Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

1 Dekabr 2020 12:05
648
Bəyəndim (2) Bəyənmədim (1)

Xəyyam Mehdi Cəfər

ŞUŞA, BİZİ BAĞIŞLA!

Bax, şəhidlər görünür,

Buranı taptamazlar.

Sinəm üstə sürünüm,

Quranı taptamazlar.

Mənim müqəddəs Şuşam,

Öpüm səni Qurantək.

Ruki edim eşqinə,

Günahlı tövbəkartək.

Və gəlmişəm, bu da mən,

Tanımadın, ay Şuşa?

Daha tövbələnmişəm,

Vətən, məni bağışla.

VƏTƏN

Uçuram vətənin səmalarında,

Ayağımın altından cənnət keçir.

Anam eşitməsin, qoy pis olmasın,

Könlümdən gözəl bir şəhadət keçir.

Bütün varlığımla qoy sənin olum,

Mənim səndən ayrı cismim qalmasın.

Bas məni bağrına, ay doğma Vətən,

Vətən, aramıza girən olmasın.

Qanım sevgimizin möhürü olsun,

Qəlbimə hopasan sən son nəfəsdə.

Bir dəstə lalətək dərsinlər məni,

Baş qoyum anamın sinəsi üstə.

ŞƏHİD ANASI

Ana, yetər ağladın,

Bir az da məni dinlə.

Şəhid verən anasan,

Qürur duy şəhidinlə.

Sən məni oğul doğdun,

Mən indi vətən oldum.

Ana, Vətən oldum mən,

Ay ana, mən sən oldum.

İgid azalar, amma,

Bu torpaq azalmasın.

Bir addım da Qarabağ,

Erməniyə qalmasın!

Öp Vətən torpağını,

Bas bağrına, qucaqla.

Oğul de, sev boyumu,

Fəxarətindən ağla.

Məni belə xatırla:

“Vətənimə tən oğlum.

Oğlum, ana Vətənim,

Ay mənim Vətən oğlum”.

Günay Ümid

ZÜLMƏTİN ŞƏHİD AYDINLIĞI

Yollar qaldı binaların altında,

Biz gecənin qaraşındayıq, Allah.

Soyunmuşduq ayaq izlərimizi,

Biz bu yolun harasındaydıq, Allah?!

Qırdı o körpənin süd şüşəsini,

Göydən yerə enən nəhəng gəmilər.

Kəsdi ovunmayan körpə səsini,

Uşaq barmağına oxşar mərmilər.

Dağıntılar altındakı körpənin,

Yuxusunda şimşək çaxdı eləcə.

Qorxusunu ölüm alıb apardı,

Ağrısını Vətən qucdu beləcə...

Haray səsi, haqq səsinə qarışdı,

Dedilər ki, “bu il yaman nəs ildi”.

Bağçasında evcik-evcik oynayan,

Ayaqların nəfəs səsi kəsildi...

Meyvə dərən o cavanın qoynuna,

Torpaq-torpaq basdırdılar gülləri.

Ağacların kalı düşdü dibinə,

Can topladı qəlpələrin əlləri.

Şəhid-şəhid aydınlandı qaranlıq,

Qəhrəmanı bu savaşda bol oldu.

Neçə şəhid vətənın sinəsində,

Ayağını hara qoydu, yol oldu.

Bu yerlərdə uşaqlığı qalmışdı,

Əsgər qaçıb o uşağa sarıldı.

Bir bayrağa bələdi o sevinci,

İçindəki işğal səsi qırıldı...

Qəlbindəki o nisgili, kədəri,

Min sevinclə bağışladı bir aha.

Öz evinin köhnə pəncərəsindən,

Ekranlardan əl salladı sabaha...

MƏRMİ YUXUSU

Körpə gülümsədi, gecənin

yuxusu dağılmış gözlərinə,

Taqət gəldi ananın

Beşik olan dizlərinə.

Layla səsi töküldü,

Qara yaşmağınin altından

bayaq ağı deyən sözlərinə.

Vətən boyda sarıldı,

Körpə süd şüşəsinə.

Sonra bir şəhid diksindi

Ana laylasına.

Sinəsində bitən çiçəklərin,

Ətrini göndərdi balasına...

Tarix yazdı

uçan mərmilərin qanadı,

Yuxuya getdi şəhid övladı...

MƏNİ

Şeytan qondu pəncərəmə,

Dünyam uçdu zəlzələmə.

Bu xaraba mənzərəmə,

Baxan seyr bildi məni.

Yerim qalmadı köçümdə,

Qisas olmadı öcümdə.

Sevdim dərdimi içimdə,

Kədər xeyir bildi məni.

Şaxtanın közündən düşdüm,

Bir lalın sözündən düşdüm,

Qələmin gözündən düşdüm,

Vərəq şeir bildi məni.