Böyük şəxsiyyət, fədakar alim Qurban Bayramovu daha dərindən tanıdım

Böyük şəxsiyyət, fədakar alim Qurban Bayramovu daha dərindən tanıdım

24 May 2012 10:23
2 832
Bəyəndim (0) Bəyənmədim (0)

Ədəbiyyatşünas-tənqidçi Qurban Bayramov haqqında bir alim kimi çox qiymətli məlumatım vardı. Lakin bu kitab "Qurban Bayramov – şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti…" mənim onun haqqında bildiklərimi misli görünməyən həcmdə zənginləşdirdi.

Fikrinizi keçən əsrin 1970-ci ilin mayında filoloji elmlər doktoru, görkəmli alim Məsud Əlioğlunun Qurban Bayramovun "Aşıq gördüyünü çağırar" referatı haqqında yazdığı xüsusi rəydə vurğuladığı məqamlara yönəltmək istəyirəm: "Müəllifin mühakimələri aydın, dili tutarlıdır. Ən əsası da, referat səlis və rəvan bir dildə yazılmışdır. Müəllif tənqidçinin məqalələrində nəzərə çarpan fikri – elmi təzəliyi konkret faktlar əsasında şərh etdiyi kimi, onun nöqsanlarını, zəif cəhətlərini də inandırıcı hökmlərlə sübut edə bilmişdir. Nəzərdə tutulan mövzu – məsələnin düzgün və obyektiv mövqedən həll etmək baxımından əhəmiyyətlidir. Bütün bunları nəzərə aldıqda, Qurban Bayramovun "Aşıq gördüyünü çağırar" məqaləsini elmi referat kimi qəbul etməyi məsləhət bilirəm".

Məsud Əlioğlu bu fikirləri 42 il öncə, yəni Qurban Bayramovun 23 yaşı olanda onun yazdığı əsər haqqında söyləmişdi. Qurban Bayramov bir nöqtədə saymamışdır, gündən-günə inkişaf etmişdir, yeni-yeni qiymətli əsərlər yaratmışdır. Şair-publisist Şahməmməd yeni essevari tənqidi publisistika janrında Qurban Bayramovun bir tənqidçi-alim, böyük bir şəxsiyyət kimi dünyasını aça bilmişdirmi? Mən bir jurnalist kimi demək istəyirəm ki, şair-publisist Şahməmməd məqsədinə çatmışdır. Haqlı olaraq əsərin adını "Qurban Bayramov – şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti" adlandırmışdır.

Bu illərdə akademik, xalq şairi Bəxtiyar Vahabzadə deyirdi: "O, hələ gəncdir, lakin mən onda böyük perspektiv görürəm…"

Buradaca ədəbiyyatşünas-dilşünas alim, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun Qurban Bayramov haqqında dedikləri də yerinə düşür: "Qurban Bayramov müasir tənqid və ədəbiyyatşünaslığımızda geniş yaradıcılıq imkanlarına malik alimlərdəndir. Onun hələ 70-80-ci illərdə çap etdirdiyi "Vurğun poeziyası", "Lirik qəhrəman və zaman" monoqrafik kitabları böyük maraq doğurmuşdu və akademiklərdən Məmməd Cəfər, Bəxtiyar Vahabzadə, professorlardan Mirzağa Quluzadə, Qasım Qasımzadə, Qulu Xəlilov, Cəlal Abdullayev, Yəhya Seyidov kimi görkəmli elm adamları onu yüksək qiymətləndirmişdilər".

Şair-publisist Şahməmməd nəhəng ədəbiyyat, elm adamları və alimlərin fikirlərini əsas tutaraq, Qurban Bayramovu böyük şəxsiyyətlər səviyyəsinə qaldıra bilmişdir.

Filologiya elmlər doktoru, professor Nizaməddin Şəmsizadə onun haqqında yazırdı: "Qurban Bayramovun tədqiqatları müasir ədəbi-nəzəri fikrimizin dəyərli faktları kimi qiymətləndirilə bilər. O, müasir ədəbi prosesin inkişaf ahəngi ilə nəfəs alan professional tənqidçidir. O, professional tənqidçi kimi ədəbi gəncliyin ən qayğıkeş dostu və məsləhətçisidir. Qurban Bayramov könlünü şeirə verən alimdir…"

Kitabı vərəqləyib oxuduqca ilk dəfə şairin, yəni Şahməmmədin ədəbiyyatşünas-tənqidçiyə yanaşma tərzini gördüm və onun çıxardığı qiymət yaddaşımda həkk olundu: "Qələmə aldığım essevari tədqiqi publisistik ədəbi-estetik dialoqun ədəbiyyatımızda yaşanan uzaqlı-yaxınlı, qaranlıqlı-işıqlı, acılı-şirinli sədası alim ədəbiyyatşünas-tənqidçi Qurban Bayramovun ədəbi baxışlarından gəldi, əks-sədası isə məndən.

