Ermənistan danışıqlarda reallığı nəzərə almağa məcburdur

Ermənistan danışıqlarda reallığı nəzərə almağa məcburdur

17 Oktyabr 08:12
98
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan danışıqların gedişində çox şeyi geri qaytara bilər, amma bunun üçün realist olmaq, formalaşan situasiyanı başa düşmək lazımdır.

Oxuməni.az xəbər verir ki, bu sözlər Ermənistan xarici işlər naziri Vardan Oskanyanın məqaləsində yer alıb.

O, status-kvonun qəfil dəyişməsinin nəzərə alınacağı təqdirdə ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların yenilənməsinin necə baş tutacağını təxmin etməyin çətin olduğunu bildirib. Onun sözlərinə görə, rus sülhməramlılarının bölgədə mövcudluğu və Rusiyanın mövqeyinin güclənməsi nəzərə alınarsa, MQ-nin digər ölkələri əvvəlki kimi səssiz olacaq. Oskanyan həmsədr ölkələrin konflikt tərəflərinə nə təklif edəcəyini bilmədiyini yazıb. Bununla belə ilk görüşdə növbəti bütün görüşlərin gedişinə təsir edəcək məzmunun formalaşdırılmasının vacib olduğunu bildirib.

Oskanyan Minsk Qrupunun son 25 ildə konfliktin sülhlə nizamlanması üçün 5 təklif təqdim etdiyini söyləyib. Bu təkliflərin hər birinin istisnasız olaraq Ermənistan hökumətlərinin Qarabağ məsələsindəki siyasətlərini və prinsiplərini əks etdirdiyini yazan və dolayısı ilə Minsk Qrupunun İrəvana işlədiyini təsdiqləyən Oskanyan keçmiş liderlərin hər birinin konfliktə yanaşmasını təqdim edib:

“Levon Ter-Petrosyan ölkənin cari potensialının ayıq qiymətləndirilməsinə əsaslanır, beynəlxalq və geosiyasi hadisələrə qeyd-şərtsiz realizmlə yanaşırdı. Ter-Petrosyan əmin idi ki, soyuq müharibədən sonra dünyanın əhvalı Qarabağın öz müqəddəratını təyin etməsində Azərbaycanı kənarda qoyması mümkün deyil.

1997-ci ildə Minsk Qrupu bizə iki sənəd təqdim etdi ki, bunlar da Ter-Petrosyanın məntiqini tam əks etdirirdi. Birincisi, paket idi. Buna görə, Qarabağ Azərbaycanın tərkibində yüksək muxtariyyat əldə edirdi. Bu layihəni Ermənistan tam rədd etmişdi.

Onu “mərhələli sənəd” əvəz etdi. Buna görə, ərazilər status dəqiqləşdirilmədən qaytarılmalıdır. Bunu Ter-Petrosyan pislərin ən yaxşısı sayırdı ki, bu da onun gələcək istefasının səbəblərindən biri oldu”.

Oskanyana görə, Köçəryanın siyasəti cari imkanlara yox, mümkün gələcək potensiala əsaslanır və beynəlxalq siyasətdə sərt praqmatizmlə müşayiət olunurdu:

“Köçəryan əmin idi ki, ölkənin inkişafnı təmin edib, danışıqlar prosesində əlverişli mövqedən çıxış etmək olar. Əsas geosiyasi oyunçuların əhvalını anlayaraq, o, sərt şərtlər qoymurdu. Köçəryanın prezidentliyi dönəmində Minsk Qrupu 3 təklif səsləndirib. “Ümumi dövlət” anlayışında Qarabağla Azərbaycanın horizontal əlaqə məntiqi əks olunub, Ki-Uestdə Qarabağ Ermənistanın yurisdiksiyasında qoyulub, nəhayət, Madrid prinsiplərində Qarabağa gələcək referendum perspektivi ilə aralıq status verilib.

Serj Sərkisyan dönəmi də Köçəryan praqmatizmi təşəbbüsünün bir hissəsi idi. Bu dövrdə yeni sənədlər tərtib edilmədi, Madrid sənədlərində, o cümlədən Madrid prinsiplərinin mərhələli variantı olan Lavrov planında fərqli dəyişikliklər edildi”.

Oskanyan Paşinyanın hakimiyyətinin ilk vaxtlarından Qarabağla bağlı mövqenin qeyri-müəyyən və xaotik olduğunu bildirib. Onun sözlərinə görə, Nikol Qarabağla bağlı keçmiş hakimiyyət nümayəndələrindən heç kimlə məsləhətləşmək istəməyib, “Qarabağ Ermənistandır və nöqtə” deməklə isə danışıqlardan Azərbaycanın tam imtina etməsinə şərait yaradıb. Azərbaycan bu sözlərdən sonra artıq başqa yol qalmadığını elan etməyə müvəffəq olub.

Oskanyan hazırkı situasiyanı da qiymətləndirib və danışıqlarda Azərbaycanın sülhə can atmayacağını bildirib:

“Bakı çalışacaq ki, danışıqlar yoluyla öz tələblərini sona qədər çatdırsın və müharibənin gedişində əldə etdiyi üstünlükləri qanuniləşdirsin. Əgər Ermənistan üçün sülhə can atmaq hədəfə çevriləcəksə, o zaman müharibə qorxusu Bakının əlində silaha çevriləcək, bu isə bizi minimum mənəvi silahsızlanmaya gətirib çıxaracaq. Mən çox istərdim ki, Paşinyan əvvəlki səhvlərini təkrarlamasın və danışıqlara hazırlıqsız getməsin”, – deyə o bildirib.