VİDEO:Sən demə, Lorinin heç televizoru da yoxdur

VİDEO:Sən demə, Lorinin heç televizoru da yoxdur

22 May 2012 21:05
975
Bəyəndim (0) Bəyənmədim (0)
“EMM-2012” İsveç təmsilçisi: “ İnsanları tənhalığa çəkən, vicdanı və duyğuları ilə baş-başa qoyan musiqiləri oxuyuram”

Bir neçə dəqiqələrdən sonra "Eurovision-2012" Mahnı Müsabiqəsinin I yarımfinal mərhələsinə start veriləcək. "EMM-2012"-yə çoxsaylı marağı nəzərə alaraq, yarışmasının favoritləri haqda məlumat vermək qərarına gəldik. Daha doğrusu, çempionluğa real namizədlər haqda əldə etdiyimiz məlumatları sizlərə təqdim etmək istədik. İlk olaraq, çempionluğuna ən real namizədlərdən biri və bəlkə də birincisi olan İsveç təmsilçisi Lorini sizlərə təqdim edirik.

28 yaşlı Lorinin "Melodifestivalen" adlı İsveç turunda qələbəsi heç kəsdə təəccüb doğurmadı. Belə ki, o, rekord həddə tamaşaçı səsi - 4 milyon səsin 670 mindən çoxunu qazanmışdı. Təbii ki, tamaşaçılar Lorinin ifasında "Eyforiya (Həzz)" mahnısından eyforiyaya qapılaraq həzz almışdılar. Hətta ifaçı özü də bu mahnının onun incə hisslərinə toxunduğunu, möcüzələr yarada biləcəyini etiraf etmişdi.

Lorin Stokholmun yaxınlığında kiçik bir qəsəbədə dünyaya göz açıb. Mərakeş-Bərbər əsilli ailədə həyata gələn qızcığaz uşaqlıqdan bəri ciddi musiqilərə üstünlük verib. R&B musiqisini bəyənmədiyini deyən Lorin hər zaman "Soul (Ruhi)" musiqilərə diqqət yetirib. İfaçının dediyinə görə, onu elə mahnılar cəlb edir ki, dinləyicilərin hisslərinə toxunsun: "Mən ruhumu oyadan musiqiləri sevirəm və ifa edirəm. İnsanları tənhalığa çəkən, vicdanı və duyğuları ilə baş-başa qoyan, dinləyicini televiziyadan və informasiya axınından uzaqlaşdıran musiqiləri oxuyuram. Mənim televizorum yoxdur, ancaq noutbukum var ki, ondan musiqili proqramları izləyir, elektron poçtumu idarə edirəm. Özüm də hərdən təəccüblənirəm ki, müasir dünyanın gənci deyiləm. Mənimlə çalışan insanlar hiddətlərini gizlətmirlər ki, mənim heç facebook profilim belə yoxdur."

Olduqca həssas insan olan Lorin əsas məqsədinin insanları duyğu aləmində birləşdirmək olduğunu etiraf edib: "Maddiyyatdan və həyatın özündən də vacib olan hər kəsi duyğu aləmində birləşdirməkdir. Bu, kimin üçünsə xəyalpərəstlik kimi və ya bayağı səslənə bilər. Həqiqətən belədirmi? Buna görə öz yolunu dəyişdirməyə dəyərmi? Mən əminəm ki, bu sualların dəqiq cavabı yoxdur."

Loren 90-cı illərin "Fortopiano" filminə baxdıqdan sonra Maykl Naymanı təqlid edərək eyniadlı alətdə ifa etməyə başlayıb. Onun "EMM-2012" çərçivəsində ifa etdiyi "Eyforiya (Həzz)" mahnısı texniki cəhətdən olduqca mürəkkəb kompozisiyadır və geniş səs diapazonu tələb edir. Bu əsər Boster Piter və Tomas.G yaradıcı təxəyyülünün məhsuludur və ifaçının sayca 3-cü sinqalıdır. Xatırladaq ki, mahnı qısa zaman kəsiyində qonşu Norveç və Finlandiya tamaşaçılarının da rəğbətini qazanıb.

Xatırladaq ki, Lorin ilk musiqili albomunu bu ilin sentyabr ayında dinləyicilərə təqdim etməyə hazırlaşır.

Hadisələri qabaqlayaraq proqnoz vermək istərdim ki, "Eurovision-2012" Mahnı Müsabiqəsi çərçivəsində Lorin Yunanıstan və Rusiya təmsilçiləri ilə birlikdə ilk üçlüyə daxil olacaq. Hətta mən onu birinci sırada görmək istərdim. Çünki ecazkar ifası və düzgün seçimi ilə mənim ruh aləmimi fəth edə bildi. Siz də ifaya və daha sonra ruhunuzun səsinə qulaq asın və seçiminizi edin...

Könül Aypara

O.M.