Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

18 Mart 2021 09:51
Bəyəndim (133) Bəyənmədim (0)

Şəhriyar Allahyaroğlu

DEYİL

Ev tikib, söz ilə qala qurmasan,

Adın tarixlərdə qalası deyil.

Nə məndən Nizami, nə də ki, səndən,

Məhəmməd Füzuli olası deyil.

***

Dünyada çoxları “mənəm, mən” dedi,

Günah nə səndədi, nə də məndədi.

Allahın gözündə hamı bəndədi,

Heç kim İlahinin balası deyil.

***

Qeyri fikirlərdən bircə yol daşın,

Dayağı olmalı yoldaş ,yoldaşın

Məni ruhdan salar, sözü saldaşın,

Allahın gözündən salası deyil.

YERƏ DAŞ ATMAĞIM GƏLİR

Tanrı məni göyə qaldır,

Yerə daş atmağım gəlir.

O Allahsız adamları

Vurub uzatmağım gəlir.

***

Hahaq haqqı çeynəyəndə,

Ürək dərtdən göynəyəndə.

Kədər əsər eyləyəndə,

Əsər yaratmağım gəlir.

***

Allah məndən üz döndərib,

Ruzi dedim, söz göndərib.

Həm ruh verib, həm can verib,

Sözü yaşatmağım gəlir.

***

Kim dirsəyin qoyur mizə,

Kölə kimi baxır bizə.

Tikan olub yaman gözə,

Yamanca batmağım gəlir.

***

Şər sallanıb yaxasından,

Doğru əsir qorxusundan.

Allahı öz yuxusundan,

Hərdən oyatmağım gəlir.

QANINDAN KEÇİR

Adam var bir qara qəpiyə qıymır,

Adam var vətənçün canından keçir.

Xoş gündə vətənin çörəyin yeyən,

Dar gündə vətənin yanından keçir.

***

Hər kim ki, xalqının yanında durur,

Ondadır ləyaqət, ondadır qürur.

Adam var millətin qanını sorur,

Adam var millətçün qanından keçir.

***

Şərəfli kişidən bişərəf olmaz,

Doğruya alışan dildə səf olmaz.

Mərddən törüyənlər naxələf olmaz,

Kişilik insana genindən keçir.

Rəfiqə Qasımqızı Abbasova

DƏRDİM

Dərdim buludlarla qol-boyun olub,

Tökülür aramsız hər an başıma.

Deyən, aşiq olub dərd buludlara,

Çoxdan şahidiyəm, baxma yaşıma.

***

Yuyulan dərdlərin rəngi qarışar,

Buludun leysantək göz yaşlarından.

Dərdlərim özünə qurubdur qala,

Bəxtim itirdiyi daş-qaşlarından.

***

Əl atdım bir ölçəm dərdin boyunu,

Öyrəndim, dərd elə dözüm boydaymış.

Qurmadım dərdimə mizan-tərəzi,

Sən demə, dərdim də özüm boydaymış.

***

Nə gözəl söyləyib Füzuli babam,

Dərdimi götürüb dağlara çıxdım.

Dedilər bəxtəvər durub kefindən,

Səfa sürmək üçün yaylağa çıxdı.

ANA

Gecələr yuxuma qonaq olursan,

Səssiz gəlişinə qurbanam, ana.

“Boyuna qurban” deyib- dilindən axan,

Bal dadan sözünə qurbanam , ana.

***

Ətrimi çiçəktək köksünə çəkən,

Ayrılıq dəmində göz yaşı tökən.

Gün-gündən şam təki əriyib çökən,

Heysiz dizlərinə qurbanam, ana.

***

Gözünə baxanda gözüm gülərdi,

Ürəyim gülərdi, üzüm gülərdi.

Sənə addımlayan izim gülərdi,

İtmiş izlərinə qurbanam, ana.

***

Yaşadıq bir ömrü həm sənli, mənli,

Arxa-dayaq idin, bu mənə bəlli.

Çətin müşküllərin asanca həlli,

Dürlü sözlərinə qurbanam, ana.

***

Dünyaya gələndən duydum ətrini,

Öyrətdin laylanın hər bir sətrini.

Mən uca tutmuşam əziz xətrini,

Qəmli gözlərinə qurbanam, ana.

TƏKCƏ EVİMİZİN ÖZÜ YOX İDİ

Yuxuma girmişdi ata evimiz,

Keçmiş xatirələr ağladı bu gün.

Elə bil bu evdə heç olmamışdı,

Nə şaqraq gülüşlər, nə də toy-düyün.

***

Yerbəyerindəydi evdəki hər şey,

Qəmli xatirələr yaman çox idi.

Oynayıb, gülürdü uşaqlığımız,

Təkcə evimizin özü yox idi.

***

O gün ruhu küsdü ata, anamın,

Sökülən bir yurdun söndü ocağı.

Nə qədər yüyürdüm çata bilmədim,

Boş qaldı anamın isti qucağı.

***

Atamın divardan asılmış şəkli,

Düşüb toza batdı, gülümsər üzü.

Gəlmir qulağıma anamın səsi,

Pozulub kəndara saldığı izi.

***

Tapmıram dibçəkli pəncərəmizi,

Elə bil binədən o heç olmayıb.

İyini alıram xatirələrdən,

Açılan güllərim hələ solmayıb.

Hazırladı: İsa Rəvan