Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

24 Sentyabr 11:12
2 406
Bəyəndim (5) Bəyənmədim (0)

İlqar Əqlikəm

SUS

Heca kimi tellərini bölmə sən,

Günahım ol, günahına batım, sus.

Otağımda dağınıqdır hər tərəf,

İcazə ver, ürəyinə yatım, sus!

Ağıl gedib, bir az fikir gətirə...

Qorxuram ki, tapdığın da itirə.

Gərək elə arı xalis bal verə?

Gül ləbinə varlığımı satım, sus.

Gün görmədim, Günəş gördüm, o da sən,

Razılaşın, ya o çıxsın, ya da sən.

Nöqtə bəxtdir, vergül vaxtdır, nida sən...

Bəxt gözləyər, ömrə nida atım, sus.

YOXDU HA

Yer şəkil çəkdirib nazlanmasın heç,

Kürədi, yumrudur, düzüm yoxdu ha.

Baxmağa iki göz bəsdir, görürsə,

Dünyanı görməyə gözüm yoxdu ha.

Torpaq yaralanır, çiçək doğulur,

Çiçəyi sevirəm, saralır, solur.

Dərzi fələk bilir astarım olur,

Üz verə bilmirəm, üzüm yoxdur ha.

Dənizdə duz çoxdur, duzsuz çox adam,

Çölümdə hüquq var, arzumda edam.

Deyəsən Vətənə ögey övladam,

Ana kimi baxmır, sözüm yoxdur ha.

ANLAMAZ

Sən mənim ruhuma toxunma, qadın!

Ruhum bədəndədir, səni anlamaz.

Mənim dediklərim mənə də çatmır,

Məndə bir mən var ki, məni anlamaz.

Xəyalın göyərçin, dilim ovçudur,

Bəlkə sən bilərsən, məhəbbət budur?

Gözlərimdən gələn bir ovuc sudur,

Buludu, dumanı, çəni anlamaz.

Danışma, sus artıq, laldır duyğular,

Ömrümdən nələri aldı duyğular?

İlişib varaqda qaldı duyğular,

Onu hər oxuyan yəni, anlamaz.

Dilarə Hacıyeva

QƏDRİN BİLMƏZ

Gedəni qaytarmayın,

Qalanın qədrini bilməz.

Unudanlar yarın yada,

Salanın qədrini bilməz.

Həsrət salar məni oda,

Gəncliyi verdimmi bada?

Naşükür yolunda fəda,

Olanın qədrini bilməz.

Dilarə ruhən divanə,

Xəyalən çatar hər yana.

Naxələfçün qıyma cana,

Ölənin qədrini bilməz.

MƏNİ SƏNSİZLİYƏ ÖYRƏTMƏ

Gözləyirəm, gözlərimin nuru yox,

Gəlmirsən, uzaqdan seyr etmə belə.

Vüsalla həsrətin birgə yeri yox,

Məni sənsizliyə öyrətmə belə!

İllər yorub, sükut özlər ruhumu,

Nə coşqun sellər təmizlər ruhumu .

Üşüyürəm, kəsib buzlar ruhumu ,

Məni sənsizliyə öyrətmə belə!

Bu etdiyin nazdır bəlkə, bilmirəm?

Tənhalıqdan daha hürkə bilmirəm.

Öyrəşmişəm, həsrət çəkə bilmirəm,

Məni sənsizliyə öyrətmə belə!

Nə baxa bilirəm daha yollara,

Nə çıxa bilirəm daha yollara.

Batıb qorxa-qorxa o xəyallara,

Məni sənsizliyə öyrətmə belə!

Dilarə Süleyman itmiş bir ada,

Ağlını itirmiş dəli dünyada.

Ya biryolluq unut məni get, ya da,

Məni sənsizliyə öyrətmə belə!

MƏNİM KİMİ

Gözlərimə elə bulud gəlib ki,

Göylər kövrəlibdi, lap mənim kimi.

Dünya ağıllıyla dolub, daşıbdı,

Axtar, bircə dəli tap, mənim kimi.

Sənə gizli baxsın, üzə vurmasın,

Yaşı qəlbə axsın, gözə vurmasın.

Sirrini misraya, sözə vurmasın,

Bəs necə gətirsin tab, mənim kimi?

Ruhum yaşamayıb deyə qocalmır,

Yazmasa, neyləsə göyə ucalmır.

Fələk də vecinə niyə heç almır?

Dolubdu səbrimdə qab, mənim kimi.

Elə bir an varmı düşəm yadına?

Yetməzmi həsrətin bişəm oduna?

Gəl elə dünyanın bu inadına,

Bir anlıq dünyadan qop, mənim kimi.