VİDEO:Yunanıstan təmsilçisi ehtirasdan oxuyacaq

VİDEO:Yunanıstan təmsilçisi ehtirasdan oxuyacaq

22 May 2012 21:49
Bəyəndim (0) Bəyənmədim (0)
23 yaşlı Eleftheriya Eleftheriou finala çıxacağına tam əmindir

"Eurovision-2012" Mahnı Müsabiqəsinin Yunanıstandan olan təmsilçisi də builki favoritlər sırasındadır. Eleftheriya Eleftheriou 1989-cu il, mayın 12-də Kiprdə anadan olub. Səhnədə "Elle" adı ilə də tanınır. O, daha çox Yunanıstanın "The X Factor (İks Amili)" televiziya müsabiqəsindən məşhurlaşıb. 2006-cı ildə "Play That Melody To Me (Bu melodiyanı mənim üçün ifa et)" mahnısı ilə Kiprin, 2010-cu ildə "Tables İs Turning (Tablolar dəyişirlər)" mahnısı ilə Yunanıstanın Eurovision Milli Seçimlərində iştirak edib. Eleftheria Eleftheriou vokal və rəqs imkanları ilə yanaşı, pianoda gözəl ifa etməyi də bacarır. O, 12 mart 2012-ci ildə Yunanıstan milli seçim turunda qalib gələrək, ölkəsini 57-ci Eurovision Mahnı Müsabiqəsində "Aphrodisiac (Ehtiraslandırıcı)" mahnısı ilə təmsil etmək hüququnu qazanıb. Səhnəyə sayca üçüncü çıxacaq Yunanıstan təmsilçisi finala vəsiqə qazanacağına tam əmindir. Bunun üçün hətta mifik Yunan Tanrılarının üçünün heykəlciyini də özü ilə Bakıya gətirib. İfaçı etiraf edir ki, gözəllik və məhəbbət Tanrısı Afroditadan ilham alır. Builki mahnının adı da təsadüfən seçilməyib. Dmitriy Stassosun qələmə aldığı "Aphrodisiac (Ehtiraslandırıcı)" mahnısı məhz ifaçının gözəlliyindən, Eurovizion səhnəsini fəth etməsindən bəhs edir.

Maraqlıdır, artıq Avropa səhnəsini musiqi deyil, ehtiras fəth edir. Necə deyərlər, yubka qısaldıqca, səslər artır. Builki Yunanıstan təmsilçisində həm səs, həm musiqi seçimi, həm milli rəqs, həm də gözəllik qaydasındadır.

Şəlalə Nəriman

O.M.