Ədəbiyyatımızdakı xidmətləri, Qurban Bayramovun ədəbi portreti yalnız və yalnız şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti kimi qiymətləndirilməlidir!"

Kitab dörd hissədən ibarətdir. Birinci hissə "Fədakar alim ömrü", ikinci hissə "Vurğunşünas alim Səməd Vurğunun ev muzeyində", üçüncü hissə "Düşüncələr… Düşüncələr… Düşüncələr", dördüncü hissə "Poeziyanın sirri: çaylar geriyə axmır, dənizə can atır və yaxud qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poetik portreti" adlanır. Dördüncü hissənin müəllifi ədəbiyyatşünas-tənqidçi alim Qurban müəllim özüdür. İlk dəfədir ki, bir kitab daxilində, mini monoqrafiya şəklində yazılmış digər bir kitabı oxuyuram. Şair-publisist Şahməmmədin dediyi kimi, o, həmin əsəri öz kitabına təsadüfən daxil etməmişdir. O yazır ki, nə üçün oxucular səda və əks-səda doğuran kitabları ayrı-ayrılıqda axtarmalı olsunlar? Şair-publisist Şahməmməd Qurban Bayramovun böyüklüyünü bir daha nəzərə çatdırmaq üçün haqlı olaraq öz kitabının dördüncü hissəsində onun yazmış olduğu "Poeziyanın sirri…" mini-modern monoqrafiyasını dərc etmişdir.

Qurban Bayramovun fədakar alim, dəyərli insan, böyük şəxsiyyət olduğunu kitabın birinci hissəsi daha qabarıq şəkildə açır. Bunu təsdiq etmək üçün ədəbiyyatşünas-tənqidçi alimin yazmış olduğu bir sıra əsərlər göz önünə gətirilir. "Vurğun poeziyası", "Lirik qəhrəman və zaman", "Yaşar Qarayev: mili yaddaş təhlili - Azərbaycançılıq", "Yaralı Vətənin yaralı övladları", "Sovet həyat tərzi və müasir ədəbiyyatın qəhrəmanı", "Süleyman Rüstəm" (kollektiv), "Sosializm-realizm müasir mərhələdə", "Cəsurların döyüş yolu", "Azərbaycan ədəbiyyatı tarixi 7-ci cild", "Müasir Azərbaycan poeziyasında üslubi meyllər", "Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik", "M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı", "Səməd Vurğun dünən, bu gün və sabah", "M.H.Şəhriyar poetik üslubu", "Qarabağ ədəbi mühiti – uzaq keçmişimizdən bu günlərə qədər", "İbrahim Göyçaylı dünyası"(kollektiv), "Poeziyanın sirri: çaylar geri axmır, dənizə can atır və yaxud qəlbini nar təki kağıza sıxan şair Şahməmmədin poeportreti", "Əli İldırımoğlunun yaradıcılıq yolu: mili-mənəvi dəyərlərin bədii salnaməsi və yaxud müasir Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülü" və s. 300-dən çox elmi məqaləsi mətbuat səhifələrində dərc edilmişdir. Bu məqalələrdən bəziləri, o cümlədən "Ədəbiyyat generalları və pərqu yastıq sindromu…", 2010-cu ilin şeirləri əsasında yazdığı "Müasir poeziyanın imkanları və imkansızlığı…" ədəbi ictimaiyyətdə xüsusilə geniş rezonansa səbəb olmuşdur.

Qurban Bayramov hər ədəbi uğur üçün sevinən, müasirliyə cavab verməyən yazılar üçün kədərlənən tənqidçidir. Onun böyüklüyü bir də ondadır ki, oxuduqlarını müsbət və ya mənfi tərəfdən obyektiv olaraq qətiyyətlə qiymətləndirərək müəllifə doğru, düzgün yol göstərməkdir... Şair-publisist Şahməmməd yazır ki, mən şeir yazanda Qurban müəllim gözlərimin qarşısında dayanır. Onun müqəddəs ədəbiyyat naminə verdiyi tövsiyələr dəniz kimi könlümü qabardır.

