"EMM-2012”-nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Azərbaycana gələn qonaqları salamlayır

"EMM-2012”-nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Azərbaycana gələn qonaqları salamlayır

13 May 2012 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa mediası Azərbaycanın paytaxtı Bakıya toplaşır. Müsabiqəni işıqlandıracaq jurnalistlərə təqdim olunan rəsmi proqram kitabçasında Eurovision Mahnı Müsabiqəsi 2012-nin Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın salamlaması yer alıb. Eurovision-az-ın məlumatına görə, salamlamada deyilir:

Əziz dostlar,

Sizi, müxtəlif ölkələrin, xalqların və mədəniyyətlərin musiqi bayramı olan Eurovision Mahnı Müsabiqəsi 2012-nin iştirakçıları və qonaqlarını ürəkdən salamlayıram.

Eurovision Mahnı Müsabiqəsi musiqi mədəniyyəti tarixində ənənəyə çevrilmiş böyük bayram olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır.

Bu dəfə bu mötəbər müsabiqə dünya musiqisevərlərinin diqqətini müsəlman Şərqində ilk opera və ilk baletin, YUNESKO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmiş muğamın, ürəkləri riqqətə gətirən "Qarabağ şikəstəsi" kimi möcüzəli musiqinin beşiyi olan Azərbaycana yönəldir.

Xalqımız dünya mədəniyyəti incilərinin özündə Şərq və Qərb motivlərini, müasir ritm və qədim nəğmələri ahəngdar şəkildə birləşdirən milli musiqi əsərləri ilə daim zənginləşdirmiş, dünya musiqi mədəniyyətinin inkişafına öz töhfəsini vermişdir.

Ölkəmizdə tarixən tolerantlıq ənənələri, mədəniyyət və sivilizasiyaların dialoqu mövcud olmuşdur. Burada müxtəlif xalqların və dinlərin nümayəndələri əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşamış və yaşamağa davam edirlər. Eurovision Mahnı Müsabiqəsi keçirilən günlərdə də ifaçıları, qonaqları və tamaşaçıları, milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirəcək.

Əziz dostlar,

Eurovision Mahnı Müsabiqəsinə hazırlıq bizdən böyük və gərgin əmək tələb etdi. Lakin bu gərginlik sizinlə xoş görüş ümidi ilə əvəzlənmişdir. Əminəm ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan və xalqlar arasında olan birliyi daha da gücləndirən bu musiqi bayramının, gözəl Bakımızın və qonaqpərvər xalqımızın xoş xatirəsi qəlbinizdə daim yaşayacaqdır.

O.M.