Rusiyanın "Yumşaq silahı ”... – “Moskva demək istəyir ki, bizdən asılısınız, elə isə...”

Rusiyanın "Yumşaq silahı ”... – “Moskva demək istəyir ki, bizdən asılısınız, elə isə...”

14 Oktyabr 12:34
192
Bəyəndim (0) Bəyənmədim (0)

”Hazırda Avropada müşahidə etdiklərimiz 1970-ci illərdə Amerikanın yaşadığı neft şokunun təkrarıdır”

Enerji daşıyıcılarının nəzarətsiz şəkildə bahalaşması və önümüzdəki qışda Avropada meydana gələ biləcək enerji qıtlığı ilə bağlı yaranmış təhlükə diqqətləri Moskvanın təbii qaz bazarındakı roluna tuşlayıb. Bilindiyi kimi mütəmadi olaraq, Avropada sərt qış fəsli müşahidə olunur. 2018-ci ilin fevralında Avropanın əksər hissəsində xaosa səbəb olmuş və 100-ə qədər insanın həyatına son qoymuş ”Hartmut” antisiklonunu çoxları xatırlayır.

Bu cür şaxtalar Avropanın enerji təchizatına və yanacağın qiymətinə ciddi təsir göstərə bilər. Çünki hazırda Avropanın təbii qaz ehtiyatı son on ilin ən aşağı səviyyəsindədir.

“Reuters” agentliyi məlumat verib ki, keçən ayın sonunda Avropa təbii qaz anbarlarının yalnız 72 faizi dolu olub, ancaq ötən ilin müvafiq dövründə bu göstərici 94 faiz idi. Məsələn, bu, Böyük Britaniyanın enerji təchizatı sektorunda həyəcana və qiymətlərin qalxmasına gətirib çıxarıb.

Rusiyanın enerji sektoru üzrə ekspert, Helsinkidəki “Rusiya və Şərqi Avropa üzrə Elmi-Təhqiqat Aleksanteri İnstitutu”nun analitiki Veli-Pekka Tyunkkyunen deyib: ”Qiymətlərin qalxması bazar qanunları ilə əlaqədardır. İsti yay fəsli üzündən kondisionerlərin işləməsi üçün daha çox enerji tələb olunub. Bu il küələk enerjisi üçün uğursuz il olub və koronavirus pandemiyasından sonra enerjiyə olan tələbat kəskin artıb”.

“Moskva Karnegi Mərkəzi”nin ekspertlərinin fikrinə görə, yanacağın qiymətinə ilk növbədə təsir göstərən amil Avropa Birliyinin qaz bazarını liberallaşdırmasıdır. Bunun nəticəsində Rusiyanın dövlət şirkəti olan “Qazprom” Avropaya bazar qiymətilə böyük həcmdə qaz satır. Təbii ki, şərtlərdən asılı olaraq qazın qiyməti tez-tez dəyişir.

Enerji nəqlinin siyasi ölçüsü də var. Məsələn, 1970-ci illərdəki neft böhranını xatırlayın. O zaman ərəb dünyası “neft silahı”nı Qərbə qarşı istifadə etmişdi. Bu gün yəqin ki, energetikanın heç bir sferası təbii qazın çatdırılması qədər siyasiləşməyib. Təbii qaz əsasən boru kəməri vasitəsilə gedir, ona görə də xeyli sərmayə və uzunmüddətli əməkdaşlıq tələb edir.

Elə məhz təbii qaz bazarında Avropa Birliyinin idxal etdiyi mavi yanacağın 40%-i Rusiyanın payına düşür. Rusiya əvvəllər də “təbii qaz əzələsi” nümayiş etdirib.

Rusiya dünyada ən böyük təbii qaz ehtiyatına malikdir və o, ABŞ-dan sonra ən çox qaz istehsal edən ikinci ölkədir. 2020-ci ildə Rusiyada 635,5 milyard kub metr qaz çıxarılıb. Keçən il Rusiyanın hasil etdiyi qazın təxminən 78 faizi Qərbi Avropaya və Türkiyəyə gedib. Konkret olaraq, iri həcmli qaz alıcıları Almaniya və İtaliyadır.

Son illər Rusiya boru kəmərlərinin sayını artırıb. Almaniyaya “Şimal axını-2”, Balkanlara və Türkiyəyə ”Türk axını”, Çinə isə “Sibirin gücü” kəmərləri çəkilib.

Ən dramatik vəziyyət isə Ukrayna ilə yaşanıb. Rusiya ilə bu ölkə arasında bir neçə “qaz müharibəsi”nin şahidi olmuşuq. Son 15 il ərzində Rusiya Ukraynaya gedən qazı dəfələrlə azaldıb və ya tamamilə kəsib. Kiyev hesab edir ki, gələcəkdə Avropanı da bu cür təhlükələr gözləyir.

Ukraynanın qaz nəqliyyat sistemi operatorunun rəhbəri Sergey Makaqon deyib: ”Hazırda bizim Avropada müşahidə etdiklərimiz 1970-ci illərdə Amerikanın yaşadığı neft şokunun təkrarıdır. Ancaq indi məhsul neft yox, qazdır. Düzdür, təhlükəsizlik barədə daha çox düşünülüb, amma buna baxmayaraq, əsas dinamika həminki kimidir”.

Ukrayna Amerika konqresinin dəstəyi ilə özünün Mərkəzi və Şərqi Avropa müttəfiqləri ilə birlikdə “Şimal axını-2” boru kəmərinə qarşı hücuma keçmişdi. Kiyevdə hesab edirlər ki, son zamanlar Rusiyadan nəql olunan qazın həcminin azaldılması “Şimal axını-2” qaz kəmərinə yaşıl işıq yandırılması üçün Qərbə edilən təzyiqdir.

Veli -Pekka Tyunkkyunen bununla bağlı bildirib: ”Bu, siyasi xatırlatmadır. Rusiya demək istəyir ki, bizdən asılısınız, elə isə bizə hörmətlə yanaşın”.

Ekspertlər deyirlər ki, “Qazprom” Avropanın “acgöz” enerji bazarında mövqeyini saxlaya bilib. Moskvadakı “Karnegi Mərkəzi”ndən Sergey Kapitonov bildirib: ”Hətta 2014-cü ildəki Ukrayna böhranından sonra Avropa “Qazprom” şirkətini Rusiyaya qarşı yönəlmiş xarici siyasətə qatmadı. ”Qazprom” hər il Avropadan 30-40 milyard dollar qazanır. Bu şirkət sanksiyalardan yan ötməklə yanaşı, yeni boru kəmərləri də çəkə bildi”.

Veli-Pekki Tyunkkyunen mövcud vəziyyəti belə izah edib: ””Qazprom”un qazı kəsəcəyi riskinə hədsiz çox diqqət verirlər, çünki Rusiya “Qazprom” vasitəsilə öz təsir imkanlarını artıra bilər. Rusiya enerjidən ağılla istifadə edib. Məsələn, Macarıstanın Rusiyaya göstərdiyi xoş niyyətə görə, Moskva onun enerji şirkətlərinə müəyyən güzəştlər edir. Rusiya enerjidən yumşaq silah kimi istifadə edərək, Avropa ölkələrinin enerji şirkətləri ilə əlverişli müqavilələr bağlayıb”.

“Jyllands-Posten” – (Danimarka), tərcümə Azpolitika.info-nundur