Qurban Fərman oğlu Bayramov 1946-cı ildə may ayının 30-da Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kəndində dünyaya göz açmışdır. Orta təhsilini bitirib indiki N.Tusi adına ADPU-nun filologiya fakültəsinə daxil olmuşdur (1963-cü ildə). Əvvəlcə müəllim, sonra tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır (1967-71-ci illər). Hərbi xidmətdə olmuş, 1970-74-cü illərdə aspiranturada təhsil almışdır. Filologiya üzrə fəlsəfə doktorudur. Ədəbiyyatşünas-tənqidçidir. Hal-hazırda Azərbaycan MEA-sı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisidir. Azərbaycan Yazıçılar Birliyinin, Respublika Qarabağ Ağsaqqallar, Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvüdür. 1979-cü ildə Səməd Vurğun poeziyası ilə bağlı dissertasiya müdafiə etmişdir.

Yazdıqlarım bir alim ömrünün qısa şəkildə xronikasıdır. Şair-publisist Şahməmməd isə "Qurban Bayramov – şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti…" kitabında demək olar ki, ona, onun yaradıcılığına söz mülkündən əbədi bir heykəl qoymuşdur.

Şair-publisist Şahməmməd adı çəkilən kitabın üzərində işləyərkən Səməd Vurğunun ev muzeyində Qurban Bayramovun anadan olmasının 65 illiyi ilə əlaqədar yubiley keçirilməsi qərara alınır. Əlbəttə, şair-publisist Şahməmməd bu məsələdən kənarda qala bilməzdi. O, həmin yubileydə iştirak edir və gördüklərini, eşitdiklərini qələmə alaraq kitabın ikinci hissəsini "Vurğunşünas alim Səməd Vurğunun ev muzeyində" adlandırır. Qurban Bayramovun 65 illiyi çox təntənə ilə keçirilir və bütün bunlar kitabda öz əksini tapır. O deyilənləri yazmaq, bu məqalənin çərçivəsinə salmaq çətin olduğundan bəzi məqamlara toxunmağı özümə borc bilirəm.

Mərasimi aparıcı, filologiya üzrə fəlsəfə doktoru, alim Aslan Salmansoy açır və Qurban Bayramov haqqında fikirlərini söyləyir. Sonra "Səməd Vurğun" fondunun prezidenti Aybəniz xanımın layiqli davamçısı Aygün Vəkilova söz alır. Daha sonra filologiya üzrə fəlsəfə doktoru Firuzə xanım Məmmədli, doktor-professor Asif Rüstəmli, fəlsəfə doktoru Şöhlət Səlimbəyli, filologiya elmləri doktoru, dövlət mükafatı laureatı ədəbiyyatşünas-tənqidçi Nizaməddin Şəmsizadə, filologiya elmləri doktoru, professor Rəhim Əliyev, professor Qəzənfər Kazımov, görkəmli psixoloq, professor, əməkdar elm xadimi Əkbər Bayramov, Azərbaycan MEA-nın "Elm" nəşriyyatının direktoru Şirindil Ahşanlı, şairlərdən Mətləb Misir, Musa Yaqub, İlyas Tapdıq, Oqtay Rza, Əli Rza Xələfli, Yusif Nəğməkar, Şahməmməd, Nəriman Həsənzadə, Şöhlət Əfşar, Ənvər Əhməd, Yusif Həsənbəy, İslam Sadiq, ictimaiyyətin digər nümayəndələri, o cümlədən yazıçı-jurnalist Əli İldırımoğlu, Elçin Mehəliyev, publisist-yazıçı Şakir Əhmədli, yazıçı-publisist Fidan Şəmsizadə, publisist-yazıçı, əməkdar mədəniyyət xadimi Nahid Hacızadə, Qurbanın uşaqlıq dostu İsa Qaraşov, Qurbanın böyük dayısı Qulu Quliyev, həkim İnqilab Məmmədov, tərcüməçi Məsihağa Məhəmmədli, Məhəmməd Hadi irsinin banisi İslam Qəribli, görkəmli alim, böyük şəxsiyyət, bütün ömrünü ədəbiyyata həsr edən Quban Bayramov haqqında öz ürək sözlərini söylədilər, bir ədəbiyyatşünas-tənqidçi kimi ona yüksək qiymət verdilər. Qurban Bayramova ünvanlanmış Azərbaycan Respublikası Baş Nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyevin, Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyasının dillər kafedrasının müdiri, filologiya elmlər doktoru, professor Akif Bayramovun, səmimi insan, görkəmli alim Cəmil Əlibəyovun teleqram və məktubları oxundu. Qurban Bayramova mükafatlar təqdim olundu. Qurban Bayramov göstərdikləri diqqət üçün hamıya öz minnətdarlığını bildirdi. Fotolar çəkildi, musiqi parçaları səsləndirildi. Beləliklə, Qurban Bayramov öz ailəsinin əhatəsində 65 illik yubileyini dostları ilə birlikdə qeyd etdi. Bu məqamlarla daha yaxından tanış olmaq üçün şair-publisist Şahməmmədin "Qurban Bayramov – şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti…" kitabını oxumaq, orada əks oluna məqamlara qiymət vermək daha münasib olardı.

