Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

20 Aprel 2021 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Elşad Barat

TANIŞDI MƏNƏ

Bu qar dənələri tanışdı mənə,

Elə bil evimin içinə yağıb.

Hardasa bir şəhid məzarı üstə,

Hardasa bir qızın saçına yağıb.

***

Bu qar dənələri tanışdı mənə,

Sözün dodaqlardan küsdüyü qədər.

Dilənən uşağın dayanacaqda,

Açılmış əlinin əsdiyi qədər.

***

Bu qar dənələri tanışdı mənə,

Göylərin günahın gətirib, anam.

Gör neçə sevgiyə şahidlik edib,

Gör neçə sevgini bitirib, anam.

***

Bu qar dənələri tanışdı mənə,

Deyəsən ruhumun sirdaşı olub.

Bəlkə də kiminsə günah payıdır,

Bəlkə də kiminsə göz yaşı olub.

***

Bu qar dənələri tanışdı mənə,

Buludlar göndərib, zəfər gətirib.

Birin də qoymaram yerə düşməyə,

Deyəsən, Allahdan xəbər gətirib.

GEDƏRSƏN

Özünə yer tapa bilməzsən hərdən,

Astaca xəyala dalıb gedərsən.

Nəfəsin titrəyər küləyə qarşı,

Yalançı buludtək dolub gedərsən.

***

Səni mat saxlayar şah dediklərin,

Canına itirmək qorxusu gələr.

Adamlar qayıdar, adamlar gedər,

Uzaqdan ayrılıq qoxusu gələr.

Gələr bədəninə həzin üşütmə,

Qalanar sinəndə dərd ocağı tək.

Düşüb əllərindən, sınıb bəlkə də,

Adamlar taleyin oyuncağı tək.

TƏNHA QADIN

Salam, ümidsiz qadın,

Kefin, halın necədir?

Yəqin ki, üşüyürsən,

Yaman soyuq gecədir.

***

Üşüyürmü əllərin,

Tənhalığın boyunca?

Qorxma, heç kim eşitməz,

Otur, ağla doyunca.

***

Boylan hərdən küçəyə,

Qoy sevinsin pəncərən.

Görsün buludlar səni,

Ağlasın səhərəcən.

***

Bilirəm ki, döyülməz,

Qapın, narahat olma.

Yalançı ümidlərə,

Tapın, narahat olma.

***

Hərdən də çıx şəhərə,

Özün üçün gəz, dolan.

Nə olsun yoxdur ərin,

Nə olsun yoxdur balan.

***

Nə olsun gözlərində,

Arzuların yeri var.

Bəlkə indi hardasa,

Səni sevən biri var...

***

Bəlkə yoxdu sevənin,

Tamam unudulmusan?

Hamının yaddaşında,

Yuxu kimi qalmısan.

***

Eybi yox, zaman gələr,

Bir gün yada düşərik.

Yeri get, tənha qadın,

Öləndə görüşərik.

Xavər Şəfiyeva

GÖTÜR MƏNİ

Ayrılığın ilk gecəsi,

Yola düşür arzuların bir neçəsi.

Tanrı!

Belə olmur, vallah olmur,

Gəl, yatan bəxti oyat.

Ya da götür məni,

Yenidən yarat!

Bu şəhərdən uzaq,

Baxışlar məndən uzaq.

Sevgi daha mənə yasaq,

Səmaları siyah tutub.

Ah, canımı bir ah tutub,

Tanrı, yola ötür məni.

Sən tərəfə götür məni,

Götür məni.

BƏXTİMƏ DÜŞ

Ay üzündə gözüm qalan,

Gəl, yerin var, yerinə düş.

Qəlbim səndən eşq diləyə,

Qaz qəlbimi dərinə düş.

***

Ümidə əl aç, baxta baxtdır,

Bəxtin sənə gülən vaxtdır.

Göydən alov yağan vaxtı,

Qaç könlümün sərinə düş.

***

Mənə gələn yollar uca,

Dərd düyünü aça-aça.

Nə şeş, nə cahar, nə qoşa,

Altı-altı zərimə düş.

***

Sənə yaxın Tanrıya yol,

Köksü didən boşluğa dol.

Göydən düşən üç alma ol,

Bəxtə qartək ərimə, düş.

SƏNDƏN NƏ QALDI?

Nə qoydun səndən sonra?

Nə saxladın geridə?

Dodaqlarım buz tuta,

Göz yaşlarım əridə.

Əl vurduğun saçlarım,

Saçlarım da yadlaşır.

Tökülür ovuc-ovuc,

Əllərimə dolaşır.

Ah, əllərim demişkən,

Daşınmır qollarımda.

Kəs, ya gəl qır, bilmirəm,

Gəl apar onları da.

Saxlama səndən nəsə,

İzin qala ahımda.

Çaxnaşmalar dayanmır,

Tufan qopur ruhumda.

Sakit qalmır hisslərim,

Adamdı da, neynəsin.

Bəlkə yağan yağışla,

Bir kəsilər nəfəsim.