Eldar Qasımov Nigar Camalı “nənə” deyə çağırır

Eldar Qasımov Nigar Camalı “nənə” deyə çağırır

18 May 2012 11:14
1 637
Bəyəndim (0) Bəyənmədim (0)
Nigar Camal özündən 9 yaş kiçik olan həmkarını uşaq gözündə gördüyünü etiraf edir

Eldar Qasımov Nigar Camalı "nənə" deyə çağırır. Bəli, yanılmadınız. Həqiqətən də həmkarından 9 yaş kiçik olan Eldar Qasımov 1989-cu ilin 04 iyun günü Bakı şəhərində anadan olub. Onun həmkarı Nigar Camal isə 1980-ci il Bakı doğumludur. N.Camal uşaq yaşlarında musiqiyə maraq göstərsə də, ailə qurduqdan sonra özünü evdar xanımlığa həsr edib. 2005-ci ildən Londonda yaşayan Nigar 2 qız anasıdır.

Eldar isə ondan fərqli olaraq, sənətkar nəslində dünyaya göz açıb. Yaşının az olmasına baxmayaraq, sənət aləmində müəyyən qədər göstəriciləri var.

"Eurovision-2011"-nin qalibləri haqda Euronews televiziya kanalının çəkdiyi xüsusi reportajda bu barədə ətraflı bəhs olunur. Bakının tanıtımı xarakteri daşıyan verilişdə ötənilki qaliblərə xüsusi yer verilib. Qalib ifaçılardan alınan müsahibələrdə bəzi maraqlı məqamlara aydınlıq gətirilib. Məlum olub ki, "EMM"-nin sonuncu qalibləri arasında olduqca səmimi və qayğıkeş münasibət hökm sürür. Hətta Eldar Qasımov Nigar Camalı "nənə" deyə çağırır. Həmkarı da sözün əsl mənasında Eldarı uşaq gözündə görərək, ona qayğı göstərir. N.Camal "nənə" kəlməsindən sıxıldığını desə də, Eldardan incimədiyini etiraf edib.

Daha sonra Euronews televiziya kanalı sonuncu qaliblərin tərcümeyi-hallarını araşdırıb. Çoxmilyonlu Avropa tamaşaçılarına məlumat verilib ki, Eldar Qasımov sənətkar ailəsində həyata gəlib. Belə ki, onun ata tərəfdən ulu nənəsi, milliyyətcə tatar olan SSRİ xalq artisti Mərziyə Davudovadır. Ulu babası əməkdar artist Abbas-Mirzə Şərifzadə ilk Azərbaycan kinorejissorlarından və aktyorlarından biri olub. Nənəsi, aktrisa Firəngiz Şərifova isə Azərbaycanın xalq artisti fəxri adını daşıyıb.

Nigar Camal isə ondan fərqli olaraq, yetkin həyatını ailəsinə və uşaqlarına sərf edib. Onun peşəkar səhnədə ilk və ən böyük uğuru "Eurovision" qalibiyyəti olub.

Azərbaycanı Avropanın zirvəsinə qaldıran, Avropanı Azərbaycanın paytaxtına gətirən "nənə ilə nəvəyə" eşq olsun!

Könül Aypara

O.M.