Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayət təşkilatının sədri Masallıda dəfn olundu

Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayət təşkilatının sədri Masallıda dəfn olundu

11 May 2012 14:37
601
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 9-da Ukraynanın Donetsk vilayətinin Makeyevka şəhərində qətlə yetirilən Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayət təşkilatının sədri İqbal Mahmudov bu gün Masallı rayonunun Bala Təklə kənd qəbiristanlığında dəfn olunub. APA-nın məlumatına görə, dəfn mərasimində Ukrayna Azərbaycanlıları Konqresinin fəalları, Masallı rayonunun icra strukturlarının nümayəndələri, mərhumun ailə üzvləri, qohumları, kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, İqbal Böyükkişi oğlu Mahmudov 1978-ci ildə Lənkəran rayonunun Port-İliç qəsəbəsində (indiki Liman şəhərində) anadan olub. Uşaq ikən ailəsi Masallının Bala Təklə kəndinə köçüb. Burada orta təhsil alan İ.Mahmudov 1995-ci ildə Ukraynaya gedib. Donetsk Milli Universitetinin iqtisadiyyat fakültəsini bitirdikdən sonra təhsilini Taras Şevçenko adına Kiyev Milli Universitetinin beynəlxalq hüquq və biznes fakültəsində davam etdirib və bu ali təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib. 2005-ci ildən Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayəti təşkilatına sədrlik edib. "Azud" MMC-nin təsisçisi və prezidenti olan İqbal Mahmudov kikboksinq üzrə idman ustası kimi dəfələrlə Ukraynada keçirilən yarışlarda qalib gəlib. Həm də xeyriyyəçi kimi soydaşımız bir sıra nüfuzlu tədbirlərə sponsorluq edib, kimsəsizlərə, tənha və ahıl şəxslərə maddi yardım göstərib. Qətlə yetirildiyi gün də bir xeyriyyəçi kimi Böyük Vətən müharibəsinin iştirakçıları ilə görüşüb, onlara maddi köməklik etmək niyyətində imiş. İqbal Mahmudov Makeyevka şəhərində ona məxsus "Kaspiy" adlı kafe-mağazanın yanında avtomobilindən düşərkən iki nəfərin hücumuna məruz qalıb. 5 güllə yarası alan həmyerlimiz 1 saylı Makeyevka şəhər xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Cinayətkarlar hadisə yerindən qaçıblar. Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qətl törədilməsi) maddəsi ilə cinayət işi qaldırılıb, cinayətkarların şəxsiyyətinin müəyyənləşdirilməsi və onların yaxalanması üçün operativ əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

O.M.