ildə imzalanmış Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə tamamilə ziddir:

“Müvafiq müqavilənin 41-ci maddəsinə əsasən, səfirlərin öhdəlikləri aşağıdakılardır:

Bu cür imtiyazlardan istifadə edən hər bir insanın imtiyazlarına və müstəqilliyinə xələl gətirmədən, qəbul edən dövlətin qanun və qaydalarına əməl etmək vəzifəsidir. Adı çəkilən dövlətin daxili işlərinə qarışmamaq da bu şəxslərin borcudur.

10 səfirin verdiyi bu bəyanat sırf Türkiyənin daxili işlərinə qarışmaq məqsədi daşıyır, onlar Türkiyəni özlərinə məxsus şəkildə idarə etmək istəyirlər.

Xüsusilə qeyd etmək lazımdır ki, 10 səfirin verdiyi bəyanat sadəcə öz iradəsi ilə verilən sadə bəyanat deyil, öz ölkələrini təmsil etmək üçün birgə verilən qərardır.”

Analitik hesab edir ki, bu cəhd Türkiyəni itaət mədəniyyətinə çəkməyə çalışmaqdır:

“Yəni guya Türkiyə üzərində özlərinə nəzarət bərqərar etməyə çalışırlar.

Oktyabrın 24-də prezidentimiz Rəcəb Tayyib Ərdoğan bu bəyanatdan sonra 10 səfiri persona non-qrata (istənilməyən şəxs – red.) elan etdi. Oktyabrın 25-də ABŞ-ın Ankaradakı səfirliyi Vyana Konvensiyasının 41-ci maddəsinə istinad edərək və bu maddənin iştirakçısı olduğunu bildirərək, Türkiyədə böhran yaratmaq cəhdindən geri addım atıb. Digər 9 ölkə isə ABŞ rəsmilərinin “Twitter”-də verdiyi bəyanatı etiketləyib.

Xülasə, Türkiyədə dərin böhrana səbəb olan bu cəhdin sonu hesablanmadan tələsik edilmiş bir cəhd olduğu müşahidə edilir.”

Dosent onu da vurğulayıb ki, Türkiyə 10 səfiri ölkədən çıxarmalı olsaydı, bu 10 ölkə Türkiyənin müvafiq ölkələrdəki səfirlərini persona non-qrata elan edə bilərdi:

“Bu ssenari Türkiyənin Qərblə böyük böhran yaşamasına səbəb olardı. Bu ssenari nəticəsində Türkiyə Rusiyaya bir addım da yaxınlaşa bilərdi.

İş o yerə çatıb ki, böhrana səbəb olan yuxarıda adları çəkilən 10 ölkə gec də olsa, 41-ci maddənin iştirakçısı olduqlarını bildirərək, diplomatik nəzakət deyilən qaydalar çərçivəsində dönə-dönə bu ssenarinin fərqinə varıblar.”