Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

4 Mart 2021 09:51
Bəyəndim (6) Bəyənmədim (0)

Tural Coşqun

SƏNSİZLİK

Bizim tərəflərdə soyuqdur yenə,

Nə külək dayanır, nə yağış durur.

Səninçün o qədər nigaranam ki,

Dua eləməkdən dilim quruyur.

***

Deyirəm görəsən necədir indi,

O da mənim kimi məni düşünür?

Əzizim, sən mənə çox fikir vermə,

Mənim sənsizlikdən ruhum üşüyür.

***

Sənsizlik üşüdür məni istidə,

Sənsiz istidə də tir-tir əsirəm.

Ruhumu isitmir daha isti də,

Səndən ümidimi artıq kəsirəm.

GEDİŞİN

Gəl keç küçəmizdən bir səhər çağı,

Baxıb, seyr eyləyim lal gedişini.

Çəkib ürəyimə bir həsrət dağı,

Udum zəhər olan bal gedişini.

***

Səbirlə addımla sən yavaş-yavaş,

Nə torpaq incisin, nə də ki, bir daş.

Deyirəm nə ola bir səhər də kaş,

Dərdli sinəm üstə sal gedişini.

***

Həsrətin qəlbimi yandırdı, yaxdı,

Gözlərim hər zaman yollara baxdı.

Gəlmədin, gözümdən qanlı yaş axdı,

Qayıt, heç olmazsa al gedişini.

ANAM

Gözümün önündə qocaldın, anam,

Bizə qurban verdin öz dincliyini.

İstərəm, illərə sipər dayanam,

Qaytarım geriyə o gəncliyini.

***

Ağaran saçların mənim taleyim,

Dizlərin yastığım, balışım olub.

Sənsən axirətdə cənnət mələyim,

Etdiyin dualar yoldaşım olub.

***

Dünyaya qıyaram, sənə qıymaram,

Ömrümü xərclərəm yolunda, anam.

Oxşa saçlarımı, yenə doymaram,

Başım dizin üstə olan qurbanam.

***

Axmasın göz yaşın, bağrım dəlinir,

Bizi düşündükcə, xərcləndi ömrün.

O nurlu çöhrəndə kədər gizlənir,

Nə olar, anacan, sevincə bürün.

***

Qocalıq - uca bir zirvədir, anam.

Nurun yolumuzda Ay işığıdır.

Turalam, mən sənə sadiq oğlunam,

Varlığın evimin yaraşığıdır.

Ömür Yazar

TORPAQ OLACAQSAN!

Ölüm ucuzlaşıb, ona görə də,

Alanı çoxalıb, en qədər olub.

Məzarlar qazılıb, dəstəbədəstə,

Darısqal olan da, gen qədər olub.

***

Ölümün ağı da, qarası da bir,

Yarası əbədi iz qoyub gedir.

Cavan balaları ölən analar,

Məzarı üstünə diz qoyub gedir.

***

Ölüm adiləşib bir kino kimi,

Baxanı çoxsa da, çəkəni birdir.

Hər məzar başına gül aparan çox,

Dərdi ilə birgə, əkəni birdir.

***

Dünyanı dağıdan Adəm övladı,

Torpaq olacaqsan, bunu unutma.

Qırdığın ürəyi, aldığın ahın,

Haqqın alacaqsan, bunu unutma!

***

Səsini ucaltma, sözünü ucalt,

Qoyub gedəcəyin düzünü ucalt.

Gözünü çək dünya həndəvərindən,

Yaddaşlarda qalan üzünü ucalt!

NƏSİHƏTNAMƏ

Həqiqətdə tap eşqi,

Günlük həvəs olmadan.

Yavaş-yavaş nəfəs al,

Təngi nəfəs olmadan.

***

Gerçəyində eşələn,

Yalanında üzmədən.

Tərgit günahlarını,

Yanbayana düzmədən.

***

Sözümü düz başa düş,

Axtarma fitnə, fəsad.

Heç olmasa öləndə,

Sanballı bir, qoyaq ad.

***

Kiçiklərə ver dəyər,

Böyük dəyər qazansın.

Şeytanın başını qat,

İşlərində yubansın!

QOCALDIQ

Nə azaldıq, nə çoxaldıq,

Yorğun, yorğun, halsız, ağır.

Eyni geyim, eyni baxış,

Biz eyni yaşda qocaldıq.

***

Əllərimiz əsənədək,

Yavaş-yavaş, aram-aram.

Əcəl nəfəs kəsənədək,

Biz eyni daşda qocaldıq.

***

Qırışlar işlənib sanki,

Üzümüzə incə-incə.

Gəlib yetişmiş o an ki,

Ağarmış başda qocaldıq.

***

İllərlə boğuşub durduq,

Kimdir məğlub, kimdir qalib...

Özümüzlə müharibə,

Və savaşlarda qocaldıq.

--
Isa Ravan