Poeziya buketi, nəğmə çələngi
Elməddin Nicat
SEVDA TÜRKÜSÜ
Sanki baxışların göy qurşağıdır,
Mən də can atıram, keçim altından.
Həsrət dedikləri ömrə yağıdır,
Ayları, illəri salır atından.
***
Telinin altında gülümsər çöhrən,
Təzəcə oyanmış yaz günəşidir.
İllərin o başı, hardaydın görən?
Mən özüm hardaydım, tale işidir.
***
Bu hansı yoldur ki, qarşılaşmışıq,
Səmti hayanadır yolayrıcının?
Nə qərib duyğudur, çaşıb qalmışıq,
Çəkirik ağrısın bir ayrı canın.
***
İki çay bulanıb baxışımızdan,
O tay, bu tay axır gözyaşı seli.
Bizim gətirməyən naxşımızdan,
Nə güllər toxudu taleyin əli.
***
... Yazın yaxasında bənövşə süsü,
Nərgizin şeh çəkən buludu sənsən.
Sarı simdə dinən sevda türküsü,
Bağrı çatlayana bir udum səssən.
SƏN BAXAN GÖYƏ
Qar tutmasın baxışını,
Kirpiyində buz qalmasın.
Dodağında gülüş var ha,
Bir içimdi, süz qalmasın.
***
Ürək getməz yol, ağılla,
Ay gözü kür, yanağı lal.
Nə var axıt yanağınla,
Gözlərində duz qalmasın.
***
Könlüm düşməz haya, küyə,
Eşq qəlbsizə durmaz yiyə.
Hər gecə sən baxan göyə,
Çıxmayan ulduz qalmasın.
***
Min cila çək süslən, yeri,
Qulağıma səslən yeri.
Ürəyimin üstən yeri,
Ayağında toz qalmasın.
MƏNİM ÇƏKDİKLƏRİM
Yaddaşını töküb sərmə qış uzunu,
Ağrılarım buz əridən sal qayadır.
Yaşılgözlər mayalayır gül üzünü,
Çiçəkləyir, elə bil ki, yaz ayıdır.
***
Hissim, duyğum çırmalanıb keçir çaydan,
Sel aparsa körpü salmaz baxışların.
Gözlər dolur, qulaq batır hay-haraydan,
Yenə məndə mövsümüdür yağışların.
***
Gözlərimin yol çəkdiyi vağzal boyu,
Maşinistə deyin sussun, fit verməsin.
Gözüm görən gedişlərin gözüsulu,
Mən görəni qapıdakı it görməsin.
Aynur Mustafa
SƏNİN BOYDA
Evlərin ümid işığı
söndüyü hər gecə,
Ulduzları ümid saydım
gələrsən deyə.
Keçdiyin
küçələrdən istədim
ayağının izini,
Addımının səsini
dönərsən deyə.
Soyuq ayların,
əsən yarpaqlarında axtardım
titrəyən dodaqlarını.
Xəzanın sarısında tapdım
saçlarının rəngini.
Ömrün bahar yaşında,
İlin soyuq fəslində,
itirdim özümü,
Sənin boyda bir sevginin içində.
GEDƏCƏK
Bu ömür beləcə
ötüb gedəcək,
Əllərin qapıda,
gözlərin yolda.
Susacaq ürəyin,
batacaq səsin.
Açılacaq səhərlər,
doğulacaq günəşlər.
Dinəcək qırışların,
hıçqıracaq için-için.
Gəzəcək dodağında
balaca barmaq,
Titrəyəcək təklikdən,
darıxacaq qayğıya,
göynəyəcək öpüşlərə.
Beləcə baxıb gedəcək
aynadan özünə,
əyin-başına.
Bu ömür beləcə
susub gedəcək,
bizdən xəbərsiz,
səssiz-səmirsiz...
HAMIDAN GETDİYİM KİMİ
Hamıdan getdiyim kimi,
Səndən gedə bilmədim.
Bax, yenə gəlirəm,
Yenə günahlarımla,
Səhvlərimlə sənə gəlirəm.
Bu yorğun saçlarım
küləklə qucaqlaşdıqca,
Gözlərimdən şeir süzülür,
Səni pıçıldaya-pıçıldaya.
Bütün sevgilər səndən gəlir,
Bütün ayrılıqlar sənə gətirir.
Hazırladı: İsa Rəvan