Güneydə tarixi abidələrə qarşı “soyqırım”: “İran ermənilərin əməllərini təkrarlayır”

Güneydə tarixi abidələrə qarşı “soyqırım”: “İran ermənilərin əməllərini təkrarlayır”

30 Mart 2021 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

İranın Mədəni İrs Təşkilatının laqeydliyi ucbatından qədim Asbos kəndində tarixi əhəmiyyətli məzarlıq və daş kitabələr məhv edilir.

Oxuməni.az Gunaz.tv-yə istinadən xəbər verir ki, Təbriz şəhərinin şərqində, Xosrovşah bölgəsində yerləşən Asbos kəndi çoxlu sayda tarixi məzarlıq və abidələrlə zəngindir. Əlaqədar qurumların yarıtmazlığı ucbatından bölgədə olan bir çox məzarlıq və abidələr qanunsuz qazıntılar nəticəsində dağıdılıb.
Bir çox daş heykəllər və kitabələr tarixi əsərlərin qaçaqmalçılığı ilə məşğul olan işbazlar tərəfindən oğurlanıb. Abidələrin bir çoxu isə Tehran və İsfahan muzeylərinə aparılıb.

“Abidələrin dağıdılması məqsədlidir”

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, BAO başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli Günaz.TV-yə açıqlamasında bildirib ki, Güney Azərbaycan bölgəsindəki tarixi abidələrin məhv edilməsi təsadüfi deyil: “Bu abidələr türk tarixinin bir parçası olmaqla yanaşı, türklərin bu coğrafiyada ən qədim dövrlərdən başlayaraq yaşamasını ifadə edir. Başqa sözlə, bu abidələr türklərin bu coğrafiyada gəlmə deyil, yerli olmasını ortaya qoyur. Bunu, İran İslam rejiminin ideoloqları da yaxşı bilirlər. Ona görə də Təbriz, Urmiya və digər bölgələrdəki abidələrin amansızcasına məhv edilməsi bilərəkdən baş verir. Bunun arxasında molla rejiminin özü dayanıb. Çünki onlar üçün əsas təhdid Güney Azərbaycan türklüyü, bütövlükdə türklükdür”.

“Türk izinin qədim torpaqlarımızdan silinməsinə çalışırlar”

Faiq Ələkbərli bildirib ki, bu gün molla rejiminin Güneydə etdiyi naqis əməlləri bir zamanlar Ermənistan hökuməti Qərbi Azərbaycanda (İrəvan, Göyçə, Zəngəzur) törədib:

“Eyni addımları vaxtilə Ermənistan atmış və bunu indi də davam etdirməkdədir. Həm erməni, həm də fars rejimi türk izinin qədim torpaqlarımızdan silinməsinə çalışıblar. Həm Ermənistanın, həm də İran İslam rejiminin türk abidələrinə qarşı bu cür davranışı isə beynəlxalq ictimaiyyət tərəfindən əsasən biganə qarşılanıb”.

“Quzeyli-güneyli bir yerdə hərəkət edə bilsək...”

Tarixçi alim hesab edir ki, Güney Azərbaycanda tarixi abidələrini “soyqırımı” dayandırılmalıdır: “Azərbaycan türkləri bütün vasitələrdən istifadə edərək, milli abidələrin məhv edilməsinin qarşısını almalıdır. Hesab edirəm ki, bununla bağlı Azərbaycan Respublikası və yaxud da qeyri hökumət təşkilatları müəyyən addımlar atmalıdır.

Hər halda bu abidələr hər bir azərbaycanlı üçün önəmlidir. Onu qoruyub saxlamaq üçün də birgə addımlar atmaq lazımdır. Biz, bu məsələdə quzeyli-güneyli bir yerdə hərəkət edə bilsək, o zaman beynəlxalq ictimaiyyətin diqqətini də bura yönəltmək mümkün olacaq”.