Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

23 Fevral 2021 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

Üzeyir Tahiroğlu

ALLAHIM

Hər arzumu, istəyimi,

Qəbul edirsən hər zaman.

Sənə vardır daim inam,

Şükür sənə, ay Allahım!

***

Əl açıb edirəm dua,

Gözəl Allah məni duya.

Arzularım düşmür suya,

Şükür sənə, ay Allahım!

***

Varlığına qurban olum,

Sənsən hər zaman pənahım.

Müqəddəsdir o pak adın

Şükür sənə, ay Allahım!

***

Ucalardan çox ucasan,

Sənə bağlıdır varlığım.

Üzeyirin baş tacısan,

Şükür sənə, ay Allahım!

ŞƏHİDİM

Şəhid Ceyhun Mustafazadənin əziz xatirəsinə

Yad əlləri uzananda vətənimin qəsdinə,

Məğrur getdin düşmənlərin üstünə.

Yüksəldin sən şəhidlik zirvəsinə,

Şəhadətin uca olsun, şəhidim.

***

Fəxr edir səninlə bütün qohumlar,

Ürəyində qaldı xeyli arzular.

Yerdə qalmayacaq axan o qanlar,

Məzarın qoy nurlara dolsun, şəhidim!

***

Yaman məyus etdin Ceyhun, bizləri,

Hər kəsin yaş ilə doldu gözləri.

Büküldü atanın məğrur dizləri,

Xatirən qəlblərdə qalsın, şəhidim!

ÜRƏYİM

Qınamıram daha səni,

Yaşadırsan hər an məni.

Bu qədər əzabı, dərdi,

Daşıyırsan sən ürəyim.

***

Bir gün olsun dincəlmədin,

Rahatlıq nədir, bilmədin.

Dayanmadın, heç durmadın,

Vurursan sən, vur ürəyim!

***

Dözürsən hər bir əzaba,

Dözmək çətin olsa belə.

Döyünürsən dayanmadan,

Döyünginən, sən ürəyim!

Lilpar Cəmşidqızı

TALEYİMLƏ BARIŞDIM

Ağrılara, əzablara alışdım,

Tanrı yazan taleyimlə barışdım.

Yaşamaqçün ömrüm boyu çalışdım,

İtib günüm, itib ayım, ilim yox.

***

Zaman çəkib ayağımdan çarmıxa,

Fələk məni ya dikəldə, ya yıxa.

Gözlərimdən öyrənmişəm sel axa,

Yanağımı islatmağa selim yox.

***

Var-dövlətə nəfsim, gözüm tox olub,

Mən yandıqca ümidlərim yox olub.

Od-alovum ürəyimdə çox olub,

Alışmışam, amma yerdə külüm yox.

***

Dərd-sərimi az eyləsin, Allahım,

Bu ömrümü yaz eyləsin, Allahım.

Mənim üçün ta neyləsin, Allahım,

Mən çəkdiyim zülm kimi, zülm yox.

***

Nə olsun ki, bu dünyada mən varam,

Sağalmayıb sinəmdəki bir yaram.

Ömrü boyu dərdi yeyən Lilparam,

Vətənsizəm, nə bir obam, elim yox.

XƏYALLARIM

O qədər xoşbəxtəm, ay Allah, bu gün,

Səpmisən sevinci üzümün üstə.

Mən necə dünyadan narazı qalım,

Yar qoyub başını dizimin üstə.

***

Salmayaq bir daha ayrılıqdan söz,

Dəyməsin sevgimə yad nəzər, yad göz.

Mənim ürəyimdə alışdıqca köz,

Yar qoyur odunu közümün üstə.

***

Harda var mənimtək bəxtəvər insan,

Çəkilib yolumdan, nə gözəl, hicran.

Mən özüm olaram o yara qurban,

Nə desəm, o deyə gözümün üstə.

***

Yar mənə şeirdi, nəğmədi, Allah,

Ən gözəl deyimdi, kəlmədi, Allah.

Yoxsa sözlərimlə eylədim günah?

Dəyməyir ləpiri izimin üstə.

***

Lilparam, yalanı doğru eylədim,

Hər sözü, söhbəti burda söylədim.

Sevgini özümə qismət eylədim,

Kaş doğru gələydi sözümün üstə.

SƏNİ GÖZLƏYİRƏM

Budaqda saralan tənha bir güləm,

Üşüdür həsrətin soyuğu məni.

Sənsizlik qoymur ki, danışam, güləm,

Yoxluğun veribdi qəmi, qüssəni.

***

Hardasan, qayıt gəl, vüsala yetək,

Sənin varlığına güvənim bir az.

Gəl ki, sevənlərin biz yolun gedək,

Sevib, sevilənlər qovuşsun bu yaz.

***

Yaxınsan an kimi, uzaqsan iltək,

Əllərim uzanıb yoluna sarı.

Məni oxşamadın bir zərif gültək,

Verdiyin sözləri tutaydın barı.

***

Hərdən xəyalınla söhbət edirəm,

Hərdən gəl yuxuma, toxun sən mənə.

Görmürsən ömrümü çeynəyir bu qəm?

Sənsizlik xar olub, dolub, gülşənə.

***

Sənsiz bu dünyanı neynirəm, axı,

Sənsiz bu dünyada tək olacam, tək.

Artırma verdiyin dərdlə günahı,

Səni gözləyirəm, bax, budu gerçək.