Rusiyalı nənələrin birinin qolu protezdir

Rusiyalı nənələrin birinin qolu protezdir

25 May 2012 20:29
Bəyəndim (0) Bəyənmədim (0)
Digər nənə isə xərçəngdən əməliyyat olunub

"Eurovision-2012" Mahnı Müsabiqəsinin favoritlərindən biri də Rusiya təmsilçisi "Бурановские бабушки (Buranovo nənələri)" qrupudur. Qrupun üzvləri səmimiyyətləri və gözəl şouları ilə hər kəsin diqqətini cəlb edə biliblər. Hətta bu qrupu çempion görənlər də az deyil. Onların Azərbaycanda pərəstişkarlarının çox olduğunu nəzərə alaraq, "Бурановские бабушки (Buranovo nənələri)" haqda qısa araşdırma apardıq.

İlk əvvəl məlum oldu ki, nənələr Rusiya Federasiyasının Udmurt muxtar respublikasının Buranovo (udmurt dilindən tərcüməsi, Boran oba) qəsəbəsinin Малая Пурга (Kiçik çovğun) kəndindəndirlər. Kəndin və qəsəbənin adından, həmçinin nənələrin qıyıq gözlü olmalarından görünür ki, onlar da türk əsillidirlər. Daha dəqiq desək, nənələr türk əsilli pravoslav xristianlar olan udmurt xalqının nümayəndələridir.

İndi isə keçək qrupun əsas üzvlərinə. "Бурановские бабушки (Boran oba nənələri)" qrupunun bədii rəhbəri Olqa Tuktaryovanın 44 yaşı var. Ona nənə demək mümkün olmasa da, özü nənə yanında böyüyüb. Məhz buna görə də ağbirçəklərə hörməti sonsuzdur. Kollektivin yaranma ideyası da məhz bu istəkdən irəli gəlib.

Qrupun ən tərs ifaçısı 73 yaşlı Qalina Konevadır. O, ingiliscə mahnı oxumaq istəmirdi. Lakin nəqəratın tərcüməsini eşitdikdən sonra razılığını verib. Qalya nənə idmançı olsa da, 30 yaşında xərçəng xəstəliyindən əməliyyat olunub. 3 uşaqla əyyaş ərindən boşanıb. Uşaqlar böyüdükdən sonra şəkər xəstəsi olan əri onun yanına qayıdıb. 13 ildən sonra əri Qalya nənənin əllərində ölüb. O, suyu bulaqdan gətirir. 1 ilə əvvələ, kəndə qaz çəkilənə qədər evi odunla təmin edib. Böyük şəxsi təsərrüfatı var. Evdən çıxanda həmişə kağıza məlumat yazıb qapıya asır. Bu dəfə Bakıya gələrkən kağızda "qələbə dalınca getmişəm" sözlərini yazıb.

Qrupun boyca ən balaca, yaşca ən böyüyü olan Nataliya Puqaçova ən şən üzvüdür. Zarafatçı, gülərüzdür. Özünün dediyinə görə, Alla Puqaçova ilə uzaq qohumdur. 56 ildir Afanasiy Afanasiyeviç Puqaçovla evlidir. Əri Nataşa nənəni çox qısqanır. Hətta özünün dediyinə görə, Bakıya da çətinliklə buraxıb.

74 yaşlı Valentina Pyatçinkanın bir əli protez olsa da, o, hər yaz pomidor əkir. 10 il əvvəl Valya nənə şəhərdən gələn nəvələrinə sürpriz etmək üçün evində inşaata başlayıb. Bu zaman elektrik mişarı koftasının qoluna burulub və qolu qopub. Ümumiyyətlə, onun başı çox dərdlər çəkib. Valya nənə cavanlıqda 2 uşaqla ərindən boşanıb, oğlanlarını tək böyüdüb. Onlardan biri sonradan ölüb. Bir neçə il əvvəl isə balaca nəvəsi Valya nənəni ölümdən xilas edib. Qışda xizəklə sürüşəndə nənə çaya yıxılıb. Azyaşlı oğlan nəvəsi onu çətinliklə çaydan çıxarıb. Valya nənə cavanlıqda Rus dili müəllimi işləyib. Türkmənistan Ali Sovetinin fəxri fərmanı ilə təltif olunub. Hazırda 2 oğlan nəvəsi var. O, Bakıda qələbə qazanmaqla həyatındakı dərdlərə birdəfəlik son qoymaq istəyir.

Qrupun digər üzvü Zoya nənə həm də mahir aşpazdır. O, bütün Бураново (Boran oba) qəsəbəsində məşhurdur. Cavanlıqdan bəri aşpaz işləyib.

Əslində, qrupdakı nənələrin sayı 8-dir. Biz isə ümumi olaraq onlardan bir neçəsi haqda məlumat verdik. Onu da qeyd edək ki, nənələr qələbə qazanacaqları halda qazandıqları pulla Бураново (Boran oba) qəsəbəsində kilsə tikdirəcəklər.

Ağbirçəklərə hörmət sənətə məhəbbəti inkar etmir...

Könül Aypara

O.M.