Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

12 Yanvar 2021 11:15
Bəyəndim (2) Bəyənmədim (0)

Elməddin Laçınlı

ŞƏHİD DOĞULUR

Ya çox gec, ya erkən şəhid olmur ki,

Haqqa qovuşarkən, şəhid olmur ki.

Şəhid döyüşərkən şəhid olmur ki,

Şəhid, doğulandan şəhid doğulur!

***

Zahiri bir başqa, özü bir başqa,

Vətənçün alışır, közü bir başqa.

Fikiri bir başqa, sözü bir başqa,

Hər bir kəlməsində hikməti olur,

Şəhid, doğulandan şəhid doğulur!

***

Vətəndir gözünün qarası-ağı,

Vətən həsrətidir qəlbinin dağı!

Əgər düşməndəsə ana torpağı,

Dindirmə, hiddətdən gözləri dolur,

Şəhid, doğulandan şəhid doğulur!

QURBAN OLUM!

Qarabağ bizim deyən,

Dilinə qurban olum.

Düşməni məhv eyləyən,

Əlinə qurban olum!

***

Yaşa igid əsgərim,

Var ol, mərd cəngavərim!

Qorxusuz müzəffərim,

Selinə qurban olum!

***

Ana, gözün yaşına,

O alın qırışına.

Vətən, torpaq-daşına,

Gülünə qurban olum!

***

Ey ali Baş Komandan,

Zəfərə verdin fərman.

Hər nəfəri bir aslan,

Elinə qurban olum!

LAÇIN

Bu son dəqiqədir, bu son saatdır,

Nisgillər bu gecə bitəcək, Laçın!

Öpüb torpağını oğulun, qızın,

Şükürlə səcdəyə gedəcək, Laçın!

Ot basmış cığırı, yolu kəndimin,

O solğun yamacı, yalı kəndimin.

Sevincdən müqəddəs, ulu kəndimin,

Dağları lərzəyə gələcək, Laçın!

Vətən oğul desin, bağrına sıxsın,

Dəyməyin, sevincdən göz yaşım axsın.

Elməddin qoxlayıb vətən qoxusun,

Gözünün yaşını siləcək, Laçın!

Aysel Nazim

VAR OL, BAŞ KOMANDANIM!

Yaraşır şəninə Sərkərdə adı,

Əzmin yenilməyən uca qaladı.

Ulu öndərimin şanlı övladı,

Var ol, millətimin Baş Komandanı!

***

Vətəndən güc alıb sənin qüdrətin,

Sönməz bir ocaqdır yurd məhəbbətin.

Uca zirvələrtək əyilməz, mətin,

Var ol, millətimin Baş Komandanı!

***

Heç vaxt yorulmasın döyüşən qolun,

Yağılar olsa da sağın, həm solun.

Millətə şərəfdir müzəffər ordun,

Var ol, millətimin Baş Komandanı !

MÜZƏFFƏR ORDUM

Sinəmdə fəxarət bir nuru yanır,

Ruhum nəğmə-nəğmə bu gün oyanır.

Üçrəngli bayrağım göydən boylanır,

Düşmənə dağ çəkir Müzəffər Ordum!

***

Qırdın iztirabın dəmir qəfəsin,

Çin olub ən böyük arzum, həvəsim.

Dünyanı dolaşır sorağın, səsin,

Düşmənə dağ çəkir Müzəffər Ordum!

***

Şuşalı günlərin gəlir sədası,

Qarabağ olubdur dərdlər dəvası.

Ömrünə nur səpir öndər dühası,

Düşmənə dağ çəkir Müzəffər Ordum!

HİKMƏT MİRZƏYEV

(Şuşa fatehi general-leytenant Hikmət Mirzəyevə)

Qalibsən sən hünər yarışlarında,

Adın var millətin alqışlarında.

Zəfər müjdəsi var baxışlarında,

Şuşanın fatehi, şanlı qardaşım!

***

Vətən sevgisidir qolun-qanadın,

Zəfər dastanıdır səngər həyatın.

Könüllərdə gəzir qəhrəman adın,

Şuşanın fatehi, şanlı qardaşım!

Sənə qucaq açdı dağ da , dərə də,

Vətən eşqi gördün hər mənzərədə .

Payın var bu şanlı qələbələrdə,

Şuşanın fatehi , şanlı qardaşım!

***

Canlı səngər kimi gəzib, dolaşdın,

Qayalar dırmaşıb, dağları aşdın.

Qəlbində düşmənə nifrət daşıdın,

Şuşanın fatehi, şanlı qardaşım!

***

Azadlıq ətrinə bələnib torpaq,

Zəfər libasını geyib Qarabağ.

Şuşada ucaldıb üçrəngli bayraq,

Şuşanın fatehi, şanlı qardaşım!

Hazırladı İsa Rəvan