Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

25 Sentyabr 2020 11:10
Bəyəndim (5) Bəyənmədim (0)

Mövlan Sahid İslamov

SƏNSİZLİYİN ADI

Sənsiz günlərimi ötürdükcə mən,

Sənli günlərimin, sorağındayam.

Ömrümü anbaan bitirdikcə mən,

Gəl gör ki, kimlərin ayağındayam.

Xatirən silinmir baxışlarımdan,

Zaman həyatıma qənim kəsilib.

Bir zaman gül açan alqışlarımdan,

İndi ürəyimin səsi asılıb.

Ruhumla danışmaq nəsibim olub,

Dönmüşəm eşqimin dilənçisinə.

Bilmirəm harada kəsirim olub,

Həsrətəm eşqimin, bəxt elçisinə.

Axan gözlərimin qəmli yaşları,

Könlümə çox dərin, gəzlərin salıb.

Sənsiz günlərimin əlhəd daşları,

Dəydikcə başıma, ağlımı alıb.

Gileyim yoxdur ki, öz dövranımdan,

Bəxtimdən küsmüşəm, öz taleyimdən.

Əyər sevinc ötsə mənim yanımdan,

Demək, bəxtim qalıb o Mövlanımda.

SEVMƏKLƏ ÖLƏN OLMAZ

Sən çiçək ətirli, bülbül səsisən,

Ətrinə, səsinə çatan olmaz ki.

Bu sevən könlümün can nəfəsisən,

Səni mənim qədər sevən olmaz ki.

Görənlər baş əyər, önündə sənin.

Dilucu adına tərif deyərlər.

Gözəlliyin yatır könlündə sənin,

Onu mənim qədər bilən olmaz ki.

Aldanma gördüyün hər xoş kimsəyə,

Könlünün sahibi aşiqin olsun.

Qoymaram, qaş-gözün bir kimsə əyə,

Könlünün mənasın görən olmaz ki.

Nə olsun, sən məndən uzaqlardasan,

Rəsmin könlümdəki cənnətimdədir.

Sözümsən dilimdə, dodaqlardasan,

Adını mənimtək deyən olmaz ki.

Sözümün bəndisən, hərfimin rəngi,

Aşiqəm, mənası dərin olanda.

Fəzalardan alıb eşqim çələngi,

Unutsam, gözlərim gülən olmaz ki.

Rəsmini çəkirəm sözlərə, bax, gör,

Adınla yaşayır bil, şeiriyyatım.

Sev məni, sevginlə sən yandır, yax gör,

Mövlanı, sevməklə ölən olmaz ki.

XATIRLARAM SƏNİ

Gözlərim qamaşır ağlamaq üçün,

Xatırlayıb, yada salanda səni.

Kirpiklərim yaşın saxlamaq üçün,

Gözlərimi döyür, dananda səni.

Daha bənövşələr açmır yazımda,

Xədicələr qalıb köhnə nazında.

Səni xatırlayıb şeir yazanda,

Qələmim də yazmır, yazanda səni.

Baxışlarım zillənərdi yollara,

Könlümü salardım dəli donlara.

Görənlər deyərdi, baxın onlara,

Gözləyərdim tində, dalanda, səni.

İndi kül içində gizlənən közəm,

Bu dərdi bilmirəm mən necə çözəm.

Sevginlə oynaşan ruhsuz cüt gözəm,

Aynamda görürəm, dolanda səni.

İndi yaş da deyim, o yaş deyil ki,

Çıxım yollarına, olum veyl ki?

Könlüm için-için yanıb deyir ki,

Xatırlayım, tənha qalanda, səni!

Şölə İbrahimqızı

ƏZİZİM

Xəyallar gözəldir, amma əzizim,

Canın can içində yatışı deyil.

Dodaqlar dodağa toxunan zaman,

Titrəyən qəlblərin atışı deyil.

Gözəldir xəyallar, qurulan anda,

Gözlər gözə baxıb, vurulan anda.

Könüllərdə iki eşqin çeşməsi,

Qaynayıb, qarışıb durulan anda.

Sevənlər qovuşub murada çatsa,

Can-cana yovuşsa, ruh-ruha batsa.

Həyat daha şirin olar, əzizim,

Aşiqlər verdiyi sözləri tutsa.

ELƏ İNANIRAM

Elə inanıram məhəbbətinə,

Nağıla inanan uşaqlar kimi.

Arzular sinəmdə tumurcuqlanıb,

Yazda çiçəklənən budaqlar kimi.

İndi səmalarda uçan quşam mən,

Kövrək ürəyinə vurulmuşam mən.

İstərəm şəninə şeir qoşam mən,

Həzin nəğmə deyən bulaqlar kimi.

Sinəsi qubarlı, başı qarlısan,

Düz əhdli, ilqarlı, etibarlısan.

Həm əzəmətlisən, həm vüqarlısan,

Zirvəsi dumanlı o dağlar kimi.

DƏLİTƏK SEVDİYİM DƏLİ

Gecələr aynanı bağlı saxlama,

İstərəm yuxuna gəlim gecələr.

Röyalarda öpüm dodaqlarından,

Dəysin əllərinə əlim gecələr.

Heç kimsə duymasın bu gəlişimi,

Bir küləklər bilsin, bir də mən bilim.

Sən şirin yuxuda olarkən belə,

Bəyaz saçlarında dolaşsın əlim.

Gecələr yuxuna gəlim ruh kimi,

Gəlim nəfəsinə toxunum, gedim.

Gözəl şeir kimi dolum qəlbinə,

Gizli bəstələnim, oxunum gedim.

Gecələr aynanı bağlı saxlama,

İstərəm gecələr yuxuna gəlim.

Barı, röyalarda qonağın olum,

Ay mənim dəlitək sevdiyim dəlim.