Poeziya buketi. nəğmə çələngi

Poeziya buketi. nəğmə çələngi

7 Yanvar 2021 10:26
Bəyəndim (55) Bəyənmədim (0)

Amir Mustafa

SALAM, ŞƏHİDİM

Salam, şəhid anası,

Mən də sənin bir balan.

Olmasam da qəhrəman,

Şuşa, Kəlbəcər alan.

***

Sənin oğlun tapşırıb,

Səni mənə yol aldı.

Məhz onun sayəsində

Ordumuz zəfər çaldı.

***

Salam, şəhid atası,

Sən necə qürurlusan.

Dağ boyda oğlun gedib,

Yenə də dik durmusan.

***

Ağappaq saçlarından,

Nur saçılır, nur ata.

Hər zaman qürurlu ol,

Həmişə dik dur, ata.

***

Salam, şəhid bacısı,

Dağ gördün, dağ itirdin.

Üzü nurlu bir igid,

Arxa, dayaq itirdin.

***

İndi bütün xalq sənin,

Qardaşındir, ay bacı.

Sən şəhid bacısısan,

Yoxdur sənə tay bacı.

***

Salam, şəhid qardaşı,

Yaş tutmasın gözünü.

Hər an şəhid olmağa,

Hazır elə özünü.

***

Sənin qardaşın sonra,

Mənim qardaşım gedər.

Sonra mən, sonra da sən,

Sonra bütün igidlər.

***

Salam, şəhidin yarı,

Bilirəm, darıxırsan,

Bir ümid gələr deyə,

Pəncərəyə baxırsan.

***

Bilirsən gəlməyəcək,

Yol yoxdur daha geri.

Şəhid olub igidin,

Cənnətdir onun yeri.

***

Ey şəhidin övladı,

Boynunu bükmə qəti.

Çünki heç bükülmədi,

Atanın şux qaməti.

***

Şəhiddir sənin atan,

Ey xalqımın çırağı.

Şəhidlər diri qalır,

Şəhidlər ölmür axı.

BƏLKƏ QAYITMADIM

Haqqını halal et mənə,

Bəlkə getdim, qayıtmadim.

Son şeirdir yazdım sənə,

Bəlkə getdim, qayitmadim.

***

Getməliyəm, demə getmə,

Kişinin borcudur getmək.

Gəlməyimə ümid etmə,

Bəlkə getdim, qayitmadim.

***

Tam vaxtıdır getmək üçün,

Düşməni məhv etmək üçün.

Qeyrətini çəkmək üçün,

Bəlkə getdim, qayitmadim.

***

Yaddaşlarda qalım gərək,

Vaxtdır, zəfər çalım gərək.

Mən də şəhid olum gərək,

Bəlkə getdim, qayitmadim.

***

Dik tut hər zaman başını,

Yad görməsin göz yaşını.

Hazır elə baş daşımı,

Bəlkə getdim, qayitmadim.

***

Qarabağa gedir bu yol,

Dua elə mənə, bol-bol.

Qurban olum, muğayat ol,

Bəlkə getdim, qayitmadim.

***

Ağlama gözəl sevgilim,

Dua elə, qoy tez gəlim.

Bəlkə qayıtdım, nə bilim,

Bəlkə getdim, qayitmadim.

BİR ƏSGƏRİN DİLİNDƏN

Dua elə hər anında,

Qaralmasın heç qanın da.

Dostlar, tanışlar yanında,

Yad et şirin sözlə məni,

Qayıdacam, gözlə məni.

***

Başım qarlı dağ başıtək,

Tanınmayan bir naşıtək.

Gözündəki göz yaşıtək,

Kövrələndə gizlə məni,

Qayıdacam, gözlə məni.

***

Anam oğul deyən kimi,

Dizlərinə döyən kimi.

Nənəm əzizləyən kimi,

Röyamda əzizlə məni,

Qayıdacam, gözlə məni.

***

Qayıdacam bil ki, mən də,

Çox ağlama, gülməsən də.

Məndən xəbər gec gələndə,

Sən ayırma “bizlə” məni,

Qayıdacam, gözlə məni.

***

Birdən arzuma çatmasam,

Verdiyim sözü tutmasam.

İşdir, birdən qayıtmasam,

Cənazəmdə izlə məni,

Sən yenə də gözlə məni.

Xatirə Dalğa

AZƏRBAYCANIM

Əyilmə sən bir daha,

Polad Azərbaycanım!

Tək yolun var, qələbə,

Cihad, Azərbaycanım!

Ruhunu sındırmasın,

Şəhidlərin çoxluğu.

Üzməsin ürəyini,

Poladın, Mübarizin,

İgidlərin yoxluğu.

Azadlığın şərbəti,

Şəhid qanı dadacaq.

Nə qədər ki, millətdə,

Vətəninə sevgi var.

Əngəl olsa da kimsə,

Canları bahasına

Vətəni yaşadacaq!

Ana Vətən uğrunda

Ölən olmasa əyər,

Həmin torpaq gün-gündən

Məhvinə doğru gedər.

Şəhidlərin ruhunun

Naminə ayağa qalx,

Sən də Vətən oğlusan

Vətənin dərdinə yan!

Gəl halına sən də bax,

Qırıb içimizdəki

Kin, küdurət zəncirin.

Birlik halqası qurub,

Yağı düşmən boynundan

Asmaq gərəkir çoxdan,

Ədalətin kəndirin!

ŞƏHİDİM

Mən sənə bir kitab yazası olsam,

Adını qoyacam can, can, şəhidim.

Mən sənsiz dünyada qalası olsam,

Od tutub yanacam, aman, şəhidim.

***

Mən sənə göz yaşı tökəsi olsam,

Dənizə çevrilər hər yan, şəhidim.

Mən sənsiz tikəmi böləsi olsam,

Boğazıma dolar al qan, şəhidim.

***

Mən səni həsrətlə gozləsəm yenə,

Tükənməz, bitməz ki, hicran, şəhidim.

Mən sənsiz qalmağı öyrənsəm əgər,

Qopar qəlbdə tufan hər an, şəhidim.

BAYRAĞIM

Sən çıxmısan zülmət, zülmün içindən,

Aydınlaşır daha bütün sabahlar.

Ey uğrunda şəhid olan bayrağım,

Nahaq yerdə qalmayıbdı bu ahlar.

***

Doya-doya torpağında gəzəsən,

Bax, qələbə qoxur artıq, bu hava.

Gözümüzü sevinc yaşı bəzəsin,

Qələbəylə möhürlənsin bu dava!

***

Yaşadıqca bu xalqımız, ordumuz,

Fəxr eylə sən, qürurla sən dalğalan.

Sənə baxıb köks ötürsün düşmənin,

Qoy əbədi köksü qalsın, dağlanan!

Hazırladı: Isa Ravan