Müəllif adı çəkilən kitaba şeirlərini, doqquz şairin ona həsr etdiyi şeirini, Qurban müəllimin özünün yazmış olduğu yeddi şeirini əlavə etmişdir. Dostlarının ona həsr etdiyi şeirlərdə Qurban Bayramovun daxili aləmi açılır, bu şeirlərdə o, bir tərəfdən alim kimi, bir tərəfdən şəxsiyyət kimi qiymətləndirilir. Mənə elə gəlir ki, bu şeirlər onun aynasıdır. Bu şeirlərdə o, bir tənqidçi kimi yox, bir təhlilçi kimi öz əksini tapır.

Onun öz şeirlərinə gəldikdə isə, poetik fikir üçün çırpınan bir ürəyin şahidi olursan. Yəqin ki, o, şeir yazmağı bacarmasaydı, şeirləri, Azərbaycan poeziya incilərini təhlil etməyi, təhlilin zirvəsinə ucalmağı da bacarmazdı. O, şairlərin şeirlərini təhlil edərkən şairin öz şeirində görə bilmədiyi məqamları görür, ona yeni nəfəs verir və bunun üçün də bir tənqidçi kimi rahatlıq tapır. Ömür imkan versə, yəqin ki, onun şeirlər kitabını da görəcəyik.

Qurban Bayramov düşünməyi və düşündürməyi bacaran alimdir, hər bir şeirə obyektiv yanaşmağı bacaran alimdir. O, cəsarətlidir, şeirin kimə məxsus olduğundan asılı olmayaraq, fikirlərini şairin gözünün içinə deməyi bacarır. Tənqidçinin qələmə aldığı "Müasir poeziyanın imkanları və imkansızlığı…" əsərində geniş şəkildə belə məqamların şahidi oluruq.

Yuxarıda qeyd etdik ki, Qurban Bayramov düşünməyi və düşündürməyi bacarır. Şair-publisist Şahməmməd adı çəkilən kitabın üçüncü hissəsini "Düşüncələr… Düşüncələr… Düşüncələr…" adlandırır. Kitab, ümumiyyətlə, Qurban Bayramovun düşüncələrini ön plana çəkir. Qurban müəllim düşünməyi və düşündürməyi bacarmasaydı, yəqin ki, bu kitab da yazılmazdı. Şair-publisist Şahməmməd ədəbiyyatşünas-tənqidçi İslam Qəriblinin onun 65 illik yubileyində Qurban Bayramov haqqında dediyi sözləri yadımıza salır: "Qurban müəllimin əsərlərini çox oxumuşam, amma bir müddət bundan əvvəl "ədəbiyyat" qəzetində rəhmətlik xalq yazıçımız Bayram Bayramovun haqqında yazdığı "Karvan yolunun fatehi" məqaləsi kim nə deyir-desin, sənin şah əsərindir! Təkcə səninmi?! Müasir tənqidimizin şah əsəridir!"

Nəzərə alaraq ki, Qurban müəllim düşünməyi və düşündürməyi bacarır, şair-publisist Şahməmməd Bayram Bayramovun anadan olmasının 90 illiyi münasibətilə Qurban müəllimin yazdığı "Karvan yolunun fatehi" əsərini olduğu kimi kitabın "Düşüncələr… Düşüncələr… Düşüncələr…" hissəsində vermişdir. Oxumayanlar qoy oxusun. Onda görəcəklər ki, Qurban Bayramovun ədəbiyyatımızda gördüyü işlər çərçivəyə sığmayan bir abidədir.

Qurban müəllim, mən bu məqaləni çoxdan yazmışdım, çap etdirmək, ona geniş yol açmaq imkanım da vardı. Bunu etmədim, fikirləşdim ki, sizin 30 may ad gününüz ərəfəsində çap etdirərəm. Belə də edirəm…

Mənim yazdıqlarım bir jurnalistin düşündükləridir. Yəqin ki, bu kitab haqqında alimlərimiz öz sözünü deyəcək. Bu zaman Qurban Bayramov da, şair-publisist Şahməmməd də öz qiymətini alacaq.

"Mətbuat" firmasının direktoru:

Emin Axund

O.M.