Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

17 Sentyabr 2020 14:05
Bəyəndim (4) Bəyənmədim (0)

Tahirə Həbibi

Gətir mənə

Qəlbim buz bağlayıb hicran odunda,

Eşqin ocağından köz gətir mənə.

Məni ovundurmaz tutinin dili,

Şəkər dəhanından söz gətir mənə.

Bir sevgi doğulsun ömrün qışında,

Gözlə məni, yenə bulaq başında.

Nolar, oğrun-oğrun hər baxışında,

Sevgi izhar edən göz gətir mənə.

Vəfası olmazmış üzü göyçəyin,

Açmadan qoxusu olmaz çiçəyin.

Axtar, tap ətirli gülün ləçəyin,

Çəmənin qoynundan üz, gətir mənə.

Bayağı sevgilər nəyimə lazım,

Aldanıb çənində yolumu azım?

Həqiqi aşiqim qoy çəksin nazım,

Əhdi-ilqarını düz gətir mənə.

Daha Həbibinin qalmayıb tabı,

Göz yaşı tufanım, yuyub məhtabı.

Gəl, ay eşqimizin tək afitabı,

Zəmzəmdən məlhəmi süz, gətir mənə.

Qayğı

Doğulduğu gündən ta ölənədək,

İnsanın qayğıya ehtiyacı var.

Yatmayır analar bəzən sübhədək,

Qəlbində min həsrət, min bir acı var.

Qayğı istəyirəm mən də azacıq,

Könlüm o qayğının tamarzısıdır.

Həyat məni əzib ağlım kəsəndən,

Bu da Yaradanın bir yazısıdır.

Kiməsə bu həyat şəkərdi, baldı,

Kimini vədəsiz dərd-sərə saldı.

Kimini andırır, kimi qandırır,

Kimini alovsuz yaxıb-yandırır.

Bir qəlbə qayğıdan işıq düşməsə,

O qəlbin məhəbbət odu sönəcək.

Günəş də torpağa nəfəs verməsə,

Torpaq da küsəcək, üzü dönəcək.

Günəş gah çıxacaq, gah da batacaq,

Qayğı günəşimiz təki batmasın.

Torpaq oyanacaq, torpaq yatacaq,

Təki heç kimsənin bəxti yatmasın.

Özümü zirvədə, qayada bilim

İlahi, sən mənə bol səbir ver ki,

Sızlayan qəlbimi ovuda bilim.

Könlümə nurundan elə şölə saç,

Gözümün yaşını quruda bilim.

Ağladan da sənsən, güldürən də sən,

Yaşadan da sənsən, öldürən də sən.

Bütövü paraya böldürən də sən,

Mən səni dərk edib, tanıda bilim.

Günahsız gəlmişdim fani dünyaya,

Qarışdım fitnəyə, min cür qovğaya.

Uydum cəfəngiyat nağıl, röyaya,

Kaş sənə üzüağ qayıda bilim.

İlahi, mən səndən səbir diləyim,

Qoy gücdən düşməsin polad biləyim.

Çəksin ağuşuna cənnət mələyim,

Yatmış taleyimi oyada bilim.

Həyat imtahana çəkər insanı,

Kimə çətin düşər, kimə asanı.

Namusu, qeyrəti, yaxşı ad-sanı,

Ölüncə abırda, həyada bilim.

Həbibi yığmadı nə var, nə dövlət,

Nə də axtarmadı quruca şöhrət.

Deyirəm sözümdə olsun ki, qüdrət,

Özümü zirvədə, qayada bilim.

İlkin Abbasguliyev

Mən indi bildim ki...

Qalmayıb ürəyin taqəti, tabı,
Suya həsrət gültək günbəgün solur.
Mən indi bildim ki, həsrət əzabı,
İnsana həyatda ağır dərd olur.

Mən indi bildim ki, bu gedişinlə,
Ürəyim mənimlə barışmayacaq.
Arxanca boylanan yaşlı gözlərim,
Sən gedən yollardan yığışmayacaq.

Mən indi bildim ki, hər gün boylanıb,
Baxacam həsrətin pəncərəsindən.
Gözlərim ayrıla bilməyəcəkdir,
Sənli günlərimin xatirəsindən.

Mən indi bildim ki, ayrılsaq da biz,
Ürəyim yenə də sənlə olacaq.
Könlüm nə birini sevəcək artıq,
Nə də bir kimsədən mədət umacaq.

Mən indi bildim ki, məndən uzaqsan,
Qara saçlarında dən deyilmişəm.
Sənin ürəyinin əsl sahibi,
Başqa bir inşanmış, mən deyilmişəm...

Yoruldum, ana

Dünyaya gələndə məğrur, şux idim,
Saraldım, dağıldım, qırıldım, ana.
Ömrün xoş çağından heç kam almamış,
Kədər qucağına sarıldım, ana.

Qəm-qüssə ağartdı siyah telləri,
Durmadı gözümdən axan sellərim.
Bağçamdan dərməmiş əlvan gülləri,
Məni külək vurdu, sovruldum, ana.

Ömür etdim nahaqqı, həm haqqı dandım,
Dünyada hər şeyi tər-təmiz sandım.
Bir ömür içimdə dağlandım, yandım,
Elə öz odumda qovruldum, ana.

Hey baxdım qəlbimdə olan dağlara,
Sevinc getdi məndən çox uzaqlara.
Ömrüm səpələndi ağ varaqlara,
Sonda varaq-varaq cırıldım, ana.

Gözüm yolda qaldı, doldum, ağladım,
Sağ ikən özümə mən yas saxladım.
Kimə ümid etdim, peyman bağladım,
Daim ürəyimdən vuruldum, ana.

Mən bir tənha bülbül, dünya qəfəsim,
Mənə qalan tək şey - quru nəfəsim.
İlkinəm, qalmadı həyat həvəsim,
Yoruldum, yoruldum, yoruldum, ana...

Sənə necə deyim?

Sənə necə deyim sevirəm səni?!
Necə gözlərinə sevgiylə baxım?!
Daha sənlə heç nə bağlamır məni,
Sən bir özgəsinin gülüsən axı.

Bir vaxtlar keçməzdi sənsiz saniyəm,
Bəs indi başımı nə ilə qatım?
Mümkünsüz bir eşqə ümid bağlayıb,
Özümü ömürlük odamı atım?!

Bir zaman dalımda dağ idin mənim,
Bəs niyə arxamdan vurursan indi?!
Bizim xəyalımız olan “körpənin”,
Kimlə xəyalını qurursan indi?

Sənə necə deyim sevirəm səni?
Şərəf, namusuma dönükmü çıxım?!
Dünyanın ən alçaq bir işi olan,
Özgənin malına şərikmi çıxım?!

Unut, elə bilki, sevmədim səni,
Nə olub, gözünün yaşından çıxart.
Sən özgə bağbanın bağçası, barı,
Mənə dönmək fikrin başından çıxart.

...Qismətim olmadın, nə etmək olar,
Səni özgə biri apardı, getdi.
Bütün olanları düşün nağıltək,
Düşən üç almaylaqutardı, getdi...