İranın Ermənistan üzərindən həyata keçirmək istədiyi “Qafqaz Dəhlizi” siyasi manevrdir

İranın Ermənistan üzərindən həyata keçirmək istədiyi “Qafqaz Dəhlizi” siyasi manevrdir

12 Oktyabr 2021 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

“İran “Qafqaz Dəhlizi” ilə Ermənistan və daha sonra Gürcüstan ərazisi ilə Rusiya və Avropaya çıxmağı hədəfləyir”.

Oxuməni.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi Tehranın Ermənistan vasitəsilə Gürcüstana yeni tranzit yolunun tikintisində ermənilərlə birgə iştirak etməyə hazır olduqlarını bildirib: "Ən qısa zamanda alternativ marşrut yaratmaq lazımdır ki, yol artıq Azərbaycan ərazisindən keçməsin, bu da ermənilər üçün çox vacibdir və onların ehtiyaclarını ödəyir".

Söhbət İran və Ermənistanın “Qafqaz Dəhlizi” adlandırdığı dəhlizin salınmasından gedir. İran “Qafqaz Dəhlizi” ilə Ermənistan və daha sonra Gürcüstan ərazisi ilə Rusiya və Avropaya çıxmağı hədəfləyir. Amma bu dəhliz nə dərəcədə səmərəlidir?

Əvvəla, regionda yeni alternativ dəhlizin inşa edilməsi xüsusi xərc tələb edir və mövcud maliyyə imkanlarını nəzərə aldıqda Ermənistan nəqliyyat və logistikaya böyük sərmayə qoyuluşu həyata keçirmək gücündə deyil. Uzun müddət sanksiyalara məruz qalan İranın da bu istiqamətdə resursları güclü hesab olunmur.

Digər tərəfdən, İran və Ermənistanın bəhs etdiyi ərazinin relyefi yeni dəhliz formalaşdırmaq baxımdan cəlbedici deyil. Hətta buna cəhd olunsa belə, bu, müəyyən zaman alacaq.

Zəngəzur dəhlizi istifadəyə veriləndən sonra Qərb və Şərqin Azərbaycan üzərindən beynəlxalq yükdaşımaları artıracağı gözlənilir. "Şərq-Qərb" Nəqliyyat Dəhlizinin genişlənməsi digər potensial alternativlərinin iqtisadi rentabelliyini ciddi şəkildə azaldacaq.

Bundan əlavə, Qərb və eləcə də Şərq sanksiyaların tətbiq olunduğu dövlətin iştirak etdiyi beynəlxalq nəqliyyat dəhlizindən daha geniş şəkildə istifadə maraqlı deyil. Eyni zamanda, “bir istiqamətdə yükdaşımalar” da belə dəhlizlərin iqtisadi səmərəliliyini azaldır.

Nəhayət, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə digər infrastruktur, o cümlədən yeni beynəlxalq hava limanları və Bakı-Tbilisi-Qars kimi dəmiryolu şəbəkəsi ilə inteqrasiya olunur və bu da ölkəmizin regionda nəqliyyat habına çevrilməsinə imkan verir.

Göründüyü kimi, rəsmi Tehranın axtardığı alternativlər iqtisadi baxımdan rentabelli olmamaqla yanaşı daha çox “siyasi manevr” məqsədi daşıyır”.