Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

21 Sentyabr 2020 12:51
Bəyəndim (6) Bəyənmədim (0)


Elnur Uğur Abdiyev

MƏN EŞQSİZƏ YADAM

Hər ağacda koğuşları sevirəm,
Ən azından bir ümiddir yaşama.
Enişi yox, yoxuşları sevirəm,
Zirvələri dadızdırır adama.

Qaya kimi əyilməyən sərt baxış,
Sınmaz heç vaxt yaşasa da aldanış.
Yer üzündə sevgi varsa, hər qarış,
Naxış vurur könül adlı odama.

Dinlə qəlbdən gələn həzin ney səsin,
Sev həyatı, hicran ömrü geyməsin.
Elə sev ki, ayrılıqlar göynəsin,
Mən eşqsizə adam-adam yadam a!

DAHA XƏYALIN DA...

Daha xəyalın da düşmür yadıma,
Gözünün rəngini,eh, unutmuşam.
Qibləmtək bildiyim, qadın,adına,
Nə vaxtdır qəlbimdə oruc tutmuşam.

Hər gün iftarımda yoxluğun süfrəm,
Üç damcı ayrılıq, üç qurtum suyum.
Sevginlə həkk olan bu ömür şifrəm,
Yad əllə açılmır, hara baş qoyum?

Daha xəyalını yorğan əvəzi,
Gecələr üstümə çəkə bilmirəm.
Bu həyat, bu mənəm, bu daş, tərəzi,
Ömrü sənsiz heç cür çəkə bilmirəm.

HƏLƏ Kİ

Hər səhər özümü inkar edirəm,
Hər ötən gecəmə ağam, hələ ki.
Şükür, ömür adlı susuz səhrada,
Kölgəli bir yaşıl tağam, hələ ki.

Mənimdə yazılı eşq adlı ayəm,
Olumdan- ölümə sevgimdir dayəm.
Sevənin yoluna nur saçan Ayam,
Hicran sinəsinə dağam, hələ ki.

Eşqdir məni mənə divanə edən,
Mən onda sakinəm o məndə Vətən
Mənə sağ ol deyib biryolluq gedən,
Qayıt gör nə təhər sağam hələ ki.

TƏNHA QADIN

Səni sənin kimi, Tanrın da duymaz,
Keçər gecələrin zar, tənha qadın.
Gecənin ilməsin söküb atmağa,
Olmaz duyğuların yar, tənha qadın.

Gənc ikən o iti almaz güvənin,
Düşər kəsərindən qalmaz güvəni.
Daha heç kimsəyə olmaz güvənin,
Həyat qurar sənə dar, tənha qadın.

Gün verməz təkliyin küləyi sənə,
Nə ələr zamanın ələyi sənə?
Bir vaxt bir nanəcib kələyi sənə,
Edib gələcəyi dar, tənha qadın!

Yaramaz işinə nə səy, nə rəyim,
Onda düşünürəm yoxdur gərəyim.
Səni düşündükcə donar ürəyim,
Əlləri buz kimi qar tənha qadın.

Hər gecə başlayar özündən səfər,
Yorar düşüncəni bu get- gəlmələr.
Səndən danışırdı bu gün bir nəfər,
Kaş bu gün olaydım kar, tənha qadın!

Püstə Rəvan

QARABAĞ

Azalmadı sevinc verən qəlbimə,
Sənsən mənim vətənimin kədəri.
Ürəklərdə yaşar sevgin həmişə,
Ancaq yoxdur bu nisgilin qədəri.

Mənim ana torpağımsan Qarabağ,
Dözməz ürək hicranına, tab etməz.
Düşmənlərdən azad etmək eşqimi,
Həkk olub qəlbimə, heç zaman itməz.

Şaxələnib ümidimiz gör necə,
Azad edər torpaqları ordumuz.
Azad olar Qarabağım yağıdan,
Al qumaşa bürünəcək yurdumuz.

SƏNİ GÖRƏNDƏ

Həsrətin köçübdü yenə qəlbimə,
Olsan da uzaqda, yaxınsan mənə.
Alışıb ürəyim yanar oduna,
Nə edim bilmirəm, nə edim yenə.

Sənin yollarına boylanır gözüm,
Yaşadan ümiddir məni həmişə.
Sübhün işığına açılır gözüm,
Mən ki, tələsirəm, sənlə görüşə.

İstəklər qəlbimdə verib baş-başa,
Odu var ürəkdə, atəşim sönmür.
Ülvi məhəbbətin kövrək yolunda,
Boylanıb bu eşqdən, ürək də dönmür.

XƏYALI SEVGİM

Gözümün önündə o gül camalın,
Durub qəmli-qəmli baxır üzümə.
Tərk etmir bir anlıq məni xəyalın,
Gözlərin dikibdi mənim gözümə.

Bax belə xəyalla yaşayırıq biz,
Xəyalla görüşüb,ayrılırıq biz.
Görünür bir vurur ürəklərimiz,
Xəyal olduğunu unuduruq biz.

Xəyallar aləmi, yaxşı ki, varsan,
Çatırıq səninlə hərdən vüsala.
Bəzən uzaqlara belə aparsan,
Bəzən də olursan alınmaz qala.

Xəyal,İlahininhədiyyəsidi,
Onu bizim üçün təsəlli verib.
Xəyal, sevənlərin gizli səsidir,
Nə vaxtsa yerlərə səmadan gəlib.