Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

1 Aprel 2021 09:57
Bəyəndim (9) Bəyənmədim (0)

Təbriz Oğuz

SƏNSİZ YAŞAMAQ

Bütün dərd-sərimi alıb çiynimə,

Qırıq xəyalları yığıb, gedirəm.

İnan ki, bu addım batıb beynimə,

Ciddiyəm, həyatdan çıxıb gedirəm!

***

Taleyim yazılmış əzəldən belə,

Çox olur həyatda itirdiklərim.

Məni dar günümdə atıb gedirlər,

Bir zaman qəlbimə gətirdiklərim.

***

Sən də tərk eyləyib çıxıb getmisən,

Amansız xəstəlik tutandan məni.

Eşitdim özgə bir evdə gəlinsən,

Məni dar günümdə atandan bəri!

***

Bəs necə barışım sənsiz həyatla?

Bu ağır dərdləri daşıyammıram!

Qoy gedim həyatdan, canım qurtarsın,

Onsuz da mən sənsiz yaşıyammıram!

BU DÜNYA

İstəyirsən yığıb-tala dünyanı,

İstəyirsən lap işğal et hər yanı.

Yola salıb neçə-neçə sultanı,

Heç bir kəsə qalan deyil bu dünya!

***

Pəncərədir bu dünya, hər kəs baxır,

Hər kəsin də qəlbinə bir od yaxır.

Köçəsisən dünyadan əvvəl-axır,

Heç bir kəsə qalan deyil bu dünya!

***

Anlaya bilmirəm mən, insanları,

Nahaq yerə niyə tökür qanları?

Var-dövlətə qurban edir canları,

Heç bir kəsə qalan deyil bu dünya!

***

Dünyanı bürüyüb fəryad səsləri,

Ürəyi dağlayan imdad səsləri.

Qulaqdan getməyən körpə səsləri,

Heç bir kəsə qalan deyil bu dünya!

***

Ey müharibə eyləyənlər, bir anlıq,

Düşünün, bu dünyaya hökmranlıq...

Mümkünsüzdür, məhv olmasın insanlıq,

Heç bir kəsə qalan deyil bu dünya!

ÖMÜR

Bu dünyaya gələn gündən,

İtirməyə başlayırıq.

Ömür gedir pərdə-pərdə,

Biz bunu alqışlayırıq.

***

İtirirsən zaman-zaman,

İlk öncə uşaqlığını.

Daha sonra gəncliyini,

Qocalanda sağlığını.

***

Nə qəribə həyatdı bu,

Alır bizə verdiklərin.

Elə bu dünyada qalır,

Qazandığın, gördüklərin.

***

Qazandığın ad-san ola,

İtirdiyin çox olsa da.

Çalış ad-sanın itməsin,

Var dövlətin yox olsa da.

***

Bu dünyaya gələn gündən,

İtirməyə başlayırıq.

Ömür gedir pərdə-pərdə,

Biz bunu alqışlayırıq.

Nigar Arif

HƏYAT

Yekə bir ağrı kimi,

Bardaş qurub oturur.

Həyat kürəyimizdə,

Yaşam ürəyimizdə.

Uça bilmirik...

Nə qədər istəsək də.

Bu qapı-pəncərədən,

Qaça bilmirik.

Ağlama, mənim balam, ağlama,

Əlindəki o qanadı qırılmış

quş üçün də ağlama.

Bir gün ölüm özü çəkəcək,

Gözümüzdən pərdəni.

Yatanlar oyanacaq,

Oyananlar uçmağı öyrənəndə.

Quşlar pıçıldayacaq:

“Qanadlar bu dünyadan

köçmək üçündür”...

UŞAQLIĞIN DALINCA

Uzaqlaşıb gözlərim yavaş-yavaş,

Eynəyimdən baxır yaşa dolunca.

Ayaqlarım məndən əvvəl yüyürür,

Qaçıb gedir uşaqlığın dalınca.

***

Gur saçlarım gəzir hörük vaxtını,

Bu qış kimi çılpaqlaşıb ağarır.

Darıxdıqca üzümə, əllərimə,

Zaman yol-yol qırışları çağırır.

***

Nağıl-nağıl qocalıram beləcə,

Nağıl-nağıl söhbətimdən, sözümdən.

Ağrılarım körpələşir balamtək,

Düşmür bir an qucağımdan, dizimdən.

***

Köhnə illər ağ-qara nöqtə kimi,

Gəlib durur domino daşlarında.

Hər oyunda uduzuram nəvəmə,

Bilə-bilə bu “uşaq” yaşlarımda.

KEÇİB GEDƏR

Ağına, bozuna baxma,

Ümidindən yapış, sözündən çıxma.

Çoxu deyir həyat özü yuxudu da, keçib gedər...

Neynirsən e, var-dövləti,

O qədər sərvəti, o qədər dərdi?

Bu dünyanın bizlər üçün,

bir əlacı, bir mədəti

yoxudu da, keçib gedər...

Bu vaxtacan öyrəşmədik yaşamağa,

Adam kimi bir adama oxşamağa.

Bəlkə hələ arzuların,

Boyu çatmır Allaha?

Nə yaşı var ömrümüzün,

Belə baxanda,

Dünya üçün çağadı da,

Ölənəcən keçib gedər...

Hazırladı: Isa Ravan