Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

2 Mart 10:19
118
Bəyəndim (6) Bəyənmədim (0)

Allahverdi Buludlu

KÜLƏK

Yoxdur danışmağa dilin, ağızın ,

Necə başlayırsan , əsirsən, külək?

Riyazi dildədir sənət kağızın,

Bilinmir tam ədəd, kəsrsən, külək.

***

Bir qapı qoyursan açarı olur,

Bir yol gözləyəni, naçarı olur.

Pəncərə açılır içəri dolur,

Pəncərə örtülür, küsürsən, külək.

***

Dəyir yarpaqların yerə kürəyi,

Günah Arazdadı, yoxsa Kür əyir?

Bəlkə nəsə deyib şimal küləyi,

Üstündə sən əsir-yesirsən, külək?

***

Ölərəm, düz sözdən məni ayırsan,

Əlim göyə dəyər məni doyursan.

Əsəndə başıma sən nə qoyursan,

Vaxtı çatan kimi kəsirsən, külək?

***

İşin avand olsun, xeyir deyirəm,

Pırtlaşıq saçını ayır deyirəm.

Baxırsan mən sənə şeir deyirəm,

Baxıram, sən mənə nə sirsən, külək.

YANINA DÜŞƏYDİM

Səni sevdiyimi üz yanağımda ,

Buraxdı gözlərim yaş dimdiyində.

Elə bil kirpiyim təbil çalırdı,

Bulağa dönürdü daş dimdiyində.

***

Həsrətin sinəmə yara salırdı,

Gah ara verirdi, ara salırdı.

Təbiət buraxmır, qara salırdı,

Yaza göndərirdi qış dimdiyində.

***

Nə intizar çəkib yolda duraydın,

Nə bənövşə olub kolda duraydın.

Elə qapınızda, çöldə duraydın,

Yanına düşəydim quş dimdiyində.

SİZİN EVİNİZ

Bizim evə çox yaxındı,

Baxanda sizin eviniz.

Araz çayı - Boztəpədi,

Axanda sizin eviniz.

***

Kim üz tutur hərb tərəfə,

Axır gəlir həb tərəfə.

Mən gedirəm Qərb tərəfə,

Çıxanda sizin eviniz.

***

Gör mənə nələr etmisən,

Onu kim edər, etmisən!

Bu evdən gəlin getmisən,

Yaxanda sizin eviniz.

Rəşidə Allahverdiyeva

MİSRALAR YAZIR MƏNİ

Dağ boyda ümidlərim,

Dönür toza, bilmirəm.

Kağız qaralayıram,

Şeir yaza bilmirəm.

***

Ürəyimin şəklini,

Hara gəldi çəkirəm.

Mən şeir yazmıram ki,

Dərdlərə ev tikirəm.

***

Dua edin ölmədən,

Təşnə ruhuma dönüm.

Sizə şeir yazacam,

Şuşaya getdiyim gün!

***

Hələ ki, mən yazmıram,

Misralar yazır məni.

GEDİM

Ay ömür, daş olub qalmağım gəlmir,

Gəl məni çöp elə, qat selə gedim.

Nolar, qayğına de düşsün yaxamdan,

Qatmasın başımı bir belə gedim.

***

Bu topal sevincim qəmi haqlamaz,

Ha çəkəm, həsrətin dişi laxlamaz.

Boş ümid yolçunu yoldan saxlamaz,

Yəqin ki, pas atıb bu tələ, gedim.

***

Bacar, qəm yükümü boynuna götür.

İtir yollarımdan, izimi itir.

Mənim ölümümdən iyirmi il ötür...

Niyə saxlamısan, dəfn elə gedim,

Bu son diləyi də sən dilə, gedim.

BAX BULUDLARA

Nə vaxtsa yadına düşsəm, darıxma,

Boylan buludlara, bax buludlara.

Sıxsa o ev səni, o şəhər səni,

Bir nərdivan görür, qalx buludlara.

***

Kül olan ruhların izidir bulud,

Göylərin utanan üzüdür bulud.

Tanrının ağlayan gözüdür bulud,

Gəl sən də gözünü sıx buludlara.

***

Nə ev qayğısı çək, nə iş, nə çörək,

Üzünə gün düşsün, oxşasın külək.

Ağla, dizin üstdə açsın min çiçək,

Sonra dər birini, tax buludlara.

***

Mən də bir buludam, ruhum dərbədər,

Bir gözüm Laçındır, biri Kəlbəcər.

İstədim Şuşaya köçəm birtəhər,

Yalvardım insafı yox buludlara.

***

Gəl daha daş olmuş arzularımı,

Döndər bir şimşəyə, çax buludlara.

Hazırladı: İsa Rəvan