Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

23 Sentyabr 2020 11:10
Bəyəndim (10) Bəyənmədim (0)

EltunTürkel

AĞIR QAPILAR

Dünən yüngül olan taxta qapılar,
Bu gün dəmir olub, ağırlaşıbdı.
Açmağa açar yox, sındırmağa güc,
Vallah, taqətim də fağırlaşıbdı.

Üzünə açılmır, sehrlənibdi,
Bu ağır qapılar fağır adamın.
Ya gərək sehrli açarın ola,
Ya da açmaq üçün, ağır adamın.

Axır ki, qapılar öyrətdi mənə,
Taleyin hökmündən qaçılmaz olur.
Adını böyüdüb, bəzək vuranda,
Yüngül qapılar da açılmaz olur.

BAZAR GƏZİRƏM


Dünya, ağrılarım çaşdırıb məni,
Qurumuş ağacda nübar gəzirəm.
Kədər ürəyimdə yurd salan gündən,
Sevincə yad olub, kənar gəzirəm.

Səbrimin qılıncı kəsib özünü,
Taleyim bir küncə qısıb özünü.
Göz yaşım kirpikdən asıb özünü,
Dəfninə üzümdə məzar gəzirəm.

Əsir ümidimin qıfıl qolunda,
Günəş arzularım sönük halında,
Əlac axtarmaqdan zaman yolunda,
Mən azar gəzirəm, bezar gəzirəm.

Dünyanı donduran qış ürəklərə,
Üzdə şir, daxildə quş ürəklərə.
Şeytanın hördüyü daş ürəklərə
Mərhəmət satılan bazar gəzirəm.

MƏHƏBBƏTİN YAŞI OLMUR

Qəfil gəlir qəlb evinə,
Gəldiyini kimsə bilmir.
Sevgini insan yaradır,
İnsan ölür, sevgi ölmür,
Məhəbbətin yaşı olmur.

Sevgi yoxsa bir ürəkdə,
Demək ömrü verib yelə.
Sevən ürək yetmişində,
Səksənində gəncdir hələ,
Məhəbbətin yaşı olmur.

Həyat qızıl üzük olsa,
Sevgi onun qaşı olur.
Qoca dünya deyiriksə,
Dünyanın da yaşı olur,
Məhəbbətin yaşı olmur.



Aysel Nəsirzadə

SƏN DƏ GECİKDİN


Yenə elə bu gecə,
İçimə ağlamışam.
Hıçqırtım öz içimdə,
Göz yaşıma boğulub.

Səsləşib sükutumla,
Gecənin kor sükutu.
Zülmətin qucağına,
Yeni bir “mən” doğulub.

Fikirlər tikan kimi,
Dəlir, deşir ruhumu.
Çəkilmək bilmir bir an,
Gözümün yorğunluğu.

Səhər azan səsilə,
Gözümə gələn yuxu.
Bu nə vaxtın gəlişi?
Sən də gecikdin mənə,
Yuxudan durdu çoxu.

MƏN GEDİM, SƏN DƏ İZLƏ

Ömrün biçin vaxtıdır,
Sən də biçinə qoşul.
Ürəyimdən çıxış var,
Bütün yolların yaşıl.

Nə desən də xeyri yox,
Heç nə məni ovutmur.
Gendən gələn zərbələr,
Daha qəlbi ağrıtmır.

Kin tutmuş ürəyini,
Vicdanını təmizlə.
Getmək necə olurmuş,
Men gedim, sən də izlə.


YAŞAYIRAM

Bir addım yol getməmiş,
Beş addım geri qalıram.
Həyat mənə zülm eləyir,
Ömürdən qisas alıram.

Deyirəm ki, yaşayıram...
Saçımın hənası təzə,
Üzümün boyası təzə.
Saxta bir təbəssüm ilə,
Hər şeyi də gizləyirəm,
Kədəri vurmuram üzə.

Ürəyimdən qocalıram,
Deyirəm ki, yaşayıram.
Alnımdakı boz yazıdan,
Taleyimə yol çəkilib.
Solub sevgi gülüstanı,
Yerinə həsrət əkilib.
Kədərlə nikah kəsirəm,
Sevincimi boşayıram,
Deyirəm ki, yaşayıram…