Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

7 Aprel 2021 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Şəfa Rəşid

XATİRƏLƏR

Payız vaxtı yağmağımı görmədın,

Buludlarda aza-aza qalmışam.

Yenə mənəm, bu əlləri qırılmış,

Sənə məktub yaza-yaza qalmışam.

***

Ötən ilin xatirəsi min tikə,

Dizin-dizin süründürür otaqda.

Gecə düşür, qısılıram səbrimə,

Qələmimsə diyirlənir varaqda.

***

Ömür hər gün bir ağrılı daş olur,

Hey yığılır getdiyim o yollara.

Bu bəxt ki, var, ayılmayan bir yuxu,

Oyatmadın, qəbirlərə yollanar...

BİR ÖMRÜN İKİ ÜZÜ

Əllərim Tanrının eşq süfrəsində,

Diləndim bir eşqin sədəqəsinə.

İndi hər ağrımın şəklini çəkib.

Gedib tullamıram poçt qutusuna.

***

Bu ömrün bəs niyə iki üzü var,

Bəxtimmi bir nimdaş üzünə düşdü?

Bir kölgə izləyir gedən yolumu,

Bir qərib yolçunun izinə düşdü.

***

Gecələr pəncərəm önündə kölgə,

Duyarsan, masana hər gün iz düşər.

Qoy sənin kölgənə sığınım, Allah,

Kölgələr ömrümə yaman pis düşər.

KÜSDÜM SƏNDƏN

Gecə-gecə uzaqlaşdım,

Səhər-səhər küsdüm səndən.

Küçə-küçə çıxıb getdim,

Şəhər-şəhər küsdüm səndən.

***

Heç nə qalmadı yadımda,

Ömür dondu saatımda.

O bal kimi həyatından,

Zəhər-zəhər küsdüm səndən.

***

Qəm kölgəli payızıma,

Uyuşmadın avazıma.

Yapışmısan boğazıma,

Qəhər-qəhər küsdüm səndən.

***

Çatdım ömrün harasına?

Qəlbin ruhla davasına.

Bil, şeytanın havasına,

Hədər-hədər küsdüm səndən.

Aysel Xanlarqızı Səfərli

ÖMÜR SƏADƏTİM

İslanıram yanağında bir ömrün,

Bir qismətin gözlərindən tökülüb.

Yeriməyi bacarmayan arzular,

Bir ümidin dizlərində bükülüb.

***

Mənim ömür səadətim ünvansız,

Çaşbaş salıb taleyim də yolunu.

Sevinc məni qucağına alammır,

Bir qəzada itiribdir qolunu.

***

Bir ocağın istisindən soyuyub,

Yorulursan, çevrilirsən külə sən.

Sən sevgimə son nikahım, son əhdim,

Sən ömrümə imza atdın, biləsən...

SƏNİN PƏNCƏRƏNDƏ

İslanıb ayağı yenə şəhərin,

Göylərin səhəngi yerə dağılıb.

Gecəni narahat keçirib Allah,

Səmada bir qara bulud boğulub.

***

Küçələr çırmanıb topuğa kimi,

Yolların qolu yox çamur götürə...

Elə isladıb ki, məni bu həyat,

Ehtiyac qalmayıb daha çətirə.

***

Gecəsi mənimlə nəmlənən şəhər,

Günəşi çiyninə atacaq səhər.

Gəmisi tufanda batan ümidəm,

Gözümü limantək sevir dənizlər.

***

Zülməti qoynuna alan otağım,

Birtəhər yuxuya verər kədəri.

Mənim pəncərəmdə şimşəktək çaxar,

Sənin pəncərəndə yağar gözlərim.

TƏYYARƏ KÖLGƏSİ

Göylərə əmanət elədim səni,

Təyyarə kölgəsi düşdü üzümə.

Arxanca su səpən gözlərim dedi,

“Gedənlər qayıdır bəzən, üzülmə”.

***

Bir dəli uçuşla ucaldı ruhum,

Səni buludlarda gəzdi, tapmadı.

Eşqin ətəyindən üzülən əlim,

Hicrin yaxasından tutub qopmadı.

***

Səni uzaqlara daşıyan pilot,

Dönüşdə həsrəti qaytardı geri.

Qəzaya uğradı arzularım da,

Dərdim paraşütlə qurtuldu diri.

***

Mənim uçuşlarım təkbiletlik eşq,

Keçmişi daşıdı boz çomadanda.

Mənim uçuşlarım təxirə düşdü,

Ümidlər qəzada itən zamandan...